Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1767/2021 11.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 qarşı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlərin çıxarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Frunze rayonu, Turku küçəsi, ev 22, korpus 1, mənzil 111-də qeydiyyatda olmaqla yaşayır. Mingəçevir şəhəri Təbriz küçəsindəki 11 saylı evin 29 saylı mənzili onun xüsusi mülkiyyətindədir və həmin mənzil üzərində onun hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı 24.05.2019-cu il qeydiyyat tarixli çıxarışı vardır. O, 1992-ci ilin axırlarınadək həmin mənzildə yaşamış, Mingəçevir şəhəri 11 saylı orta məktəbdə təhsil almış və həmin məktəbi bitirərək 1992-ci ilin axırlarında RF-nın Sankt- Peterburq şəhərinə gedərək orada işləməyə və yaşamağa başlamışdır. Həmin vaxtlar onun yaşadığı Təbriz küçəsindəki 11 saylı evin 29 saylı mənzili anası X1 əri X3 mülkiyyətində olmuşdur. Onun anası 2013-cü ilin dekabr ayında vəfat etmiş və anasının dəfn və yas mərasimlərindən sonra atalığı, anası Aqnessa Məhərrəmovanın əri, mənzilin mülkiyyətçisi Qüdrət Məhərrəmov ömrünün sonuna qədər bu mənzildə yaşamaq barədə onunla razılığa gələrək mənzili 24 dekabr 2013-cü il tarixdə notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı ******* saylı 47/03-1435 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 16000 manata ona satmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra, onun adına DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 28 dekabr 2013-cü il tarixli RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış verilmiş, eləcə də onun adına Texniki Pasport tərtib edilmişdir. Bundan sonra Qüdrət Məhərrəmov onunla aralarında bağlanmış mənzilin alqı-satqısına dair müqavilənin, çıxarışın etibarsızlığı barədə məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim R.S.Kazımov) Qüdrət Məhərrəmovun iddia tələbi rədd edilmişdir. Sözügedən məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilmiş, yekun olaraq Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bundan sonra DƏDRXnin 17 saylı ərazi idarəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 22 saylı 19.05.2017ci il tarixli arayışı əsasında ona sözügedən mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən 24.05.2017–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış **********42-05101- 093027 reyestr nömrəli Çıxarış verilmişdir. Cavabdeh1 məhkəmə mübahisəsi davam etdiyi vaxtda Qüdrət Mıəhərrəmovun adına tərtib edilmiş çıxarış əsasında onun xəbəri və razılığı olmadan mübahisəli mənzildə qeydiyyata alınmış və ona AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. O, cavabdehdən dəfələrlə mənzili boşaltmasını tələb etsədə, o, könüllü olaraq həmin mənzildən çıxmır. Həmçinin cavabdehin əri Cavabdeh2 da məhkəmə hazırlıq iclasından bir neçə gün əvvəl Ukrayna Respublikasından gələrək Cavabdeh1 ilə həmin mübahisəli mənzildə birlikdə yaşayırlar. Odur ki, RX seriyalı ******* saylı, **********42-05101-093027 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında onun mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən cavabdehlərin çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsin həmin mənzil üzərində mülkiyyət hüququ tanınaraq, dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlər onunla heç bir yaxın qohumluq əlaqəsinə malik olmadığı halda, iddiaçıya məxsus mənzildən istifadə edirlər. Halbuki, cavabdehlərlə iddiaçı arasında heç bir yazılı və şifahi razılaşma olmamışdır. Onlar, yalnız formal mülahizələr əsasında özbaşına olaraq iddiaçıya məxsus mənzili zəbt etmişdirlər. Hesab edir ki, hazırda həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan, cavabdehlərin sahibliyi qanunsuzdur. Ona görə də cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və idiaçının mülkiyyət hüququnu həyata keçirməyə şərait yaradılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin 11.10.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddianı qəbul etmədiyini və rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə cavabdehin və cavabdeh qismində cəlb edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, **********42-05101-093027 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 72.7 kv.m olan, ünvan 3 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 24.05.2017–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər MİS tərəfindən verilmiş 01.03.2017-ci il tarixli 279 saylı arayışdan görünür ki, Nağıyeva X2 şəhəri, Təbriz küçəsi, ev 11, mənzil 29 ünvanında yerləşən mənzildə yaşayır. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, cavabdeh Nağıyeva X2 şəhəri, Təbriz küçəsi, ev 11, mənzil 29 ünvanında yerləşən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ümumi sahəsi 72.7 kv.m olan, ünvan 3 ünvanında yerləşən mənzil üzərində iddiaçının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli mənzil üzərində heç bir əşya hüquqları qeydə alınmamışdır. Eləcə də, iddiaçı ilə cavabdehlər arasında heç bir ailə münasibətləri olmamışdır. Ona baxmayaraq, cavabdehlər hazırda da iddiaçıya məxsus mənzildən istifadə etməklə bərabər, sahiblik edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehlərin iddiaçının ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında cavabdehlər “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Ona görə iddiaçının cavabdehləri saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli mənzilin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onun iddiaçı ilə birlikdə mübahisəli mənzildə onun ailə üzvü kimi yaşamaq və yaxud özünün saxlanılmasını tələb etmək, həmçinin mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmamışdır. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh Cavabdeh1 Mikayıl qızının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması, onun həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09.2020-ci il tarixli Qərarının 1-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququ heç bir hüquqi əsas olmadan cavabdehlər tərəfindən pozulmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehlərin sahibliyində olmalı və cavabdehlərin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin mənzil cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli mənzil üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 RX seriyalı ******* saylı, **********42-05101-093027 reyestr nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1767/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1767/2021
11.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver