Məhkəmə qərarları › İş №2(051)-1987/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1987/2024

03.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1987/2024 03.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X1 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmə icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, iddiaçı tərəf mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi versə də, həmin tələb üzrə tərəflər arasında barışıq sazişi bağlanmışdır. Məhkəmə hesab edir ki, tərəf barışıq sazişindən narazıdırsa və onu mübahisələndirmək istəyirsə, ilk öncə barışıq sazişinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəmənin qənaətincə tərəflər arasında olan barışıq sazişi müqavilədir və hal-hazırda mübahisələndirilmir. Ona görə həmin barışıq sazişi mübahisələndirilmədən qüvvədə olan müqavilənin tənzimlədiyi münasibətlərə dair ərizə verilməsi yol verilməzdir. Belə ki, Mediasiya haqqında Qanunun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mediasiya haqqında Qanunun 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanununun 34.3-cü maddəsinə əsasən Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Qanunun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Ona görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir, iddia ərizəsinin icraata qəbul edilməsi üçün əsaslar mövcud deyildir və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Priosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Priosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Priosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. xx.xx.2024-cü il tarixdə saat 12:20:01-də Azərpoçt MMC-nin Mingəçevir filialına ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar