Məhkəmə qərarları › İş №2(051)-1760/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1760/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1760/2020 25.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi və iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə iddiaçı: “xxxx” MMC cavabdeh: Cavabdeh1 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 “xxxx” MMC-ə məxssus ərazidən çıxarılması və onun Mingəçevir şəhərinin hüdudları daxilində başqa yaşayış sahəsində məskunlaşdırılması vəzifəsinin Mingəçevir şəhər İcra Hakmiyyətinə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyətinin və Maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adlarının cavabdehlərin siyahısından çıxarılmasını və Cavabdeh1 “xxxx” MMC-ə məxsus ərazidən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, “xxxx” MMC təsis edilmiş və onun nizamnaməsi dövlət qeydiyyatından keçmişdir. Özü həmin MMC-nin direktoru və qanuni təmsilçisidir. Hazırda COVİD—9 pandemiyası ilə əlaqədar “xxxx” MMC-nin maliyyə vəziyyəti pisləşmişdir. Ona görə də İdarə Heyyəti MMC-ni bütün mülkiyyəti ilə birlikdə satışa çıxarmaq niyyətindədir. MMC-ni almaq niyyətini bildirmiş alıcı isə Mingəçevir şəhəri H.Əliyev prospekti 31 ünvanda qeydiyyatda olmasına baxmayaraq onların ərazisində müvəqqəti məskunlaşmışdır. Laçın rayonundan məcburi köçkün Cavabdeh1 həmin ərazidən çıxarılmasını ilkin şərt kimi qoymuşdur. Cavabdeh1 müstəqil qaydada onların ərazisində məskunlaşması MMC-nin hüquqlarını və qanuni mənafelərini kobud surətdə pozur. Ona görə də Cavabdeh1 məskunlaşdığı yerdən çıxması üçün ona xəbərdarlıq edilmişdir. Lakin o bu xəbərdarlıqlara məhəl qoymadan onların MMC-nin ərazisində yaşamaqda davam edir. Onun ərazidən çıxarılması və Mingəçevir şəhərinin hüdudları daxilində digər yaşayış sahəsi ilə təmin edilməsi üçün müvafiq xahişlərlə Cavabdeh2nə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Cavabdeh2 bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilməsi tövsiyə etmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə bu məsələyə Mingəçevir şəhəri və ətraf ərazilərdə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yeni qəsəbələr istifadəyə veriləndən sonra baxılacağını bildirmişdir. İddiaçı olaraq Cavabdeh1 onlara əmxsus ərazidən çıxarılması və onun Mingəçevir şəhərinin hüdudları daxilində başqa yaşayış sahəsində məskunlaşmasını istəyirlər. Buna görə də Cavabdeh1 “xxxx” MMC-ə məxsus ərazidən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, uzun müddətdir ki, həmin ərazidə yaşayır . Hazırda yaşamağa bvaşqa yeri yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər İcra Hakmiyyətinin Başçısının xx xxxxxxxx 2020-ci il tarixli 1366 saylı məktubundan görünür ki, məcburi köçkün qəsəbələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansındadır. Qəsəbələrdə məcburi köçkünlərin mənzilə təmin edilməsi Komitənin səlahiyyətləri daxilindədir. İddia ərizəsinə əlavə edilmiş Qaçqınların və Məcbri Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin xx xxxxxxxx 2020-ci il tarixli 02/1429 saylı məktubundan görünür ki, Mingəçevir şəhəri ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə inşa edilmiş qəsəbəyə köçürülməsi nəzərdə tutulmuş şəxslərin mənzillə təmin edilməsi prosesi başa çatmışdır və hazırda Mingəçevir şəhər üzrə Komitənin boş mənzil fondu yoxdur. Növbəti mərhələdə Mingəçevir şəhəri və ətraf ərazilərdə məcburi köçkün ailələrinin mənzil-məişət şəratinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbələr istifadəyə verilən zaman “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus inzibati binada müvəqqəti məskunlaşmış Laçın rayonundan məcbri köçkün Cavabdeh1 və ailəsinin mənzillə təmin edilməsi məsələsinə də mövcud qanunvericiliyin tələblərinə əsasən baxılacaqdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan torpaq sahəsinin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «X4» qarşı xx xxxx 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüqüqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı və torpaq sahəsinin planı və ölçüsünü təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin torpaq sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPMnin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh1 “xxxx” MMC-ə məxsus ərazidən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar