Məhkəmə qərarları › İş №2(051)-1718/2023

Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-1718/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1718/2023 17.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən mənzildə aparılmış qanunsuz tikintinin sökülməsi və dəymiş ziyan kimi 765 manat pulun tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 saylı evin 25 saylı mənzilində tikinti norma və qaydalarına uyğun olmayan qanunsuz apardığı tikililərin sökülməsi, onun təqsirindən onun mənzilinə su axması nəticəsində vurulmuş 315 manat dəyərində zərərin, hüquqi yardım üçün hüquqşünas-sahibkarın hesabına ödədiyi 250 manat, ziyanın hesablanması üçün rəy verməkdən ötrü "xxxx" MMC-yə ödədiyi 100 manat, həmçinin dövlət rüsumu olaraq ödədiyi 100 manat, cəmi 765 manat pulun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri Əliağa Vahid küçəsindəki 4 saylı evin birinci mərtəbəsində yerləşən 22 saylı mənzil ona məxsusdur və uzun müddətdir ki, həmin mənzildə yaşayır. Binanın 2-ci mərtəbəsində, yəni onun mənzilinin üst hissəsində yerləşən 25 saylı mənzil isə Cavabdeh məxsusdur. 3 ildən artıqdır ki, cavabdeh özünə məxsus mənzildə təmir aparmışdır. Bundan sonra onun mənzilinin hamam otağına və yardımçı giriş hissəsinə yuxarıdan su axıtmağa başlamışdır. Suyun axınının səbəbini öyrəndikdə ona məlum olmuşdur ki, 25 saylı mənzilin sahibi hamam otağında olan vannanı götürərək əvəzində onun yerində kafeldən çimmək üçün hörgü aparmış, mətbəxin də yerini dəyişərək mənzilin giriş hissəsində yeni mətbəx yaratmışdır. Beləliklə cavabdeh icra hakimiyyətindən və ya digər əlaqədar orqanlardan heç bir icazə almadan mənzil qanunvericliyinə və tikinti norma və qaydalarına zidd olan hərəkətlər etmişdir. Bunun nəticəsində də onun mənzilindən su axmaqla onun mənzilinə 315 manat dəyərində zərər vurmuşdur. Mənzilin sahibini axtarıb tapsa da, onun mənzilində kirayədə yaşayan şəxslərə dəfələrlə suyun axının qarşısını almaq barədə xəbərdarlıq etmişdir, lakin heç bir tədbir görülməyib. 315 manat zərərin məbləğini də tələb etməyinə baxmayaraq, ödəməmişlər. Buna görə də o məhkəməyə müraciət etmək üçün məcbur qalıb hüquqşünas sahibkarın hesabına 250 manat, ziyanın hesablanması üçün rəy verməkdən "xxxx" MMC-yə 100 manat, həmçinin məhkəməyə iddia ərizəsi vermək üçün dövlət rüsumu olaraq 100 manat pul ödəmişdir. Beləliklə, cəmi 765 manat ziyan dəymişdir. Ona görə də məhkəmədən Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 saylı evin 25 saylı mənzilində tikinti norma və qaydalarına uyğun olmayan qanunsuz apardığı tikililərin sökülməsi, onun təqsirindən onun mənzilinə su axması nəticəsində vurulmuş 315 manat dəyərində zərərin, hüquqi yardım üçün hüquqşünas-sahibkarın hesabına ödədiyi 250 manat, ziyanın hesablanması üçün rəy verməkdən ötrü "xxxx" MMC-yə ödədiyi 100 manat, həmçinin dövlət rüsumu olaraq ödədiyi 100 manat, cəmi 765 manat pulun alınıb ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəmə ərizə təqdim edərək, iddia tələbində göstərilən 100 manat dövlət rüsumunun yanlışlıqla qeyd edildiyini və əslində 30 manat olduğunu bildirmişdir. İşə əlavə olunmuş fotoşəkillərdən görünür ki, həmin mənzilə yuxarı mənzildən su axıntısı vardır. İşə əlavə olunmuş 14 saylı MİS tərəfindən tərtib edilmiş Aktdan görünür ki, Ə.Vahid küçəsi 4 saylı binanın 22 ünvanına baxış keçirilmişdir və məlum olmuşdur ki, həmin binanın 25 saylı mənzilindən 22 saylı mənzilinə dəfələrlə su axıntısı aşkar olunmuşdur. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 90 nömrəli, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, mənzilə dəymiş ziyanla bağlı xərclənəcək pul, material və usta haqqı: cəmi ümumi məbləğ 315 manat hesablanmışdır. İşə əlavə olunmuş 30 dekabr 2022-ci il tarixli, 10/6263 saylı ekspert rəyindən görünür ki, Mingəçevir şəhəri, Ə,Vahid küçəsində yerləşən 4 Salı evin 22 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 311,0 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəf cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri qanunsuz tikilinin sökülməsi və ziyan tələbi ilə bağlı yaranan mülki mübahisədir. Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı qanunsuz tikililərin sökülməsi tələbində haqlıdır. Belə ki, Mənzil Məcəlləsinin 23 və 24-cü maddələrinin mənalarından da görünür ki, cavabdeh Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparmalı idi. Lakin buna baxmayaraq cavabdeh buna riayət riayət etməmişdir. İddiaçının ziyan tələbi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələb həmin hissədə də əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilinə ziyan dəydiyini fotoşəkillər və akt ilə tam sübuta yetirmişdir. Bundan başqa məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi ilə də ona dəymiş ziyanın məbləğini müəyyənləşdirmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh təqsirindən İddiaçı mənzilinə su axması nəticəsində vurulmuş 315 manat dəyərində zərər, hüquqi yardım üçün hüquqşünas-sahibkarın hesabına ödədiyi 250 manat, ziyanın hesablanması üçün rəy verməkdən ötrü "xxxx" MMC-yə ödədiyi 100 manat, həmçinin dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 695 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh təqsirindən İddiaçı mənzilinə su axması nəticəsində vurulmuş 315 manat dəyərində zərər, hüquqi yardım üçün hüquqşünas-sahibkarın hesabına ödədiyi 250 manat, ziyanın hesablanması üçün rəy verməkdən ötrü "xxxx" MMC-yə ödədiyi 100 manat, həmçinin dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 695 manat pul Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar