Məhkəmə qərarları › İş №2(051)-1794/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1794/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1794/2021 23.09.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sayğacına görə tətbiq edilmiş cərimənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sayğacına görə tətbiq edilmiş cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına yazılan 1080 manat cərimənin ləğv edilməsi və qazın verilməsinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sayğacına görə tətbiq edilmiş cərimənin ləğv edilməsi tələbinə dair iddiası, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasında istifadə etdiyi qaz sayğacı ilə bağlı olduğundan, mübahisəyə Kommersiya Məhkəməsində baxılmalıdır. Ona görə də mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı adına olan ********** saylı fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron çıxarışından görünür ki, İddiaçı fərdi sahibkar olaraq fəaliyyət göstərir və hazırki iddia ərizəsi də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sayğacına görə tətbiq edilmiş cərimənin ləğv edilməsi tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, iş materiallarından və iddia ərizəsindən də görünür ki, hazırkı mübahisə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Ona görə də sözügedən iddiaya baxılması Kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandrılmış qərardad çıxarır. Həmin məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 24, 26, 32, 263, 264, 267, 268, 395 və 396-cı maddələrini rəhbər tutub, qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sayğacına görə tətbiq edilmiş cərimənin ləğv edilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar