Məhkəmə qərarları › İş №2(051)-1722/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1722/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1722/2020 17.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir şəhəri H.Əliyev prospekti 72-A № li evin 32 № li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Rəna X2 ilə 1986-cı ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Mingəçevir şəhəri H.Əliyev prospekti 72-A №-li evin 32 №-li mənzili iddiaçının mərhum əri X6 adına olmuşdur. İddiaçı ailə qurduğu vaxtdan da hazırkı vaxtadək üç övladı ilə birlikdə Mingəçevir şəhəri H.Əliyev prospekti 72-A №-li evin 32 №-li mənzilində yaşayırlar. Mənzilə dair Mingəçevir şəhər X8 İcraiyyə Komitəsi Mənzil Uçotu və Bölgüsü Şöbəsi tərəfindən xx xxx 1985-ci ildə 2315 №-li order verilmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-653/2020 saylı qətnaməsinə əsasən iddiaçının əri X10 ölmüş elan edilmiş və bu barədə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə AZ-İİ 082918 noməli ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı sözügedən mənzili hazırda adına rəsmiləşdirmək istəyir. Lakin ailə üzvü olmuş iddiaçının qayınları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu 35 ildən artıqdır ki, Rusiya Federasiyasına getmişlər və orada yaşayırlar. Həmin vaxtdan mənzilə gəlib-getmirlər. Mənzil dövlət fondu mənzilidir. Cavabdehlərin razılığı olmadan iddiaçı mənzili öz adına sənədləşdirə bilmir. Ona görə də iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri H.Əliyev prospekti 72-A №-li evin 32 №-li mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçinin əri İlhamı 1985-ci ildən tanıyırdı, həmin vaxtdan da qonşu olmuşlar. İlham 1986-cı ldə ərizəçi Rəa Hacıyeva ilə ailə urmuş, ərizəçi də İlhamın yaşadığı H.Əliyev prospekti 72”A” №-li evin 32 №-li mənzilinə köçmüşdür. İlham 25 ildən çoxdur ki, Rusiyaya getmş, lakin hal-hazıradək ondan heç bir məlumat yoxdur. Eşitdiyinə görə məhkəmə qaydasında o, ölmüş elan olunmuşdur. Mənzildə ərizəçi İddiaçı uşaqları ilə birlikdə yaşayır. İlhamın qardaşları Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşadıqlarını və yaxud mənzilə gəlib-getdiklərini görməmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi İddiaçı ilə 1987-ci ildən qonşudur. Ərzəçi H.Əliyev prospekti 72 ”A” №-li evin 32 №-li mənzilində yaşayır, onun qayınları Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə yaşadıqlarını, mənzilə gəlibgetdiklərini görməmişdir. Məhkəmə iddiaçının nümayənəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 2315 №-li xx xxx 1985-ci il tarixli orderdən görünür ki, Mingəçevir şəhər X8 İcraiyyə Komitəsinin 117 №-li xx xxxxx 1985-ci il tarixli qərarı ilə Mingəçevir şəhəri Lenin küçəsi 72-A №-li evin 32 №-li mənzili X6 adına qeyd edilməklə mənzil onun, qardaşları Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmişdir. İşdə olan 4 №-li MİS-dən verilmiş 336 №-li xx xxxxxx 2020-ci il tarixli 2 №-li forma arayışdan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti (keçmiş Lenin küçəsi) 72-A №-li evin 32 №-li mənzili X6 adına qeyd edilmişdir, mənzildə onun həyat yoldaşı İddiaçı Yavər qızı, qızları Səadət, Sədaqət, Fəridə və nəvələri Elcan, Əli, Yusif, Nihat yaşayış hüququ olmaqla qeydiyyatdadrlar. İşdə olan 4 №-li MİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 03 №-li xx xxxxxxxx 2020-ci il tatixli aktda göstərilir ki, 2315 №-li orderdə adları qeyd olunmuş Cavabdeh1 və Rzayev X4 şəhəri H.Əliyev prospekti 72-A №-li evin 32 №-li mənzilində yaşamırlar. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-653/2020 №-li xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, xx xxxxx 1996-cı ildən itkin düşmüş X6 ölmüş elan edilməsi faktının müəyyən olunması qət edilmişdir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxx 1996-cı ildə vəfat etmişdir. Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72-A №-li evin 32 №-li mənzili dövlət fondu mənzilidir. Mənzil Mingəçevir şəhər X8 İcraiyyə Komitəsinin 117 №-li xx xxxxx 1985-ci il tarixli qərarı ilə xx xxx 1985-ci il tarixli 2315 №-li orderlə X6 adına qeyd edilməklə onun, qardaşları Cavabdeh1 və Cavabdeh2 istifadəsinə verilmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə uyğun olaraq şəxsin, müəyyən etdiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərinin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsi olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar olduqda icarədar və ya onun ailə üzvü altı ay və daha çox müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdehlərin adı mənzilin istifadəyə verilməsi barədə orderdə göstərilsə də onlar uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri H.Əliyev prospekti 72-A №-li evin 32 №-li mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri H.Əliyev prospekti 72-A №-li evin 32 №-li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar