Məhkəmə qərarları › İş №2(051)-1846/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1846/2023

12.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1846/2023 12.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh və onun övladları X4 və X2 mənim mülkiyyətimdə olan Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 25 ünvanında yerləşən 24 saylı mənzildən məcburi qaydada çıxarılmaları haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Şəki rayonu, Kiçik-dəhnə kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birgə ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzil Mingəçevir şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 17 iyul 2000-ci il tarixli Reyestr nömrəsi 4127a, İnventar işi 8489 saylı Qeydiyyat Vəsiqəsi əsasında ona məxsusdur və dövlət qeydiyyatına alınmışdır. 2017-ci ildə oğlu X6 və Cavabdeh ailə qurmuş və yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Birgə nikah dövründə onlar həmin mənzilə gəlibgetmişlər və məhz bu səbəbdən, yəni gəlini və nəvələri olması səbəbindən onların ona məxsus mənzildə müvəqqəti gəlib-getmələrinə icazə vermişdir. Son vaxtlar isə cavabdehlə oğlu Səxavətin münasibətləri pisləşmiş və cavabdeh Rusiyadan Mingəçevir şəhərinə gəlmiş və onun icazəsi olmadan ona məxsus mənzilə daxil olmuş və hazırda da həmin mənzildə qalır və çıxmır. Hazırda o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Belə ki, mülkiyyətində olan mənzildə Cavabdeh övladları ilə birlikdə qanunsuz olaraq yaşayır. O, 2022-ci ildə oğluna və cavabdehə öz mülkiyyətində olan mənzildə müvəqqəti istifadə etmələrinə, Mingəçevir şəhərinə gələndə qısa müddətə qalmalarına icazə vermişdir. X10 ilə Cavabdeh münasibətləri pisləşdiyinə görə aralarmdakı nikah formal xarakter daşıyır. Bundan soma o, cavabdehə ona məxsus mənzildən çıxmasını tələb etdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq cavabdeh onun mülkiyyətində olan mənzildən çıxmır. Cavabdeh və azyaşlı övladları X4 və X5 onun mənzilini zəbt ediblər və çıxmırlar. O, hazırda öz mənzilinə yığışıb yaşamaq istəyir. Lakin, cavabdeh buna mane olaraq onun mülkiyyət hüququnu pozur. Ona görə də Cavabdeh və onun övladları X4 və X2 mənim mülkiyyətimdə olan Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 25 ünvanında yerləşən 24 saylı mənzildən məcburi qaydada çıxarılmaları haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, cavabdeh İddiaçı gəlinidir. Cavabdehin oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan iki övladı var. Hazırda əri ilə aralarındakı münasibətlər normaldır. Əri müvəqqəti olrpaq işləmək üçün Rusiya Federasiyasındadır. Hal-hazırda ərinin razılığı əsasında Azərbaycana gəlmiş və qaynanasının mülkiyyətinqdə olan evdə yaşayır. Mübahisəli evi ərinin qazancı əsasında alınmış, lakin qaynanası İddiaçı adına mülkiyyət hüququ qeydə alınmışdır. İddanı qəbul etmir, çünki başqa yaşayış yeri yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Məhkəməyə təqdim olunmuş Mingəçevir şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 17 iyul 2000- ci il tarixli Reyestr nömrəsi 4127a, İnventar işi 8489 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 25 ünvanında yerləşən 24 saylı mənzili İddiaçı mülkiyyətindədir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 25 saylı evin 24 saylı mənzili iddiaçının mülkiyyətindədir. Həmin mənzil Mingəçevir şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 17 iyul 2000- ci il tarixli Reyestr nömrəsi 4127a, İnventar işi 8489 saylı Qeydiyyat Vəsiqəsi əsasında iddiaçıya məxsusdur və dövlət qeydiyyatına alınmışdır. Həmin mənzilində iddiaçının oğlu ilə nikaha girmiş Cavabdeh və uşaqları yaşayır. Ona görə də hazırkı mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2017-ci ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisə olduğundan, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli evüzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qayınatanın və qayınananın gəlini, həmçinin ərin əmək qabiliyyətli arvadını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. İşin müəyyən olunmuş hallarından da görünür ki, cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının gəlinidir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin Ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə birlikdə mübahisəlimənzildə onun ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisinin arasında mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur. Məhkəmə hesab edir ki, iddia predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan və yarana mübahisə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehlərin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə X3 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2009-ci ildən sonra yarandığından, hazırki mübahisəyə 30 iyun 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 25 saylı evin 24 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini rəhbər tuturaq hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh və onun övladları Kamilə və Alina əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 25 saylı evin 24 saylı mənzilindən çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh və onun övladları Kamilə və Alina əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 25 saylı evin 24 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar