Məhkəmə qərarları › İş №2(051)-1863/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1863/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1863/2022 19.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi. İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mənzili özgəninkiləşdirmək üçün zəruri notarial hərəkətlərin aparılması öhdəliyinin qoyulması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mənzili özgəninkiləşdirmək üçün zəruri notarial hərəkətlərin aparılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Vidadi küçəsi 6 saylı evin, 1 saylı mənzili 13 sentyabr 1996-cı ildən onun mülkiyyətindədir. Mənzildə ondan başqa övladları X2 və X3 qeydiyyatdadırlar. O, mülkiyyətində olan həmin mənzili özgəninkiləşdirmək, satmaq istəyir. Ailə üzvləri də mənzilin özgəninkiləşdirilməsinə razıdırlar. Bu məqsədlə Notariat Ofisinə müraciət etmişdir. Ofisdən ona verilən cavabdan belə məlum olur ki, mənzilinin üzərində nəzarət vardır. Ancaq həmin nəzarətin nədən ibarət olması barədə ona məlumat vermirlər. Onun barəsində heç bir təqsirləndirici material yoxdur, məhkum edilməmişdir. Nəzarətin nə ilə əlaqədar olmasını bilmir. Notariat Ofisi tərəfindən o, qanunsuz hərəkətlərlə rastlaşmışdır. O, mülkiyyətinə sərəncam vermək hüququndan məhrum edilmişdir. İddianın təmin olunmasını, Mingəçevir şəhəri Vidadi küçəsi 6 saylı evin, 1 saylı mənzilinin özgəninkiləşdirilməsi barədə əqdin onun tərəfindən bağlanması üçün zəruri notarial hərəkətlərin aparılması öhdəliyinin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilmiş, lakin Notariat Ofisinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə işin materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 19 iyul 2022-ci il tarixli, 1328 №-li cavab məktubundan görünür ki, İddiaçı Mingəçevir şəhəri, X8 küçəsi ev 6 ünvanda yerləşən 1 saylı mənzilinin alqı-satqı əməliyyatının aparılmasını xahiş etməsinə dair ərizəsinə baxaraq, mənzilin üzərindəki nəzarət götürüldükdən sonra notariat hərəkətinin aparılmasının mümkün olması qeyd olunmuşdur. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri M.V.Vidadi küçəsində yerləşən ümumi sahəsi 33.74 kv.m, yaşayış sahəsi 17.26 kv.m, bir otaqdan ibarət olan 6 saylı evin, 1 saylı mənzili 18 dekabr 1996-cı il tarixdə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı, X2 və X1 şəhəri, M.V.Vidadi küçəsi, 6 saylı evin, 1 saylı mənzilində qeydiyyatdadırlar. İşə əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 6 saylı evin, 1 saylı mənzili üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. Əmlak üzərində müvəqqəti nəzarət var. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin məhkəməyə cavab məktubunda göstərilir ki, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılır. Ona görə də qeyd edilən mənzilə dair məlumatların əldə edilməsi üçün DƏDRX-ə müraciət oluna bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 18 oktyabr 2022-ci il tarixli cavab məktubunda göstərilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın üzərinə Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/99m saylı sorğusuna əsasən nəzarət qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası CPM-nin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilir ki, Cinayət-Prosessual Məcəlləsinin 249.5-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərar çıxarır (Cinayət-Prosessual Məcəlləsinin 249.2 və 249.2.2-ci maddələri). X7 həmçinin qeyd olunur ki, göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. İş materialları ilə müəyyən edildi ki, Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 6 saylı evin, 1 saylı mənzili İddiaçı mülkiyyətindədir. Mülkiyyətində olan həmin mənzili özgəninkiləşdirmək istəyir və bununla əlaqədar notarial hərəkətlərin aparılması zəruridir. Lakin cavabdeh Mingəçevir “Asan Xidmət” Mərkəzində Notariat Ofisi mənzilin özgəninkiləşdirilməsi üçün zəruri olan notarial hərəkətlərin aparılmasından imtina etmiş və imtinanı mənzil üzərində nəzarət olması ilə əsaslandırmışdır. Cavabdeh, həmçinin, cavab məktubunda nəzarətin qoyulması səbəbi ilə bağlı əsası DƏDRX-dən alınmasını bildirmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi də cavab məktubunda iddiaçının mülkiyyətində olan həmin mənzil üzərinə Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1/99m saylı sorğusuna əsasən müvəqqəti nəzarət qoyulması göstərilmişdir. Lakin müvəqqəti nəzarətin nə vaxta qədər davam edilməsi məlum deyil. Bundan əlavə iddiaçının əmlakı üzərinə nəzarət qoyulması üçün əsas olmuş hər hansı bir cinayət işi, təqsirləndirici material olması müəyyən olunmadı və ya həbs qoyulması üçün məhkəmə qərarı olması müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 6 saylı evin, 1 saylı mənzilini özgəninkiləşdirmək üçün zəruri notarial hərəkətlərin aparılması öhdəliyi cavabdeh Mingəçevir “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, M.V.Vidadi küçəsi, 6 saylı evin, 1 saylı mənzilini özgəninkiləşdirmək üçün zəruri notarial hərəkətlərin aparılması öhdəliyi cavabdeh Mingəçevir “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar