Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1736/2021 15.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülməsi və mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməklə istifadə hüququnun tanınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh1 onun atası, Cavabdeh2 anası və Cavabdeh3 isə bacısıdır. Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı evin, 32 saylı mənzili 24.09.1995-ci il tarixdən atasının mülkiyyətindədir. O, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulub. Doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Həmin vaxt mənzil nənəsi T.Xumara məxsus olmuşdur. Həmin evdə bir neçə il yaşadıqdan sonra onlar başqa evə köçmüşdür. Sonuncu evdə 1995-ci il tarixə qədər yaşamışlar. 1995-ci ildə atası mübahisəli mənzili almış və onlar ailəliklə həmin evə köçmüşdürlər. 2001-ci ilə qədər həmin mənzildə yaşadıqdan sonra ailəliklə xaricə köçmüşlər. 2015-ci ilə qədər xaricdə yaşayıblar. 2016-cı ildə Azərbaycan Respublikasına gəlmişdir. Burada evlənmiş və toyu olmuşdur. O, evləndiyi vaxt arvadı Sərfinaz İsmayılovanın cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Bundan sonra bir müddət həmin mənzildə yaşamış və yenə də Rusiya Federasiyasına qayıtmışdır. 2014-cü ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. 2017-ci ildə tətilə gəlmiş və 1 ay qaldıqdan sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. 2018-ci ildə qayınanasının evinə gəlmişdir. Hazırda arvadı Sərfinaz İsmayılova ilə anası arasında qızılla bağlı mübahisə düşdüyündən, cavabdehlər İradə İsamyılova və Cavabdeh3 onun mübahisəli mənzilə köçüb yaşamasına mane olurlar. Hesab edir ki, onun Mingəçevir şəhəri, Vidadi küçəsi 6 saylı evin, 32 saylı mənzilə köçürülməklə istifadə hüququ tanınmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və göstərdi ki, iddiaçı onun doğma oğludur. O, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayırdı. Evi 1995-ci il tarixdə almışdır. 3-4 ay sonra ailəsini xaricə aparmışdır. O, evi alanda da Rusiyada yaşayırdı. 2000-ci ildə sənədlərini düzəltmək məqsədi ilə Azərbaycana gəlmiş və sənədlərini düzəldərək 2001-ci ildə ailəliklə Portuqaliyaya getmişdir. Arvadı Cavabdeh2 1 il 6 ay sonra qayıtmış və həmin evdə yaşamışdır. Aralarında narazılıq olduğu üçün iddiaçı başqa şəhərə köçmüşdür. İddiaçı 2011-ci ildə Rusiyaya qayıtmışdır. O, Mingəçevirdə yaşamış və işləmişdir. İddiaçı 2016-ci ildə toy etmək məqsədi ilə Azərbaycana gəlmiş və toyu olmuşdur. İddiaçı hərbi xidmətə çağırılmamaq üçün Azərbaycan Respublikasını vətəndaşlığından imtina edərək, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Bundan sonra İddiaçı Azərbaycana gəlmiş və toyundan iki həftə sonra yenidən Rusiyaya qayıtmışdır. Sonra Zaur ailəsi ilə birlikdə Rusiyada yaşamağa başlamışdır. Bir müddət sonra iddiaçı Anqolaya getmiş və arvadı, qayınanası və qaynı Rusiyada onun yanında qalmışdır. Zaur uşağının 1 yaşında ailəsi ilə birlikdə Anqolaya getmişdir. Qaynı iş tapmadığı üçün Mingəçevirə qayıtmışdır. Qaynı nişanlanıb toy edəndə, iddiaçı 2019-cu ilin dekabr ayında ailəsi ilə birlikdə birbaşa qayınanasının evinə getmişdir. Bundan sonra xəbər gəlmişdir ki, iddiaçı Dubayda yolda qalıb və ona pul göndərmişdir. İddiaçının hazırda mübahisəli mənzildə heç bir əşyası qalmamışdır. 26.01.2020-ci il tarixdə iddiaçı arvadının bütün cehiz əşyalarını aparmışdır. Hesab edir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və Cavabdeh1 izahatına uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və Cavabdeh1 izahatına uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası Cavabdeh1 və anası Cavabdeh2 olmaqla xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 13.04.2021-ci mil tarixli **********45 saylı məktubdan görünür ki, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzili X2 adından Mingəçevir şəhəri dövlət notariat kontorunun 24.09.1995-ci il tarixli 3M-7-214 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Hal-hazırda M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzili DTİ və MHQİ tərəfindən 25.09.1995-ci il tarixli 5610/94A qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir ŞPŞ tərəfindən 19.10.2021-ci il tarixdə verilmiş, yaşayış yeri üzrə qeydiyyat haqqında 155-33 nömrəli arayışdan görünür ki, İddiaçı 13.11. 2001-ci il tarixdən 13.11.2015-ci il tarixədək Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzilində qeydiyyatda olmuşdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, İddiaçı xx.xx.1984-cü il tarixdə atası Cavabdeh1 və anası Cavabdeh2 olmaqla, onların birgə nikahlarından doğulmuşdur. Mübahisəli mənzil 24.09.1995-ci il tarixdə Cavabdeh1 adına özgəninkiləşdirilmiş və iddiaçı elə həmin tarixdən sözügedən mənzildə yaşamışdır. İddiaçı 2011-ci ildə Rusiya Federasiyasına getmiş və oranın vətəndaşlığını qəbul etmişdir. İddiaçı 2020-ci ilə qədər Rusiyadan gəldiyi vaxtlarda həmin mübahisəli mənzilə yaşamışdır. Eləcə də, iddiaçı 2016-ci ildə toyu olan vaxt arvadını mübahisəli mənzilə gəlin köçürmüşdür. Lakin iddiaçının arvadı ilə anası və bacısı arasına qızılla bağlı mübahisə olduğundan, onun həmin mənzildən istifadə etməyinə mane yaranmışdırr. Mübahisəli mənzil Cavabdeh1 qanuni sahibliyindədir. “Akimova Azərbaycana qarşı” iş üzrə 27.09.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X7 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X1 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də bu məsələyə yuxarıda göstərilən qaydada X7 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar 15.01.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar 15.04.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar 09.06.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, onun mübahisəli mənzil üzərində sahiblik və istifadı hüququ yaranmışdır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə iddiaçı Cavabdeh1 doğma oğlu və ailə üzvü kimi 1984-ci ildən bir ailədə yaşayıb birgə təsərrüfatı idarə etdiyindən, habelə mübahisəli mənzil hazırda Cavabdeh1 qanuni sahibliyində olduğundan, onlar arasında mülki hüquq münasibəti iddiaçı doğulduğu andan, yəni 1984-ci ildən yaranmışdır. Ona görə də mübahisəli hüquq münasibətinə 1982-ci il redaksiyalı Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında, yaşayış evindən istifadə edilməsi ilə əlaqədar 2000-ci ilin sentyabr ayının 1-dək yaranmış münasibətlərə keçmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mülki Məcələsinin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123–cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisnin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd–şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53–cü maddəsinin 3–cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin İ hissəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin maddənin İİİ hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin müəyən olunmuş hallarına qiymət verərək hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən İddiaçı cavabdehlərin ailə üzvü olduğuna və birgə təsərrüfatı idarə etdiyinə görə mübahisəli mənzilin tərkib hissəsindən cavabdehlərlə birlikdə istifadə etmək hüququ əmələ gəlmişdir. Belə ki, mübahisəli mənzil hazırda Cavabdeh1 qanuni sahibliyində və istifadəsindədir, iddiaçı isə onun ailə üzvüdür. Belə olan halda iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi 6 nömrəli binanın 32 saylı mənzilinə köçürülməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehlərin izahatlarında iddiaçının mübahisəli mənzildə uzun müddət yaşamamasını və birgə təsərrüfatı idarə etməməsini və başqa ölkənin vətəndaşlığını qəbul etməsini, sonradan mübahisəli mənzildən könüllü olaraq arvadının cehiz əşyalarını çıxarmasını göstərmələri, iddiaçının istifadə hüququnu itirməsi üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçı daimi yaşadığı mənzildən könüllü olaraq, hansısa bir niyyətini həyata keçirmək üçün deyil, yalnız mübahisə və narazılığın psixoloji təsiri altında çıxmışdır. İşin mübahisə edilməyən hallarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı 2016-cı ildə el adəti ilə Sərvinaz İsmayılova adlı qadınla rəsmi nikah bağlayaraq evlənmiş, valideynlərinin iştirakı ilə toyu olmuş və aravadına məxsus cehiz əşyalarını da mübahisəli mənzilə aparmışdır. Ondan sonra iddiaçı ailəsi ilə birlikdə bir neçə dəfə tətil vaxtı mübahisəli mənzilə gəlmiş və orada qalmışdır. Lakin sonradan cavabdehlərlə arvadı arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə görə iddiaçı arvadına məxsus cehiz əşyalarını mənzildən çıxarmaq məcburiyyətində qalmış, çünki cavabdehlər iddiaçının evləndiyi qadınla yola getməmişdir. İddiaçı isə cavabdehlərin tərəfini tutmadığı üçün mübahisəli mənzildən cavabdehlər tərəfindən çıxarılmışdır. Məhkəmə hesab edir ki, əgər, cavabdehlərlə iddiaçının münasibətləri normal şərtlər daxilində olsaydı, iddiaçı daimi yaşadığı mənzildən çıxıb başqa yaşayış sahəsində yaşamaq məcburiyyətində qalmazdı. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildə uzun müddət yaşamamasına və yaxud mübahisə zəminində mənzildən çıxmasına dair cavabdehlərin istinad etdiyi dəlillər, iddiaçının mübahisəli mənzildən könüllü çıxması, həmçinin onun yaşayış sahəsindən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1–ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi “X3rşı” 24.11.1986–cı il tarixli Qərarında qeyd etmişdir ki, “İnsan Hüquqları və X5” Konvensiyanın 8–ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və həmin əlaqələr onların öz mənzili hesab etmək üçün yetərli idi. Ona görə də məhkəmə iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun tanınması tələbini əsaslı hesab edir. Belə ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərin ailə üzvü olduğundan, onlarla birlikdə yaşayıb birgə təsərrüfatı idarə etdiyindən, Cavabdeh1 mübahisəli mənzili əldə etdiyi vaxtdan, iddiaçının da həmin məzilin tərkib hissəsindən istifadə hüququ yaranmışdır. Ona görə də məhkəmə yuxarıda təsvir olunan işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ olduğundan, onun həmin mənzilə köçmək və cavabdehlərlə birlikdə istifadə etmək hüququ da vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququnun tanınması və evə köçürülmə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 qanuni sahibliyində olan, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, bina 6, mənzil 32 ünvanında yerləşən mənzilin tərkib hissəsindən istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1736/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1736/2021
15.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver