Məhkəmə qərarları › İş №2(051)-1942/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1942/2021

04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1942/2021 04.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 26.07.1991-ci il tarixli 363 saylı qərarı ilə verilmiş 002073 saylı orderdə qeyd olunmuş X2 atası X4 ilə eyni şəxs olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizə xüsusi icraat qaydasında baxılmalı işlər üzrə ərizənin formasına uyğun tərtib edilsə də, mahiyyət etibarı ilə iddia ərizəsinə məxsus xüsusiyyətləri özündə ehtiva etsə də, ərizənin məzmunundan aydın olur ki, ərizədəki tələbin hər hansı faktın müəyyən edilməsinə yönəlmədiyi, nəinki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində qeyd edilən hüquqi əhəmiyyəti olan faktlara, hətta Həmin Məcəllənin 305-ci maddəsində nəzərdə tutulan xüsusi icraat qaydasında baxılmalı olan işlərin dairəsinə də daxil deyildir. Göründüyü kimi ərizəçi atası, X3 Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 26.07.1991-ci il tarixli 363 saylı qərarı ilə verilmiş 002073 saylı orderdə göstərilən şəxslə eyni şəxs olması, sözügedən orderdə düzəliş edilərək, atasının adının X1 qeyd edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmiş, halbuki, bununla bağlı ərizəçi ilk növbədə maraqlı şəxs olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli olduğu halda, birbaşa məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçi məhkəmədən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olmayan faktların müəyyən edilməsini xahiş etdiyindən, ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Belə ki, qeyd olunan faktın məhkəmədən kənar qaydada əldə edilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində hüquqi əhəmiyyətli faktlara baxılması o zaman mümkün sayılmışdır ki, ərizəçi ona lazım olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-in 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Ərizəçi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək hüququnun olması, imtina olunduğu halda, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar