Məhkəmə qərarları › İş №2(051)-1809/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1809/2020

11.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1809/2020 11.12.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun vəkili Kərimli Ruhiyə Neymət qızı və Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, iddiaçı: İddiaçı cavabdeh: Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin xx xxxxxxxx 2014-cü il tarixli 179&2 saylı əmrinin onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsinin və xx xxxx 2020-ci il tarixli 300 saylı əmrinin etibarsız hesab edilməsi, onun Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə müddətsiz müqavilə müddətilə işəbərpa olunmağı və məcburi işburaxma dövrü üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx xxxxxxxx 2014-cü ildə Kəlbəcər rayon 118 saylı tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Belə ki, həmin vaxt cavabdehlə onun arasında müddətsiz əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bildirişi xx xxxxxxx 2014-cü ildə elektron sistemə daxil edilmişdir. Həmin sistemdə onunla bağlanmış müqavilənin daimi əsaslarla bağlanması qeyd olunmuşdur. 2020-ci ilin dərs ili başlayarkən cavabdeh onu işdən azad olunmağı barədə məlumat vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə işdən çıxma barədə əmrin surətini aldıqdan sonra ona məlum olmuşdur ki, müdriyyət onunla bağlanmış əmək müqaviləsinə heç bir normaya istinad etmədən xitam vermişdir. Belə ki, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin 300 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən müddətli əmək müqaviləsi kimi xitam verilmişdir, əsas kimi isə ikinci iş yeri olması qeyd olunmuşdur. O, Kəlbəcər rayon 118 saylı tam orta məktəbdə 2014-cü ildən 12 saat dərs yükü ilə işləyir. Digər məktəbdə də onun dərs yükü cəmi 6 saat olmuşdur. Hesab edir ki, cavabdeh əmək qanunvericiliyi normasına istinad etmədən və qanunvericilikdə göstərilməyən əsasla onu işdən azad edə bilməzdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin elektron informasiya sistemində onunla bağlanmış müqavilənin müddətsiz bağlandığı göstərilmişdir. Mənim ikici iş yerimin olması mənimlə bağlanmış müqavilənin ləğvi əsası olması Əmək Məcəlləsinin 68-ci maddəsində qeyd olunmamışdır. Ona görə də Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin xx xxxxxxxx 2014-cü il tarixli 179&2 saylı əmrinin onunla bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsinin və xx xxxx 2020-ci il tarixli 300 saylı əmrinin etibarsız hesab edilməsi, onun Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə müddətsiz müqavilə müddətilə işəbərpa olunmağı və məcburi işburaxma dövrü üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı “işə bərpa” tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbini qəbul edir və iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Kəlbəcər rayon 118 saylı tam orta məktəbinin 179&2 saylı əmrindən çıxarışdan və elektron sistemdən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdən dil-ədəbiyyat fənninə ehtiyac olduğu üçün Ali təhsilli müəllim İddiaçı rayon təhsil şöbəsinin göstərişinə əsasən məktəbə dil-ədəbiyyat müəllimi təyin edilmiş və bildiriş elektron sistemdən çıxarışda qeydiyyatdan keçmiş və əmək müqaviləsinin müddətsiz olması qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun 179&2 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdən dil ədəbiyyat fənninə ehtiyac olduğu üçün Ali təhsilli müəllim İddiaçı Rayon Təhsil Şöbəsinin göndərişinə əsasən müvəqqəti olaraq məktəbə dil ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Mülki işə əlavə olunmuş Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun 300 №-li əmrindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdən məktəbdə müddətli müqavilə ilə işləyən Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı Elburus qızının müqaviləsinə göstərilən tarixdən xitam verilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahtlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.2014–ci il tarixdən Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə dil-ədəbiyyat fənninə ehtiyac olduğu üçün Ali təhsilli müəllim İddiaçı rayon təhsil şöbəsinin göstərişinə əsasən elektron sistemdə qeydiyyatdan keçmiş müddətsiz əmək müqaviləsi əsasında Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin edilmiş, lakin cavabdehin məhkəyə təqdim etdiyi 179&2 saylı əmrdən çıxarışda isə iddiaçının müvəqqəti olaraq məktəbə dil ədəbiyyat müəllimi vəzifəsinə təyin edildiyi göstərilmişdir. Həmin əmrdə cavabdeh tərəf iddiaçının hansı müddətə işə qəbul edildiyini göstərməmiş, həmçinin əmək müqaviləsində dəyişiklik olub-olmamasını qeyd etməmişdir. Eləcə də həmin dəyişiklikdən iddiaçının məlumatı olmamış, nə də həmin dəyişiklik elektron sistemdə qeydiyyatdan keçməmişdir. Ondan sonra cavabdeh 300 №-li əmrlə məktəbdə müddətli müqavilə ilə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən birtərəfli qaydada xitam vermişdir. Cavabdeh tərəf qeyd olunan əmrdə də iddiaçının əmək müqaviləsinə hansı əsasla və yaxud hansı müddətin bitməsinə görə xitam verdiyini göstərməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin «a» bəndinin tələblərinə görə müəssisə ləğv edildikdə, «b» bəndinin tələblərinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, «c» bəndinin tələblərinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsinədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, həmin maddənin «d» bəndinin tələblərinə görə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, həmçinin «e» bəndinin tələbinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas qanunda nəzərdə tutulmamış, halbuki, işəgötürən Əmək Məcəlləsinin 68–ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini müddətin bitməsi ilə əsaslandırmalıdır. Hazırkı əmək mübahisəsinin həlli zamanı iddiaçının əmək müqaviləsinin müddətli olması müəyyən edilməmiş, əksinə mübahisəli əmək müqaviləsi elektron sistemdə müddətsiz kimi qeydiyyatdan keçmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçın əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən verilmiş əmr qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76–cı maddəsinə 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinə tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə, həmçinin müəyyən etdi ki, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun xx/xx/2020-ci il tarixli 300 nömrəli əmrləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84–cü maddəsində müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Həmin Məcəllənin 84–cü maddəsinin 1–ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər və məlumatlar göstərilir. Həmin maddənin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1–ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada–təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx/xx/2020-ci il tarixli 300 nömrəli əmrdə qanunda nəzərdə tutulmayan əsasa istinad edilmişdir. Belə ki, əmək qanunvericiliyində müddətin bitməsinə görə əmək müqaviləsinə xitam verilmə Əmək Məcəlləsinin 68-ci maddəsinin (b) bəndində nəzərdə tutulmuşdur. Bu hal isə yalnız müqavilədə konkret müddət göstərildiyi halda, həmin Məcəllənin 73-cü maddəsində müəyyən edilmiş qaydada xitam verilir. Lakin hazırkı əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər və məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx/xx/2020-ci il tarixli 300 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün etibarsız hesab edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını tənzimləyən Əmək Məcəlləsinin 68–ci maddəsinin “b” bəndinə istinad etməmiş, həmçinin müddətli əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 73–cü maddəsinin tələblərinə əməl etməklə iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblər pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79–cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq nəticəyə gəlir ki, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktoru tərəfindən iddiaçı Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun xx.xx.2020-ci il tarixli 300 nömrəli əmri etibarsız hesab edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Kəlbəcər rayon 118 saylı tam orta məktəbinə dil ədəbiyyat müəllimi vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə, həmçinin iddianın cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun xx xxxxxxxx 2014-cü il tarixli 179&2 nömrəli əmrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxxx 2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmaqla iddiaçı Kəlbəcər rayon 118 saylı tam orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Qeyd olunan müddətsiz əmək müqavilə Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş və əmək müqaviləsi bildirişinin xx xxxxxxx 2014-cü il tarixdə qeydiyyata alınması barədə sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Lakin cavabdeh tərəf məhkəməyə təqdim etdiyi xx xxxxxxxx 2014-cü il tarixli 179&2 nömrəli əmrdən çıxarışda, mübahisəli əmək müqaviləsinin müddətli olmasını göstərsə də, hansı müddətə olduğunu göstərməmişdir. Bu halın özü də əmək qanunvericiliyinin pozulmasını ehtiva edir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 46-cı maddəsinin 6-ci hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından, həmçinin hesab edir ki, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun xx xxxxxxxx 2014cü il tarixli 179&2 nömrəli əmrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsində göstərdiyi məlumatlar qanunda nəzərdə tutulmuş qaydada elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyindən, həmin dəyişikliyin hüquqi qüvvəsi yoxdur. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun xx xxxxxxxx 2014-cü il tarixli 179&2 nömrəli əmrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsi qanunsuz və əsassız olduğu üçün etibarsız hesab edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun xx xxxxxxxx 2014-cü il tarixli 179&2 nömrəli əmrinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsinə dair hissəsi etibarsız sayılsın. Cavabdeh Kəlbəcər rayon 118 saylı tam orta məktəbin direktorunun İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xx/xx/2020-ci il tarixli 300 nömrəli əmri etibarsız hesab edilsin. Abbasova X2 rayon 118 saylı tam orta məktəbinə azərbaycan dili və ədəbiyyat müəllim vəzifəsinə bərpa edilsin. İddiaçı xx xxxx 2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar