Məhkəmə qərarları › İş №2(051)-1920/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1920/2021

02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1920/2021 02.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçilər: Ərizəçi2, Ərizəçi1 və onların vəkili X1 Maraqlı şəxs: Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, uşaqları 20.07.2017-ci il tarixdə doğulmuş X5 və 21.11.2018-ci il tarixdə doğulmuş X3 doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı Ərizəçi2 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Ərizəçi1 ilə 2016-cı il tarixdə ailə qurmuş, nikahlarını isə 30.04.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşayışlarından 20.07.2017-ci il tarixdə X7 və 21.11.2018-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Uşaqlar Füzuli rayon Horadiz şəhər xəstəxanasında doğulmuş, lakin onların doğumunu vaxtında qeydiyyat orqanında qeyd etdirmədikləri üçün uşaqların doğumu haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda uşaqların doğum haqqında şəhadətnamələrinin olmaması problem yaratdığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyildir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Ərizəçi1 məhkəməyə təqdim etdiyi ərizə əsasında Mingəçevir Şəhər Məhkəməsinin 02 dekabr 2021–ci il tarixli qərardadı ilə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 doğum faktının müəyyən edilməsi barədə ərizəsi Ərizəçi1 aid hissədə baxılmamış saxlanmışdır. Ərizəçi2 əsasən ərizənin məzmununa uyğun izahat verdi və ərizənin ona aid olan hissədə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclası zamanı izahatında göstərdi ki, ərizəçi uşaqlarının doğumu barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ona uşaqlarının doğumu barədə şəhadətnamənin verilməsi mümkün olmamışdır və bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, məhkəmədən qanuna uyğun qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Ərizəçi2 və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında tibbi şəhadətnamədən görünür ki, 20.07.2017-ci il tarixdə Füzuli rayon Mərkəzi xəstəxanasında cinsi oğlan olan bir uşaq doğulmuşdur. İşdə olan “Füzuli rayon Mərkəzi Xəstəxanası” PHŞ Horadiz şəhər xəstəxanasından verilmiş 28 saylı, 31.03.2020-ci il tarixli tibbi arayışdan görünür ki, X4 21.11.2018-ci il tarixdə Füzuli rayon Horadiz şəhər xəstəxanasında doğuşdan azad olunmuş və ondan bir oğlan uşağı doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-100/15 saylı, 22.09.2021-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, 20.06.2017-22.09.2021-ci illər üzrə Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və 20.06.2017-ci il tarixdə doğulmuş uşağın doğumunun qeydə alınması müəyyən edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-99/15 saylı, 22.09.2021-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, 21.11.2018-22.09.2021-ci illər üzrə Maraqlı şəxs Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılan akt qeydləri, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılmış və 21.11.2018-ci il tarixdə doğulmuş uşağın doğumunun qeydə alınması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ Uşaq poliklinikasından verilmiş 2491 saylı, 02.12.2021-ci il tarixli arayışdan görünür ki, 20.07.2017-ci il tarixdə Nüsrətli (Vəliyeva) Səbinə Elburus qızından doğulmuş bir nəfər oğlan uşağı sağlamdır. İş materiallarına əlavə edilmiş “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ Uşaq poliklinikasından verilmiş 2492 saylı, 02.12.2021-ci il tarixli arayışdan görünür ki, 21.11.2018-ci il tarixdə Nüsrətli (Vəliyeva) Səbinə Elburus qızından doğulmuş bir oğlan uşağı sağlamdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, Ərizəçi2 20.07.2017-ci il tarixdə Fuad və 21.11.2018-ci il tarixdə Elcan adlı uşaqları Füzuli rayon Horadiz şəhər xəstəxanasında doğulmuşdur. Lakin onların doğumunu vaxtında qeydiyyat orqanında qeyd etdirmədiyi üçün uşaqların doğumu haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, o, Maraqlı şəxsnə müraciət etmiş, lakin uşaqlarının doğumu barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyinə görə ona uşaqlarının doğumu barədə şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda uşaqların doğum haqqında şəhadətnamələrinin olmaması problem yaratdığından, uşaqların doğulması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.1–ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11–ci maddəsinə görə məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə işin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi qeydiyyat orqanına uşaqlarının doğumu barədə tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün uşaqların doğumunun qeyd edilərək bu barədə şəhadətnamənin verilməsi mümkün olmadığından, uşaqların doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM–in 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, doğum faktının müəyyən edilməsi ərizəçiyə uşaqlarının doğumu haqqında şəhadətnamənin verilməsi üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, Ərizəçi2 uşaqları X5 20.07.2017-ci il tarixdə, X3 21.11.2018-ci il tarixdə Füzuli rayonunda doğulması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi Nüsrətli (Vəliyeva) Səbinə Elburus qızının Füzuli rayonunun Horadiz şəhərində 20.07.2017-ci il tarixdə Fuad və 21.11.2018-ci il tarixdə Elcan adlı oğlan uşaqları doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar