Məhkəmə qərarları › İş №2(051)-188/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-188/2020

24.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-188/2020 24.02.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Neymət qızı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarma tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı mənzildən çıxarma, mənzilin satış dəyərinin tam ödənilməsi barədə arayışın verilməsi, mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, sonra məhkəmə iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2012-ci ildə “xxxx” MMC-nin direktoru X2 ilə çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlayaraq Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı mənhəllə ərazisində tikilməkdə olan yaşayış binasının B blokunda olan 1 otaqlı 2 saylı mənzilini 27000 manata satılmasına dair müqavilə bağlamışdır. Belə ki,62.83 kv.m ümumi sahəsi olan mənzil 27000 manata razılaşıb, həmin gün 8000 manatını dərhal ödəmişdir. Qalan məbləği isə 18 aya ödəməyə razılaşıb, sonradan pulun ödəyib qurtarmışdır. Mənzilin dəyərini tam ödədikdən sonra bacısı qızı Cavabdeh1 mənzilində yaşamasına icazə vermişdir. Belə ki, iddiaçı həmin vaxt Rusiya Federasiyasında olduğuna görə bacısı qızı Elnurə ondan evinə müvəqqəti köçməyinə icazə verilməsinə xahiş etmiş, evsiz qalan bacısı qızına evində müvəqqəti qalmasına icazə vermişdir. Sonra iddiaçı evinə köçmək istəmiş, lakin Cavabdeh1 mənzilinə girməyinə iddiaçıya icazə verməmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir, həmin mənzil üzərində onun sahiblik və istifadə hüquqları yaranmışdır. Buna görə də Cavabdeh1 iddiaçıya məxsus Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllə ərazisində tikilmiş yaşayış binanın B blokunda yerləşən 1 otaqlı 2 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun xalasıdır. İddiaçı Rusiyada yaşayır. İddiaçının razılığı ilə o, qeyd edilən mənzilə köçmüşdür. O, köçən zaman mənzil tam təmirsiz idi, yaşayış üçün yararlı deyildi. Onun yaşamaq üçün mənzili yoxdur. İddiaçı ilə razılığa gəlmişlər ki, o, həmin mənzilə köçüb orada yaşasın, qayıdandan sonra iddiaçı təmir xərcini ona ödəyər, o da mənzildən çıxar. İddiaçı Azərbaycana qayıtdıqdan sonra onun yanına gələrək şərtləşdikləri kimi mənzilin təmir xərcini də öyrənib ödəyəcəyini bildirib getdi. Lakin iddiaçı sonra təmir xərcini ödəmək istəmədi. Ona görə də o, mənzildən çıxmadı. Hesab edir ki, iddiaçı haqsızdır, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan podratçı “xxxx” MMC-nin direktoru ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”dən göstərilir ki, “sifarişçi” bu müqaviləni əsas tutaraq sifariş edir, “podratçı” Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı yaşayış binasının arxa hissəsindəki ərazidə 126-cı məhəllədə yaşayış binasının “B” blokunda 1 otaqlı 2 №li mənzilin tikintisini öhdəsinə götürür, mənzilin ümumi sahəsi 62.83 kvm, müqavilənin qiyməti 27000 manatdır. İşə əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş kassa-mədaxil orderlərindən görünür ki, İddiaçı mənzil sahəsi üçün ayrı-ayrı vaxtlarda ödənişlər etmişdir. İşə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilir ki, “xxxx” MMC tərəfindən ünvan 1 “A” ünvanda inşa edilmiş A və B bloklu yaşayış binasının B blokunun 1-ci mərtəbəsində sahəsi 62.83 kvm olan 1 otaqlı 2 №li mənzilin dəyəri olan 27000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. Borcu qalmamışdır. Qeyd olunan mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxasında 126-cı məhəllə ərazisində 12 “A” ünvanda tikilmiş yaşayış binasının “B” blokunda yerləşən 1 otaqlı 2 №li mənzil iddiaçının sifarişi əsasında tikilmişdir. Mənzilin dəyəri olan 27.000 manat da iddiaçı tərəfindən ödənilmişdir. Lakin qeyd edilən mənzildə Cavabdeh1 yaşayır. Cavabdeh1 mənzilə hər hansı bir hüququ olması müəyyən edilmədi. Cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması isə iddiaçının hüquqlarını pozur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1 iddiaçıya məxsus olan Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllə ərazisində tikilmiş yaşayış binasının “B” blokunda yerləşən 1 otaqlı 2 saylı mənzildən əmlakı ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Əzizova X1 şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllə ərazisində tikilmiş yaşayış binasının “B” blokunda yerləşən 1 otaqlı 2 saylı mənzildən əmlakı ilə birlikdə çıxarılsın. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar