Məhkəmə qərarları › İş №2(051)-1748/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1748/2022

19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1748/2022 19.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, İmanlı Banu Pənah qızının katibliyi İddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mingəçevir 1 saylı MKİS-in rəisi, etibarnamə üzrə nümayəndəsi X2, Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mənzil Fondunun istismarı və kommunal təsərrüfat sektorunun məsləhətçisi, etibarnamə üzrə nümayəndəsi X9, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X3 iştirakı ilə, İddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 20 dekabr 2015-ci il tarixli “7/27” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və qeyrilərinin mənzildən çıxarılması və mənzilin Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı 20 dekabr 2015-ci il tarixli “7/27” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və qeyrilərinin mənzildən çıxarılması və mənzilin Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinin verilməsi Qaydası” ilə müəyyən edilmişdir. Məcburi köçkünlərə müvəqqəti yaşayış sahəsi həmin qərara uyğun olaraq Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş, yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə nəzarət edir. Son dövrdə aparılmış araşdırılmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahəsindən təyinatı üzrə istifadə etmirlər. Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş 594 ailəlik qəsəbədə yerləşən 7 №-li bina 2 otaqlı 27 №-li mənzili məcburi köçkün olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə verilmişdir. Bununla bağlı Cavabdeh1 ilə 20 dekabr 2015-cü il tarixli 7/27 №-li kirayə müqaviləsi bağlanmışdır. Lakin sonra araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehlər onların istifadəsinə verilmiş həmin mənzildə yaşamırlar, mənzil hazırda kənar şəxs X1 verdiyi müəyyən edilmişdir. Kirayə müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, Mingəçevir şəhəri 594 ailəlik qəsəbədə yerləşən 7 №-li bina 2 otaqlı 27 №-li mənzilin cavabdehlərin istifadəsinə verilməsi ilə əlaqədar bağlanmış 20 dekabr 2015-cü il tarixli 7/27 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları barədə qərar çıxarılmasını xahiş edir. Məhkənə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək əlavə olaraq qeyd etdi ki, həmin evlərdə yaşayış olmadığı təqdirdə digər ehtiyacı olanlara yəni şəhid ailələrinə və ya qazilərə verilməsi nəzərdə tutulur. İddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Mənzil Fondunun istismarı və kommunal təsərrüfat sektorunun məsləhətçisi, etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclası zamanı iddianı müdafiə etdi və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. 30 avqust 2022-ci tarixli qərardada əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X7 məhkəmə iclası zamanı ifadəsində bildirdi ki, boşandıqdan sonra oğlanları ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Qardaşı gedərkən evi onun istifadəsinə vermişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Lakin Cavabdeh1 ilə əlaqə saxlanılmış, ölkə ərazisində olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını və üçüncü şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru ilə Cavabdeh1 arasında bağlanmış 20 dekabr 2015-ci il tarixli 7/27 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri 594 mənzilli qəsəbədə yerləşən 7 №-li bina, 27 №-li mənzili Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sahibliyinə və istifadəsinə verilmişdir. İşdə olan Mingəçevir şəhər MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli aktdan görünür ki, baxış keçirilərkən məlum olmuşdur ki, uzun müddətdir ki, həmin mənzildə yaşayış yoxdur. Həmçinin işdə olan 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli və 13 iyun 2022-ci il tarixli aktlarda göstərilir ki, 594 mənzilli qəsəbədə yerləşən 7 №-li bina, 27 №-li mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin mənzildə, mənzilə heç bir aidiyyətı olmayan X7 yaşayır. İşdə olan “AZƏRSU” tərəfindən verilmiş Cavabdeh1 məxsus sayğacın sərfiyyat göstəricisi 2022-ci il üzrə 20 iyul tarixinə qədər 10,80 azn təşkil etmişdir. İşə əlavə olunmuş 28 fevral 2022-ci il tarixli, 04 aprel 2022-ci il tarixli, 05 may 2022ci il tarixli və 13 iyun 2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 mənzildə öz yaşayışını təmin etməyəcəyi təqdirdə kirayə müqaviləsinin ləğv olunacağı və sözügedən mənzilin onlardan alınacağı ilə bağlı məlumat verilmişdir. İşdə olan sərhədkeçmə haqqında məlumat vərəqəsinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixində ölkədən çıxmış, lakin bu günə qədər ölkəyə qayıtmadığıüçün giriş qrafası doldurulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biridir. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. İş materialları ilə müəyyən edildi ki, cavabdehlər məcburi köçkündürlər. Mingəçevir şəhəri 594 ailəlik qəsəbədə yerləşən 7 №-li bina 2 otaqlı 27 №-li mənzili kirayə müqaviləsinə əsasən cavabdehlərin istifadəsinə verilmişdir. İddiaçı cavabdehlərin istifadələrinə verilmiş mənzildə üzrsüz səbəbdən yaşamamalarını sübut kimi evə baxış keçirilən zaman bir dəfə evdə olmamaları və digər baxışlar zamanı mənzilə aidiyyəti olmayan X3 orada bir müddətdir yaşaması, cavabdehlərin ünvanına göndərilmiş xəbərdarlıq məktublarına cavab verməmələri, həmin mənzildə yaşamamaları barədə tərtib edilmiş müxtəlif tarixli aktlarla əsaslandırmışdır. Həmçinin iddia tələbi üzrə mülki işə baxılması ilə əlaqədar qeyd edilən ünvana göndərilmiş məhkəmə bildirişi cavabdehlər tərəfindən alınmamış və məhkəmə iclasında iştirakları ümkün olmamışdır. Həmçinin mənzilə baxış zamanı evdə yaşadığı məlum olan Zabilə Novruzova da uzun müddətdir evdə oğulları ilə yaşadığını və cavabdehlərin bir müddətdir ki, evi onun itifadəsinə verərək başqa ölkəyə getdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Mənzil Məcəlləsinin 5.1 və 5.3-cü maddələrində göstərilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası”nın 3-cü hissəsinin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydalarının 3.3-cü maddəsinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.7-ci maddəsinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. 20 dekabr 2015-ci il tarixli, 7/27 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin vəzifələri bunlardır: kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə 10 iş günündən gec olmayaraq, kirayəyə verəni məlumatlandırmaq; Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Müqavilənin 5.1-ci maddəsinə tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edil bilər. Müqavilənin 5.3-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Müqavilənin 5.4–cü maddəsinə əsasən bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Müqavilənin 5.7-ci maddəsinə əsasən kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: Müqavilənin 5.7.1-ci Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh və onun ailə üzvləri, qeyd edilən xüsusi təyinatlı mənzildə artıq uzun müddət, yəni bir ildən artıqdır ki, yaşamırlar. Bu hal müqavilə bağlanılmış şəxs Cavabdeh1 bir ildən artıq müddətdə ölkə ərazisində olmaması sərhədkeçmə haqqında məlumat vərəqəsi ilə, ailə üzvlərinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə uzun müddət, yəni 6 aydan artıq yaşamaması isə aktlarla və iş materialların əlavə edilmiş telefonoqramla təsdiq olunur. Bundan əlavə Cavabdeh1 ölkədən gedərkən həmin mənzilə bacısı X5 qanunsuz yerləşdirmişdir. Belə ki, bacısı X7 isə onun ailə üzvü kimi qeyd edilməmiş, həmçinin müqavilə üzrə tərəf deyildir. Belə olan halda həmin mənzildən istifadə istifadə hüququ yaranmamışdır. Belə ki, AR Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə yekun olaraq qeyd edir ki, həm qanunvericiliyin tələbinə əsasən kirayəçilər müəyyən olunmuş müddətdən yəni 6 aydan artıq müddətdə mənzildə yaşamaması halı müqavilənin ləğv edilməsinə əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 102.2-ci maddəsində göstərilən halların heç biri mövcud deyildir. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; yaşa görə pensiyaçılar; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Məhkəmə iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. İddiaçı Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı 20 dekabr 2015-ci il tarixli 7/27 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsin ləğv edilsin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən çıxarılsın və mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar