Məhkəmə qərarları › İş №2(051)-1752/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1752/2022

13.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1752/2022 13.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehə məxsus əşyaların mülkiyyətində olan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 12 saylı evin 17 saylı mənzilindən çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixli qeydiyyat vərəqəsinə əsasən iddiaçıya məxsusdur. 19 sentyabr 2021-ci ildə cavabdeh valideynləri ilə birgə çıxıb getdi və gedərkən ona hədiyyə olunmuş qızılları, geyimləri və bir çox əşyaları apardı. Ancaq bundan sora evdə ona məxsus olan cahiz əşyalarının bir çoxu qalmışdır. Hazırda mənzildə cavabdehə məxsus yataq mebel dəsti, divan kreslo, servant, qorka, termo, stol və 6 ədəd stul, soyuducu, paltaryuyan, tozsoran və xırda məişət əşyaları vardır. Odur ki, məhkəmədən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 12 saylı evin 17 saylı mənzilindən sözügedən cehiz əşyalarının çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X1 məxsus yataq mebel dəsti, divan-kreslo, servant, qorka, termo, stol və 6 ədəd stul, soyuducu, paltaryuyan tozsorandan ibarət əşyaların Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 12 saylı evin 17 saylı mənzilindən çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 12 saylı evin 17 saylı mənzili onun mülkiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclası zamanı, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 12 saylı evin 17 saylı mənzil təmsil etdiyi şəxsin mülkiyyətindədir. Cavabdeh təmsil etdiyi şəxsin gəlinidir. Təmsil etdiyi şəxs cavabdehə bir neçə dəfə mənzilində olan əşyalarının çıxarılması ilə bağlı məlumat versə də, cavabdeh bu günə qədər əşyalarını təmsil etdiyi şəxsə məxsus mənzildən könüllü çıxarmamışdır. Hazırda mübahisəli mənzil xx.xx.1995-ci il tarixli qeydiyyat vərəqəsinə əsasən iddiaçıya məxsusdur. Lakin cavabdeh özü mübahisəli mənzildən birdəfəlik çıxmasına, başqa yaşayış sahəsində yaşamasına baxmayaraq, özünə məxsus cehiz əşyalarını onun mülkiyyətində olan mənzilin yaşayış otağında saxlamışdır. Təmsil etdiyi şəxs həmin yaşayış otağından faktiki olaraq istifadə etmək imkanından məhrum olmuşdur. O hal isə onun öz mənzilində rahat yaşamasına maneə olmuşdur. Halbuki, təmsil etdiyi şəxsin mülkiyyətçi kimi özünə məxsus fərdi yaşayış evinin bütün yaşayış sahəsindən sərbəst istifadə etmək hüquq vardır. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Ancaq iştirak etdiyi məhkəmə iclasında cehizlərin çıxarılmasına razı olduğunu və işə onun iştirakı olmadan baxılıb qəıtnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1995-ci il tarixli qeydiyyat vərəqəsindən görünür ki, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 12 saylı evin 17 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-9/2022 saylı qərardadından görünür ki, cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll olunanadək, İddiaçı Veysel oğlunun Mingəçevir şəhəri A.Məmmədov küçəsində 12 saylı evin 17 saylı mənzildə olan ərizəçiyə məxsus 65 adda cehiz-əmlakların üzərinə həbs qoyulmuşdur. İşdə olan fotoşəkillərdən görünür ki, cavabdehə məxsus yataq mebel dəsti, divan kreslo, servant, qorka, termo, stol və 6 ədəd stul, soyuducu, paltaryuyan və tozsoran iddiaçıya məxsus mənzildədir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı özünə məxsus mənzilin mülkiyyətçisi kimi qanunla qorunan mülkiyyət hüququnun əsas elementləri olan istifadə hüququ Cavabdeh tərəfindən pozulmaqdadır. İddiaçının cavabdehə qarşı əşyalarının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməli və cavabdehə məxsus əşyalar iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus yataq mebel dəsti, divan-kreslo, servant, qorka, termo, stol və 6 stul, soyuducu, paltaryuyan, tozsoran İddiaçı məxsus olan Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 12 saylı evin 17 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılna elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar