Məhkəmə qərarları › İş №2(051)-1708/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1708/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1708/2020 26.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı və Cavabdeh Məmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Məmməd oğluna qarşı azyaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li yaşayış evinə köçürülmələri tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Məmməd oğlunun fərdi yaşayış evində yaşayan qardaşı oğlu X4 ilə rəsmi nikah bağladıqdan sonra 2010-cu ilin oktyabr ayında cavabdeh onu özünə məxsus fərdi yaşayış evinə köçürüb həmin evə də rəsmi qeydiyyata götürmüşdür. Həmin evdə yaşadığı müddətdə Vahid Kərimovla birgə nikahından iki uşaqları olmuşdur Cavabdeh onu iki azyaşlı uşaqla evdən qanunsuz çıxarıb küçəyə atmışdır. Ona aid bütün cehiz əşyaları həmin yaşayış evində qalmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, onun azyaşlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Məmməd oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun qardaşı oğlu Vahid Kərimovla ailə quraraq onların yaşadıqları və onun mülkiyyətində olan Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li yaşayış evinə köçmüş, onlarla birlikdə yaşamışdır. Sonra münasibətləri pisləşmiş, iddiaçı ilə onun qardaşı oğlu Vahid Kərimov arasındakı nikah pozulmuşdur. İddiaçı həmin evdən gedərək valideynlərinin yanında yaşayır. Hesab edir ki, artıq iddiaçının onlarla bir evdə yaşaması mümkün deyil və iddiaçının onun mülkiyyətində olan evə heç bir hüququ yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, X4 ilə İddiaçı Əlisafa qızının birgə nikahlarından xx xxxxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-2683/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsindən görünür ki, X4 ilə İddiaçı arasında olan xx xxxxxxx 2010-cu il tarixli nikahın ləğv edilməsi, Yusif və Zeynəb adlı uşaqların anası İddiaçı yanında qalmaları, X1 xx xxxxxxxx 2011-ci il təvəllüdlü Yusif və xx xxxxxx 2015-ci il təvəllüdlü Zeynəb adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100(bir yüz) manat, cəmi 200 (iki yüz) manat aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li yaşayış evi xx xxx 1992-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh Məmməd oğlunun adına qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqi zaman müəyyən edildi ki, İddiaçı cavabdehin qardaşı oğluX4 ilə ailə qurduqdan sonra cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li yaşayış evinə köçmüşdür. Elvinazla Vahidin birgə nikahlarından xx xxxxxxxx 2011-ci il təvəllüdlü Yusif və xx xxxxxx 2015-ci il təvəllüdlü Zeynəb adlı iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdehin qardaşı oğluX4 arasında bağlanmış nikah Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin vaxtdan da iddiaçı azyaşlı uşaqları da götürüb evdən çıxmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqularının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideyinlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq maddələri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyətcisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasnı tələb etmək hüququ varsa və mülkiyyətci ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətcisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılması tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətcisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 13-cü və 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətcisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materialları ilə müəyyən edildi ki, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh Məmməd oğlu İddiaçı keçmiş ərinin əmisidir. İddiaçının özünü saxlamaq vəzifəsini cavabdehdən tələb etmək hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li evə hər hansı bir hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı xx xxxxxxxx 2011-ci il təvəllüdlü Yusif və xx xxxxxx 2015-ci il təvəllüdlü Zeynəb adlı uşaqlarla birlikdə cavabdehin mülkiyyətində olan Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li evə köçürülməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı uşaqları xx xxxxxxxx 2011-ci il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh Məmməd oğlunun mülkiyyətində olan Mingəçevir şəhəri 1-ci Günəş döngəsi 1 №-li evə köçürülməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar