Məhkəmə qərarları › İş №2(051)-2072/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2072/2023

19.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2072/2023 19.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil Üçüncü şəxs: X1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X6, X12, X13, X9 qarşı mənzili özgəninkiləşdirmək öhdəliyinin qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 15 saylı evin, 43 saylı mənzilinin özgəninkiləşdirilməsi barədə müqavilənin mənzildə qeydiyyatda olan X1, X4, X10, X11, X7 razılığı olmadan onun tərəfindən bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 15 saylı evin, 43 saylı mənzili 26 fevral 1997-ci il tarixdən onun mülkiyyətindədir. Belə ki, o, 10 yanvar 1976-cı il tarixdə X5 ilə nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan onların Nazim, Qəribə və Südabə adlı uşaqları doğulmuşdur. X26 17 aprel 1994-cü ildə Güllücə ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Mənzildə uşaqları Nazim, Qəribə və Südabə, onların uşaqları, qaynı İlqar Hüseynov və onun qızı Zöhrə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qızları evlənib mənzili tərk etmişlər. Qaynının da başqa ünvanda evi vardır. Hazırda onunla bərabər mənzildə oğlu Nazim və onun ailəsi yaşayır. O, mülkiyyətində olan mənzilini oğlu Nazimə bağışlamaq istəyir, lakin notarial ofisi bu əməliyyatı sənədləşdirməkdən imtina etmişdir. Ondan qeydiyyatda olanların razılıq verməsini tələb etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs mülkiyyətində olan mənzili öz övladına bağışlamaq üçün Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmiş, lakin notarius Notariat hərəkətlərinin aparılmasıhaqqında təlimata istinad edərək, mənzildə qeydiyyatda olan üçüncü şəxslərin razılıq ərizəsinin olmamasını əsaslanaraq, müqaviləni təsdiq etməkdən qanunsuz olaraq intina etmişdir. Hesab edir ki, notariusun hərəkəti qanunsuzdur. Belə ki, üçüncü şəxslər uzun müddətdir daimi yaşamaq mənzildən çıxmış və başqa ünvanlarda yaşayırlar, həmçinin onların hər birinin qanuni istifadələrində və mülkiyyətlərində yaşayış sahələri vardır. Onların heç birinin mübahisəli mənzilə ehtiyacları yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı üçüncü şəxs X8 iddianı qəbul etmədi, əsasən etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhərində yaşayır, evlidir, iki uşağı var. Mərhum atası Mingəçevir şəhərinə gələndə, Mingəçevir kəndindən ev almışdır. Sonradan isə atasının aldığı ev plana düşmüşdür. Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 15 saylı evin, 43 saylı mənzili ona dövlət tərəfindən verilmişdir. Həmin mənzildə o, İddiaçı və digər şəxslər yaşayış yeri üzrə qeydiyyatdadırlar. O, həqiqi hərbi xidmətə gedənə qədər o mənzildə yaşamışdır. Hərbi xidmətdən qayıdıb gələndən sonra qardaşına ev verilmişdir. Ailədə onu yola vermədiklərinə görə o, evdən çıxmışdır. Sonra kirayədə yaşamağa başlamışdır. Sonradan eşitmişdir ki, qarajı, obyekt yerini qardaşının yoldaşı satmışdır. Ehtiyacı olduğunu fikirləşmişdir. Lakin sonradan bilmişdir ki, yaşadıqları evi də satmaq istəyir. Onlar narazılıqlarını bildirmişlər. Atalarının evi olduqlarını demişlər. Hesab edir ki, mübahisəli mənzildə onların hamısının payı vardır. Əgər ev satılarsa, onların da iştirakı olmalıdır. Əgər satılmırsa, o, atasının evində yaşamaq hüququ istəyir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, üçüncü şəxslər X6, X12, X13 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə nümayəndəsinin iştirakları olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslərə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün onların məlum olan axırıncı yaşayış yeri üzrə 1 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmışdır. Qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin və üçüncü şəxs X1 izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Mingəçevir X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Mingəçevir X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 45 saylı 31 yanvar 1997-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan İ-JQ seriyalı 311938 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X17 arasında xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah 5 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1994-cü il tarixdə Ağdam rayonunun Güllicə kəndində ölmüşdür. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı 17 iyun 2005-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X8, X14, X18, X19, X15 da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Ramin Muradovun 20 iyul 2023-cü il tarixli 1487 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən mənzildə daimi qeydiyyatda olan ailə üzvülərinin razılığını aldıqdan sonra mənzili özgəninkiləşdirə bilmək hüququna malik olduğunu qeyd etməklə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli mənzil şəxsi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Mingəçevir X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 45 saylı 31 yanvar 1997-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçının əri X5 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Mənzildə iddiaçı və üçüncü şəxslər X8, X14, X18, X19, X15 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Hazırda iddiaçı ilə bərabər mənzildə oğlu Nazim və onun ailəsi yaşayır. İddiaçı mülkiyyətində olan mənzilini oğlu Nazimə bağışlamaq istəyir, lakin Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə istinad edərək mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizələri olmadığına görə bağışlama müqaviləsini təsdiq etməkdən etmişdir. Hazırda üçüncü şəxslər iddiaçı ilə olan qərəzli münasibətlərinə görə onlardan razılıq alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə əmlak xarakterli hüquq münasibəti olduğundan, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Həmçinin mülki qanunvericilik bağışlama müqaviləsinin notarius qaydasında təsdiqlənməsi ilə etibarlı sayıldığını qeyd edir. Lakin bu müddəa mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa yönəlməməlidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla xüsusi mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdir. Belə olan halda məhkəmə daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktı tətbiq etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzilin bağışlama müqaviləsi mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzilin bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin X1, X4, X10, X11, X7 razılığı olmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar