Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-187/2022 10.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, cavabdehlər Cavabdeh2, X4 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar: İddiaçı və X3 cavabdehlər Cavabdeh2, X5 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı və X6 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürlməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mən, İddiaçı Cavabdeh2 gəlini olmuşam. Cavabdehin oğlu olan X9 ilə nikahımızı 24 dekabr 2003-cü ildə Mingəçevir şəhər VVADQ şöbəsində rəsmiləşdirmişik. Bizim birgə nikahdan 26 noyabr 2004-cü il təvəllüdlü Gülgün və 21 fevral 2009-cu il təvəllüdlü Elgün adlı uşaqlarımız dünyaya gəlmişdir. Bir neçə ay əvvəl Anar Alıyevlə münasibətlərimiz pozulmuş və Mingəçevir Şəhər Məhkəməsinin 08.09.2021-ci il tarixli qətnaməsinə əsasən aramızda olan nikah pozulmuşdur. 26 noyabr 2004-cü il təvəllüdlü Gülgün adlı uşağımız mənim yanımda qalmışdır. Anar Alıyevlə ayrılsaqda mənim və qızımın yəni X3 yaşamağa başqa bir yeri yoxdur. 2003-cü ildən gəlin köçmüşəm və həmin vaxtdan mənzildə qeydiyyatdayam. X6 həmin mənzildə anadan olmuş və həmin mənzildə qeydiyyatdadır. Evdən istifadə etməyimə qaynatam notarial qaydada razılıq vermişdir. Lakin ailə münasibətlərində yaranmış münasibətlər nəticəsində sözügedən mənzildən lazımi qaydada istifadə edə bilmirəm. İddiaçı həmin mənzilə azyaşlı övladı ilə birlikdə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürlməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onun gəlinidir. Oğlu Anar və gəlini ailə qurduqdan sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. Sonradan oğlu ilə İddiaçı arasında olan münasibətlər pozulduğu üçün məhkəmə qaydasında boşanmışlar. Göstərilən mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçının göstərilən mənzilə heç bir istifadə hüququ yoxdur. Ona məxsus mənzil onun və ailə üzvlərinin tələbatını minimum səviyyədə ödəyir. İddiaçı isə uzun müddətdir ona məxsus mənzildən çıxmış, ayrı yaşayış yeri yəni atası evində yaşayır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X1 Xəlil Alı oğlunun izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil izahatında göstərmişdir ki, Cavabdeh2 İddiaçı həmin mənzilə sadəcə qeydiyyata düşməsinə icazə vermişdir, yəni iddiaçıya həmin mənzildən istifadə hüququ verilməyib. İddiaçı həmin mənzilə gəlin gələndə ev artıq xüsusi mülkiyyətdə idi. Belə ki, bu mənzil Mingəçevir ŞİHB-nın 21.12.1992-ci il Sərəncamı ilə Cavabdeh2 əvəzsiz olaraq şəxsi mülkiyyətinə verilmişdir və notaril qaydada müqavilə bağlanmaqla şəxsi mülkiyyət hüququnu təsdiq edən sənədlər Cavabdeh2 təqdim edilmiş və bu mənzil dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, 26.01.1993-cü il tarixli Qeydiyyat Vəsiqəsindən də görünür ki, bu mənzil mülkiyyət hüququ ilə Cavabdeh2 adına 1/113 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 2018-ci ildə Çıxarış alınan zaman İddiaçı heç bir sənədləşmədə iştirak etməmişdir, ümumiyyətlə İddiaçı bu mənzilin alınması, sənədləşdirilməsi, dövlət qeydiyyatına alınması ilə bağlı heç bir prosesdə iştirak etməmişdir İddiaçının istinad etdiyi 1982-ci ilin Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri özəlləşməyən, yəni Mənzil Orderi olan evlərə şamil olunur. Bu mənzilin heç vaxt orderi olmayıb, yəni ilkin sənədindən də görünür ki, bu mənzil Cavabdeh2 xüsusi mülıkiyyətinə verilmiş və dövlət qeydiyyatına alınmışdır. Bütün bunları nəzərə alaraq, iddia tələbi əsassızdır və rədd edilməlidir. İşə əlavə olunmuş Mingəçevir ŞİHB-nın 21.12.1992-ci il Sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 əvəzsiz olaraq şəxsi mülkiyyətinə verilmişdir və notarial qaydada müqavilə bağlanmaqla şəxsi mülkiyyət hüququnu təsdiq edən sənədlər Cavabdeh2 təqdim edilmiş və bu mənzil dövlət qeydiyyatına alınmışdır. İşə əlavə olunmuş 26.01.1993-cü il tarixli Qeydiyyat Vəsiqəsindən də görünür ki, bu mənzil mülkiyyət hüququ ilə Cavabdeh2 adına 1/113 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim olunmuş DƏDRX Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən (əsli elektron baza sistemindədir) görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 40, 25 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh2 adına 26.04.2018-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş Mingəçevir ŞPŞ-nın 07.10.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh2 İddiaçı notarial qaydada razılıq ərizəsi verməsi aşkar olunmamışdır. İşə əlavə olunmuş İddiaçı şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Alıyeva X2 şəhəri, H.Əliyev prospekti ev 40, 25 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ verilməsi və mənzilə köçürmə ilə bağlı yaranan mülki mübahisədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi iddiaçının mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: • mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; • həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; • istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Həmin Qərarda həmçinin qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdakı hüquqi mövqeyinə uyğun olaraq MM-in 228.1 və 228.2-ci maddələrinə əsasən yazılı bağlanılmış, notariat qaydasında təsdiq edilib müvafiq reyestrdə qeydə alınaraq yaşayış binasının tərkib hissəsi üzərində digər ailə üzvlərində yaranmış istifadə hüququ nikah münasibətlərinin mövcudluğu ilə hər hansı formada əlaqələndirməmişdir. Bundan əlavə, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3cü maddəsi). Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi xüsusi ilə qeyd edir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır. Eyni mövqe, AR Konstitusiya Məhkəməsinin sonrakı qərarlarında da öz əksini tapmışdır. Belə ki, R.Ağalarovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının istinad etdiyi 1982-ci ilin Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri özəlləşməyən, yəni Mənzil Orderi olan evlərə şamil olunur. Bu mənzilin heç vaxt orderi olmayıb, yəni ilkin sənədindən də görünür ki, bu mənzil Cavabdeh2 xüsusi mülıkiyyətinə verilmiş və dövlət qeydiyyatına alınmışdır. İddiaçının tələbinin hüuqui əsası yoxdur. Belə ki, yuxarıda göstərilənlərə əsasən cavabdehlərə məxsus olan mənzil mülkiyyət sənədinə bərabər tutulmuş və həmin mənzildə qeydiyyatda olan iddiaçının mənzilə hər hansı hüququ olması məhkəmə iclasında öz təstiqini tapmamışdır. Məhkəmə mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını daha üstün hüquq kimi tanıyaraq iddiaçının tələbinin heç bir hüquqi əsasının olmaması qənaətindədir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qə t e t d i: İddiaçı və X3 cavabdehlər Cavabdeh2 və X5 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-187/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-187/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver