Məhkəmə qərarları › İş №2(051)-1747/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1747/2022

16.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1747/2022 16.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır MKİS-nin mühəndisi, etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2020-ci il tarixli “6/34” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2020-ci il tarixli “6/34” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 20 dekabr 2015-ci il tarixli “6/34” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzyiləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Mingəçevir şənərində məcburi köçkünlər üçün inşa edilmiş 594 mənzilli yaşayış kompleksində bina 6-da yerləşən 34 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Daha sonra Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 34 nömrəli mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2020-ci il tarixli “6/34” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olanlara yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulur. Cavabdeh1 məhkəmə iclası zamanı izahatında iddianı qəbul etmədi və bildirdi ki, həmin mənzildə yaşayır, sadəcə iş günlərinin əksə hissəsi onlar işdə olurlar. Özü məktəb dirktorudur. Yoldaşıda müəllim işləyir. Ev iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi sahibsiz və istifadəsiz deyil. Müntəzəm olaraq həmin mənzilə gedir və yaşayırlar. Üzrlü səbəbdən qeyd olunan vaxt evdə olmamışlar. Odur ki qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçınının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tam, obyektiv və hər tərəfli araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli 6/34 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri 6 nömrəli evdə yerləşən 6 №-li bina, 34 №-li mənzili Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2022-ci iltarixli, 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli və 13 iyun 2022-ci il tarixli aktlarda göstərilir ki, 594 mənzilli qəsəbədə bina 6 mənzil 34 nömrəli ünvana baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə uzun müddətdir ki yaşayış yoxdur. İşdə olan “Gasrep” tərəfindən verilmiş Cavabdeh1 məxsus smart sayğaclı abonentin sərfiyyat göstəricisindən görünür ki, Cavabdeh1 2021-ci ilin iyul ayına qədər borcu 41 manat təşkil etmişdir. İşə əlavə olunmuş 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və 13 iyun 2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, X2 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri 594 mənzilli qəsəbəsindəki 6 nömrəli binanın 34 nömrəli mənzili kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı öz iddiasını cavabdehlərin istifadələrinə verilmiş mənzildə yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir neçə dəfə evdə olmamaları, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlar ilə əsaslandırmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, sözü gedəın mənzilə baxış keçirilən zaman cavabdehin evdə olduğu aşkarlanmış, həmçinin evdə olan soyuducuya baxış keçirilmiş, soyuducunun içərisində kifayət qədər ərzaq qidalarının olduğuda aşkar edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cavadehlər Cavabdeh1 məktəb direktoru işləyir, o cümlədən həyat yoldaşıda müəlim kimi fəaliyyət göstərir. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər ictimai fəaliyyətlə məşul olur, demək olarki vaxtlarının çox hissəsi çalışdıqları məktəbdə keçir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar cavabdehlərin evdə olmaması üçün üzrlü səbəb hesab olunmalıdır. Belə olduğu halda şəxsin üzrlü səbəbdən sözügedən mənzildə yaşamadığı müddət şəxsin həmin mənzildən istifadə hüququna xitam verilməsi və 20 dekabr 2015-cü il tarixli 6/34 nömrəli kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması üçün əsas hesab oluna bilməz. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində qeyd edilən kimi göstərilən cavabdehlərin həmin mənzildə yaşamamasını sübutetmə yükü iddiaçının, lakin həmin etiraf etdikləri halda uzun müddət yaşadıqlarını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə müəyyən olunmuş bu hallara əsaslanaraq, cavabdehin izahatında göstərdiklərini, həmçinin yerində baxış keçirildikdən sonra gəldiyi qənaətə əsasən iddiaçı tərəfin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 22 iyun 2004-cü il tarixli 264 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri bunlardır: kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 22 iyun 2004-cü il tarixli 264 nömrəli şəhadətnaməsinin 6-cı bəndinə əsasən MK ailəsi ayrılmış yaşayış yerinə 1 aydan artıq müddətdə köçmədikdə və yaşayış yerini 6 aydan çox üzrlü səbəb olmadan tərk etdikdə həmin yaşayış yerinə yaşamaq hüququnu itirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh və onun ailə üzvləri, qeyd edilən xüsusi təyinatlı mənzildə qısa müddətdə yaşamamalarının səbəbi onların ictimai fəal işlə məşğul olmaları, həmçinin mənzilə baxış keçirilən zaman iddiaçının qeyd etdiyi kimi həmin mənzildə uzun müddət yaşayış olmadığı kimi iddiaları hər hansı mötəbər sübutla öz əksini tapmamışdır. Bu hal isə Cavabdeh1 izahatı və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehin üzrlü səbəbdən müvəqqəti olaraq həmin evdə yaşaya bilməməsi, buna baxmayaraq sözügedən mənzili sahibsiz və istifadəsiz qoymaması müqavilənin ləğvi və cavabdehlərin həmin mənzildən çıxarılması hallarını istisna edir. Belə olan halda müəyyən olunur ki, həmin mənzildən çıxarılması üçün hər-hansı əsas yaranmamışdır. Bundan başqa, cavabdehlərin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2020-ci il tarixli “6/34” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiasi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar