Məhkəmə qərarları › İş №2(051)-1898/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1898/2021

30.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1898/2021 30.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh direktoruna qarşı bir stavka dərs yükü ilə təmin edilmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh direktoruna qarşı bir stavka dərs yükü ilə təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh biologiya müəllimi kimi 1 stavka-18 saatdan az olmayan dərs yükü ilə təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, müdafiə etdiyi şəxs 2006-cı ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini biologiya müəllimi ixtisası üzrə bitirmişdir. Cavabdeh direktorunun 02.04.2008-ci il tarixli 30 saylı əmri ilə X4 vəzifəsinə təyin olunmuş, bundan sonra həmin məktəbin direktorunun 16.09.2013-cü il tarixli 129 saylı əmri ilə ixtisası üzrə müəllim saxlanılmaqla həmin tarixdən UBR vəzifəsindən azad olunmuşdur. Cavabdeh direktorunun 29.06.2018-ci il tarixli 89 saylı əmri ilə təmsil etdiyi şəxs 29.06.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv olunması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 29.06.2018-ci il tarixli 89 saylı əmr etibarsız hesab edilmiş və təmsil etdiyi şəxs Cavabdeh biologiya müəllimi işinə bərpa edilmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən Liseyin direktorunun 18 sentyabr 2018-ci il tarixli 118 saylı əmri ilə öz vəzifəsinə biologiya və həyat bilgisi müəllimi vəzifəsinə bərpa edilmişdir. Müdafiə etdiyi şəxs işdən çıxarılana kimi 1 stavka və daha yüksək dərs yükü ilə təmin olunmuşdur. Lakin işə bərpa olunandan sonra dərs yükü azaldılaraq 6 saat edilmişdir. Hal hazırda əmək haqqı 159.88 manatdır. Bu isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından çox azdır. Rəhbərlikdən dərs yükünün artırılmasını xahiş etsə də, MİQ-dən (müəllimlərin işə qəbulu) və diaqnostik qiymətləndirmədən keçmədiyini əsas gətirərək dərs yükü artırılmır. Liseydə ondan başqa da xeyli sayda biologiya müəllimləri vardır və onların çoxunun dərs yükü 1 stavka - 18 saat dərs yükündan kifayət qədər çoxdur. Təmsil etdiyi şəxs 16.09.2013-cü il tarixdən müddətsiz əmək müqaviləsi ilə biologiya müəllimi işləmiş və belə olan halda qanunvericiliyə müvafiq olaraq MİQ-dən keçməli deyil, diaqnostik qiymətləndirmədə iştirakını isə təmin etmək cavabdehin üzərinə düşür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 02.04.2008-ci il tarixdə Cavabdeh direktoru ilə işçi İddiaçı arasında bağlanmış fərdi əmək müqaviləsinə əsasən iddiaçı həmin məktəbdə X3 vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan, 16.09.2013-cü il tarixli 129 nömrəli əmrin çıxarışından görünür ki, İddiaçı ixtisası üzrə müəllim saxlanmaqla, 16.09.2013-cü il tarixdən X3 vəzifəsindən azad edilmişdir. İşdə olan 29.06.2018-ci il tarixli 89 saylı əmrin çıxarışından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30.06.2018-ci il tarixdən xitam verilmişdir. İşdə olan 18.09.2018-ci il tarixli 118 saylı əmrin çıxarışından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 24.08.2018-ci il tarixli 2(051)-2128/2018 saylı qətnaməsinə əsasən İddiaçı yenidən işə bərpa edilmişdir. İşdə olan, Cavabdeh direktorunun 25.08.2021-ci il tarixli, 133 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də Cavabdeh biologiya müəllimi işləyir, 2021-2022-ci tədris ilində İddiaçı 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. İşdə olan, Cavabdeh rəhbərliyi tərəfindən verilmiş məlumat cədvəlindən görünür ki, İddiaçı dioqnostoik qiymətləndirmədə iştirak etməmişdir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı 02.04.2008-ci il tarixli 30 saylı əmr ilə X4 vəzifəsinə təyin olunmuş, bundan sonra həmin məktəbin direktorunun 16.09.2013-cü il tarixli 129 saylı əmri ilə ixtisası üzrə müəllim saxlanılmaqla həmin tarixdən UBR (X4) vəzifəsindən azad olunmuşdur. Cavabdeh direktorunun 29.06.2018-ci il tarixli 89 saylı əmri ilə 29.06.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «d» bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 29.06.2018-ci il tarixli 89 saylı əmr etibarsız hesab edilmiş və o, Cavabdeh biologiya müəllimi işinə bərpa edilmişdir. Bundan sonra iddiaçı məhkəmənin həmin qətnaməsinə əsasən Liseyin direktorunun 18 sentyabr 2018-ci il tarixli 118 saylı əmri ilə biologiya və həyat bilgisi müəllimi vəzifəsinə bərpa edilmiş və 2021-2022-ci tədris ilində isə 6 (altı) saat dərs yükü ilə təmin olunmuşdur. Ona görə də tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır: Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin (işəgötürənin) əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməməsi səbəbindən, iddiaçı tam iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək imkanına malik olmamış, nəticədə onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmuşdur. Bu hal isə işçinin qanunla qorunan əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, ümumtəhsil məktəblərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edidiyi halda, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni icrası hamı üçün məcburi olan normativ hüquqi akta istinad etmədən iddiaçının dərs yükünün 6 saat həcmində müəyyən etmişdir. Belə olan halda iddiaçı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı almışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215nömrəli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının 1-ci hissəsinin 2-ci abzasına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları (bundan sonra mətndə Qaydalar) Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsini, pedoqoji işçilərin işə qəbulu və yerdəyişməsini tənzimləyir, bu sahədə təhsil idarəetmə orqanlarının ərazi maliyyə hesablaşma mərkəzlərinin, müəssisə rəhbərlərinin səlahiyyət və vəzifələrini müəyyən edir (Qaydaların 1.2-ci bəndi). «Qaydalar» Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 saylı sərəncamına və həmin «Qaydalar»ın 1.1-ci bəndində sadalanan digər səlahiyyətli orqanların normativ aktlarına uyğun olaraq hazırlanmışdır. «Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 №li Sərəncamına, 23 avqust 2017-ci il tarixdə dəyişiklik edilərək 1-1-ci hissə əlavə edilmiş, həmin hissəyə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulurlar. «Qaydalar»ın 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Həmin «Qaydalar»ın 5.2-ci bəndinə əsasən işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. İşin faktiki hallarından göründüyü kimi iddiaçı işə götürülərkən işəgötürən «Qaydalar»ın 4.1-ci bəndinin tələbini pozaraq iddiaçı ilə müsabiqədən kənar müddətsiz əmək müqaviləsi bağlamış, sonradan əmək müqaviləsinə xitam versə də, Mingəçevir Şəhər Məhkəməsinin 24.08.2018-ci il tarixli 2(051)-2128/2018 saylıqətnaməsi ilə sözügedən əmr etibarsız hesab edilmiş və iddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdeh biologiya müəllimi vəzifəsinə bərpa olunmuşdur. Bununla da iddiaçının mərkəzləşdirilmiş müsabiqədən kənar işə qəbul edilməsi məsələsi aradan qalxmışdır. Göründüyü kimi, «Qaydalar»ın 4.1-ci bəndinə görə işəgötürən işçini müddətsiz müqavilə ilə işə qəbulunu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirməli idi. Belə olan vəziyyətdə cavabdeh iddiaçıya müsabiqədən kənar işə qəbul olunduğu üçün diaqnostik qiymətləndirməyə buraxmamaqda haqlı olmamışdır. Çünki sözügedən «Qaydalar»ın 5.2-ci bəndi buna imkan vermir. Belə ki, orada göstərilmişdir ki, işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər. Məhkəmə cavabdehin «Ümumi Təhsil Müəssislərində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması» Qaydalarının 5.5-ci bəndinə istinad etməsi ilə də razılaşmamışdır. Belə ki, həmin bənddə diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilməsindən söhbət gedir ki, bunun da iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə ki, o, ümumiyyətlə yuxarıda göstərilən səbəbdən diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Həmin “Qaydalar”ın 7.2-ci bəndinə əsasən yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək heyət haqqında məlumatın www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirmənin məqsədinin heyətə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar. Həmin “Qaydalar”ın 7.3-cü maddəsinə əsasən yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş vaxtda heyətin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üçün birbaşa məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Cavabdeh biologiya müəllimi kimi 1 stavkadan (18 saatdan) az olmayan dərs yükü ilə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar