Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-169/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh2 onun atasıdır. 2003-cü ildə anası X1 vəfat etdikdən sonra 2004-cü ldə atası digər Cavabdeh1 ilə ailə qurmuşdur. Lakin Cavabdeh1 onun böyüdüyü evdə yaşamasını istəmir. Belə ki, sonuncu dəfə işləmək üçün Bakı şəhərinə getmiş, xx xxxx 2020-ci ildə evə qayıdan zaman cavabdehlər onu evə buraxmamışlar və ona başqa yerdən ev kirayə tutmağı məsləhət görmüşlər. Hal-hazırda işsizdir, heç bir maddi imkanı yoxdur. Hazırda çox çətin günlər keçirir və harada yaşayacağını bilmir. Ona görə də iddianın təmin olunmasını, Mingəçevir şəhəri Yadigar Mənsurov küçəsi 15 №-li evin 38 №-li mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun oğludur. İddiaçı Zamanov X2 şəhəri Yadigar Mənsurov küçəsi 15 №-li evin 38 №-li mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçmək istəyir. Mənzil əvvəl dövlət fondu mənzili olmuş, sonra onun adına özəlləşdirilmişdir. Ancaq hesab edir ki, hazırda həmin mənzildə iddiaçı olan oğlu ilə birlikdə yaşamaq mümkün deyil. Belə ki, iddiaçı evə vaxtında gəlmir, qazancını “top.az” oyunlarında xərcləyir, öz hərəkətləri ilə evdə yaşayan azyaşlı uşaqların tərbiyəsinə mənfi təsir göstərə bilər. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat verərək bildirdi ki, İddiaçı onun ögey oğludur. Uşaq vaxtlarından iddiaçıya o, baxmışdır. Ancaq indi iddiaçı ilə bir mənzildə yaşamaq istəmir, ona görə də iddianın rədd edilmnəsini xahiş edir. İşdə olan 01667 №-li Qeydiyyat vəsiqəsinin notariusda təstiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri Y.Mənsurov küçəsi 15 №li evin, 38 №li mənzili 22 fevral 2005-cı ildə mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri Y.Mansurov küçəsi 15 №-li evin, 38 №-li mənzilində İddiaçı, Cavabdeh2, Cavabdeh1 və X3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı mübahisəli mənzildən istifadə üzrə hüquq münasibəti uşaqlıqdan yaranmışdır. Bu halda iddia tələbi xx xxxx 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilirdi ki, yaşayış evinin mülkiyyətçinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərməmişsə, evdə yaşayış sahəsində onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi(paylı,birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenunumun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsinin birinci hissəsindən göründüyü kimi özəlləşdirilmiş mənzilin mülkiyyətçisi həmin mənzilin mülkiyyətçisi olmayan ailə üzvlərinin razılığını almadan mənzillə bağlı heç bir əqd bağlaya və onun vəsiyyət edə bilməz. Bu məhdudiyyətin məqsədi mülkiyyətçi olmayan və özəlləşdirmə zamanı müvafiq mənzildə faktiki yaşayan mülkiyyətçinin ailə üzvlərinin həmin mənzildə yaşamaq hüququnun müdafiəsinə yönəlmişdir. Məhkəmə işin hallarını, xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri əsasında təhlil edib hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Mingəçevir şəhəri Y.Mansurov küçəsi 15 saylı evin, 38 saylı mənzilə istifadə hüququ tanınmalı və sözügedən mənzilə köçürlməlidir. Çünki, mübahisəli mənzildə iddiaçıın hüquqları uşaq vaxtından yaranmış və onun başqa bir yaşayış yeri olması iş materialları ilə müəyyən olunmamışdır. Bundan əlavə İddiaçı ailə üzvü kimi evin sahibi ilə bir yerdə mübahisəli mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. İddiaçı Zamanov X2 şəhəri Y.Mansurov küçəsi 15 saylı evin, 38 saylı mənzilindən istifadə hüququ tanınsın və həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova.
Məhkəmə qərarları › İş №2(051)-169/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-169/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver