Məhkəmə qərarları › İş №2(051)-2102/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2102/2021

10.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2102/2021 10.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı, vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ödənilməyən illər üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, eyni tələblərlə bərabər Mənzil Təsərrüfatı İdarəsinin rəisinin 70 №-li 20 avqust 2021-ci il tarixli əmrinin ləğv olunmasını xahiş etmişdir. Məhkənə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, 2007-ci ildə Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 8 №-li MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 №-li MİS-ə sahə nəzarətçisi vəzifəsinə keçirilmişdir. Müdiriyyət ona sahə nəzarətçisi işinə keçməsini təklif etmiş, o da etiraz etməmişdir. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 20 avqust 2021-ci il tarixli əmri ilə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün müdiriyyətin 19 fevral 2021-ci il tarixli 12 №-li və 09 iyul 2021-ci il tarixli 55 №-li əmrləri əsas hesab olunmuşdur. Onu bildirir ki, 19 fevral 2021-ci il tarixdə, həqiqətən də, işə 10 dəqiqə gecikmişdir. Buna səbəb isə həmin vaxt təzyiqinin artması olmuş, işə vaxtında gələ bilməmişdir. O, həmin gün işə gecikmə səbəbi ilə bağlı müdiriyyətə izahat vermişdir. Lakin 10 dəqiqə gecikməyə görə ona töhmət verilmişdir. 09 iyul 2021-ci il tarixli əmrdən isə işdən çıxarılmamışdan 08-09 gün əvvəl məlumatı olmuşdur, həmin vaxt əmrlə tanış olmuşdur. Bundan bir neçə gün sonra isə onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. Sonra başa düşmüşdür ki, səbəb onu işdən azad etməkdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi əmək funksiyasını yerinə yetirməməsi göstərilmişdir. Guya o, vaxtında kirayə pullarını yığa bilməmişdir. Sahə nəzarətçisi kimi o, verilən bildirişləri mənzillərə çatdırır, yaşayış olmayan mənzillərə dair bildirişləri müdiriyyətə qaytarır, xidmət haqqını toplayıb müdiriyyətə verir. O, üzərinə götürdüyü vəzifəni həmişə yerinə yetirmişdir. Bildirişlərin paylanması və xidmət haqqının yığılması ilə onunla birlikdə 5 nəfər məşğul olur. 3 nəfər sahə nəzarətçisidir, 2 nəfər isə sosial işçilərdir. Bildirişlərin paylanması və ya xidmət haqları barədə ayrıayrılıqda onlara plan qoyulmamışdır. Ancaq hər biri üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışır, iş günü ərzində bununla məşğul olurlar. İşdən azad edərkən ona bildirilir ki, guya o, digər sahə nəzarətçilərindən az xidmət haqqı toplayır. Qeyd etdiyi kimi xidmət haqqının yığılması ilə o və digər 4 nəfər məşğul olur. Onlardan 2 nəfəri sosial işçilər olduğuna görə adlarına xidmət haqqı yığımı ilə bağlı qeydiyyat aparılmır, həmin şəxslərin yığdıqları xidmət haqqı digər 2 nəfər sahə nəzarətçilərinin və müdirin adına yazılmışdır. Bü cür bölgüyə səbəb isə müdiriyyətin dəfələrlə ona sosial işçi keçməsi təklifi, onun isə razılaşmaması olmuşdur. O, üzərinə götürdüyü vəzifəni həmişə yerinə yetirmişdir. Onu da bildirir ki, işdən çıxarılması ilə bağlı müdiriyyətin həmkarlar təşkilatına göndərdiyi təqdimata onun iştirakı olmadan baxılmış, onunla bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin təqdim etdiyi protokoldan ona məlum olur ki, həmkarlar təşkilatı iclas keçirmişdir. Əgər məlumatı olsayıdı o da hüquqlarını müdafiə etmək üçün həmin iclasda iştirak edərdi. Hesab edir ki, onunla bağlanmış əmək müaviləsinin ləğv edilməsi barədə müdiriyyətin 20 avqust 2021-ci il tarxli 70 №-li əmri qanunsuzdur. Ona görə də həmin əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan əlavə işlədiyi illərdə əmək haqqı tam ödənilməmiş, 19 fevral 2015-ci ildən 06 iyul 2021-ci ilə kimi müdiriyyət tərəfindən 2361,87 manat əmək haqqı ödənilməmişdir. İddianın həmin hissədə də təmin olunmasını, ödənilməmiş 2361,87 manat əmək haqqının ödənilməsi barədə də qətnamə çıxarılmasını xahiş edir. İddiaçının vəkili Atakişiyeva Təzəgül İsgəndər qızı da iddia əsaslı olduğuna görə təmin olunmasını xahiş etdi. Cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı İddiaçı 2007-ci ildə Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 8 saylı MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmiş, 2013-cü ilin fevral ayında isə həmin idarənin 9 saylı MİS-ə sahə nəzarətçisi işinə keçirilmişdir. Müdiriyyətin 20 avqust 2021-ci il tarixli 70 №-li əmri ilə işdən azad olmuşdur. Belə ki, 9 saylı MİS-in rəisinin verdiyi məlumata görə İddiaçı mütəmadi olaraq işə gecikir, əmək funksiyasını yerinə yetirmir. Əmək funksiyasını yerinə yetirmədiyinə görə 19 fevral 2021-ci il tarixli 12 №-li və 09 iyul 2021 –ci il tarixli 55 №-li əmrlərlə iddiaçıya töhmət verilmişdir. İddiaçı hər iki töhmət əmri ilə tanış olmuş, tanış olma barədə imza etməkdən imtina etmişdir. Lakin iddiaçı qeyd edilən töhmət əmrlərindən şikayət verməmişdir. Əmək funksiyasını pozduğuna görə işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyasını pozaraq iki dəfə töhmət aldığına görə iddiaçı işəgötürənin 20 avqust 2021-ci il tarixli 70 №-li əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl onunla bağlanmış əmək müqaviləsinin qeyd edilən maddə ilə ləğv olunması məsələsinə baxılması üçün idarənin həmkarlar təşkilatına təqdimat verilmiş, həmkarlar təşkilatı təqdimata baxaraqa razılıq vermişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi tələbi barədə iddiası əsassızdır və iddianın həmin hissədə təmin olunmamasını xahiş edir. İddiçı, həmçinin, tələbində işəgötürən tərəfindən əvvəllər ona ödənilməmiş 2361,87 manat əmək haqqı borcunun ödənilməsini tələb edir. Cavabdeh həmin borcun ödənilməsindən imtina etməmişdir və həqiqətən də, həmin məbləğdə əmək haqqı ödənilməmişdir. Onu da bildirir ki, idarənin iddiaçıya əmək haqqı borcunun yaranması səbəbi, iddiaçının, o cümlədən digər işçilərin Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş idarənin ştat cədvəlində büdcədənkənar maliyyələşməyə salınması, MİS işçilərinin əhalidən xidmət haqqı yığımının zəif təşkil edilməsi ilə əlaqədar olmuşdur. Lakin qeyd etdiyi kimi cavabdeh əvvəllər ödənilməmiş 2361,87 manat əmək haqqını iddiaçıya ödəməkdən imtina etməmişdir və hissə-hissə ödəyəcəkdir. Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri X12 məhkəmə iclasında bildirdi ki, 19 avqust 2021-ci il tarixdə günün ikinci yarısında Mingəçevir Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin məktubu həmkarlar təşkilatına daxil olmuş, göstərilmişdir ki, 9 saylı MİS-in sahə nəzarətçisi İddiaçı qızı ona verilən tapşırıqları yerinə yetirməmiş, əmək funksiyasını yerinə yetirməmişdir. Ona 19.02.2021-ci il və 09.07.2021-ci il tarixli əmrlərlə töhmət verilmişdir. Ona görə də Z.Lğymanova ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş olunur. Bununla bağlı Həmkarlar Təşkilatının iclası səhəri günə, yəni 20 avqust 2021-ci il tarixə təyin edilmiş, 9 saylı MİS-in rəisi Əhməd Məmmədova bildirmişdir ki, Zülfiyyə Löymanovanı iclasa dəvət etsin. MİS-in rəisi Əhməd Məmmədov demişdir ki, İddiaçı həmkarlar təşkilatının iclası barədə məlumat verilmişdir. Lakin İddiaçı iclasa gəlməmişdir. İdarənin rəisinin təqdimatına Həmkarlar Təşkilatının 20 avqust 2021-ci il tarixli iclasında baxılmış, sahə nəzarətçisi Löymanova Zülfiyyə Mirağa qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi ilə Bayramova (Löymanova) Zülfiyyə Mirağa qızı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı 02 aprel 2007-ci il tarixdə idarənin 8 saylı MİS-də tərbiyəçi müəllim vəzifəsinə təyin edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsinin rəisi ilə İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, İddiaçı 01 fevral 2013-cü il tarixdə Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi vəzifəsinə qəbul edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70№-li 20.08.2021-ci il tarixli əmrində göstərilir ki, 02.04.2007-ci ildə 9 saylı MİS-də işə qəbul olunmuş nəzarətçi İddiaçı ilə bağlanmış əmək müqaviləsi 20.08.2021-ci il tarxdən Əmək Məcəlləsinin 70-ci maddəsnin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən ləğv edilsin. Əsas idarənin 19.02.2021-ci il tarixli 12 №-li və 09.07.2021-ci il tarixli 55 №-li əmrləri. İşə əlavə edilmiş Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 12 №-li 19.02.2021-ci il tarixli əmrində göstərilir ki, 19.02.2021-ci il tarixdə 9 saylı Mənzil İstismar sahəsinin nəzarətçisi Löymanova Zülfiyyə Mirağa qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasaən töhmət elan edişin. Əsas Ə.Məmmədovun 17.02.2021-ci il tarixli məlumatı. İşə əlavə olunmuş Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-in rəisi Ə.Məmmədovun 17.02.2021-ci il tarixli məlumatında göstərilir ki, 9 saylı MİS-in sahə nəzarətçisi İddiaçı 17.02.2021-ci il tarixdə səhər işə gecikmşdir. İsdə olan İddiaçı izahatında göstərilir ki, 17.02. 2021-ci ildə təzyiqi yüksəldiyi üçün səhər işə gec gəldi, xahiş edir onu üzrlü hesab edəsiniz. İşdə olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 55 №-li 07.07.2021-ci il tarixli əmrindən görünür ki, idarənin 7 nəfər işçisinə, o cümlədən İddiaçı qızına əmək funksiyasının yerinə yetirmədiklərinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət elan edilmişdir. İşdə olan 9 saylı MİS-in rəisi Məmmədov Əhməd Fikrət oğlunun 09.07.2001-ci il tarixli məlumatında göstərilir ki, sahə nəzarətçisi İddiaçı may-iyun ayında işi təşkil edə bilmədiyi, yığımı təşkil etmədiyi üçün haqqında tədbir görülsün. İşdə olan Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin idarənin Həmkarlar Təşkilatının sədrinə ünvanlandığı 344 №-li 19 avqust 2021-ci il tarixli məktubunda göstərilir ki, 9 saylı MİS-in nəzarətçisi İddiaçı qızına əmək intizamını pozduğuna görə 19.02.2021-ci il tarixli əmrlə, 09.07.2021-ci il tarixli 12 №-li əmrlə töhmət elan edilmişdir. Bununla əlaqədar onunla bağlanmış əmək müaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” və 72-ci maddəsinin “ə” bəndlərinə əsasən xitam verilməsinə münasibət bildirilsin. İşdə olan Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Həmkarlar Təşkilatının 04 №-li 20 avqust 2021-ci il tarixli protokolundan görünür ki, işəgötürənə 9 saylı MİS-in nəzarətçisi İddiaçı əmək və icra intizamının pozulduğuna, 2021-ci ilin altı ayı ərzində ona iki dəfə töhmət verildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. İşdə olan Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir Regional Ərazi idarəsinin rəisinin İddiaçı 06 avqust 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, müraciəti araşdırılmış 06.07.2021-ci il tarixə müəssisənin ona 2361,87 manat əmək haqqı borcu qalması müəyyən edilmişdir. İşdə olan Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 569 №-li 09 dekabr 2021-ci il tarixli arayışında göstərilir ki, idarənin İddiaçı 06.07.2021-ci il tarixə cəmi 2361.87 manat ödənilməmiş əmək haqqı borcu vardır. İşdə olan ******* №-li əmək kitabçasının surətində göstərilir ki, orta-ixtisas təhsilli X4 02 aprel 2007-ci ildə 8 №-li MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul olunmuş, 20 avqust 2021-ci ildə Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 arasında 14 yanvar 2014-cü ildə rəsmi nikah qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Löymanova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində, qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı 02 aprel 2007-ci ildə Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 08 saylı MİS-də tərbiyəçi müəllim vəzifəsinə qəbul edilmişdir. İşdə olan iddiaçı Zülfiyyə Löymanova ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı 01 fevral 2013-cü ildə 9 saylı MİS-də sahə nəzarətçisi işinə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdehin 70 №-li 20 avqust 2021-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən ləğv edilmişdir. Əmək Məcəlləsinin 57-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən işçinin əmək funksiyasını-əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmirdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əsaslarından biri onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklətini yerinə yetirməməsi olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin əsasın mövcudluğunu iddiaçının mənzillərdən xidmət haqqını az yığması, yığımı təşkil edə bilməməsi ilə izah etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 fevral 2013-cü il tarixli əmək müqaviləsindən görünür ki. işçinin əmək funksiyası mülkiyyətçilərdən və kirayənişinlərdən xidmət haqqını yığmasıdır. Cavabdeh, iddiaçının əmək funksiyasını, müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsini xidmət haqqını az yığması ilə əsaslandırsa da istər əmək müqaviləsində, istərsə də hər hansı sənədlə iddiaçının (işçinin) hər gündə, həftədə, ayda və sair nə qədər xidmət haqqı yığılmalı olması müəyyən edilmir. Eləcə də iddiaçıya xidmət haqqı yığımı ilə əlaqədar verilən bildirişlərin, xidmət haqqı yığılacaq mənzillərin sayı iş materialları ilə müəyyən edilmədi. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi göstərilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrini kobud şəkildə pozması hesab edilir. Cavabdeh həmin normaya istinad etməsini iddiaçının əmək funksiyasının yerinə yetirmədiyinə görə 19 fevral 2021-ci il və 09 iyul 2021-ci il tarixli əmrlərlə töhmət alması ilə əsaslandırmışdır. İş materialları ilə müəyyən edildi ki. iddiaçıya 19 fevral 2021-ci il tarixli 12 №-li əmrlə töhmət verilməsinə əsas onun əmək funksiyasını yerinə yetirməməsi deyil, 17 fevral 2021ci il tarixdə işə gec gəlməsi olmuşdur. İddiaçı izahatında həmin gün səhhətində yaranmış problemlə əlaqədar 10 dəqiqə işə gec gəldiyini bildirmiş, iş materialları ilə də iddiaçının işə neçə dəqiqə, neçə saat gec gəlməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin iddiaçının hərəkətlərində qeyd edilən maddədə göstərilən hər hansı bir halın olması müəyyən edilmədi. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin məhkəmə iclasında müəyyən edildi ki, işəgötürənin (cavabdehin) idarənin Həmkarlar Təşkilatına göndərdiyi təqdimata baxılması zamanı iddiaçı iclasa dəvət olunmamış, ona görə də o, öz hüquqlarını müdafiə etmək üçün təşkilatın iclasında iştirak etmək imkanı olmamışdır. Həmkarlar Təşkilatının sədri məhkəmə iclasında verdiyi izahatında iclasın vaxtı barədə Z. Löymanovaya məlumat verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənədi təqdim etmədi. Təqdimata əsaslandırmış sənədlər əlavə edilməmiş, həmkarlar təşkilatında tam araşdırma aparılmadan dərhal iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “ə” bəndi ilə ləğv olunmasına razılıq vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin olunmalı, Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 70 №-li 20 avqust 2021-ci il taeixli əmri ləğv edilməli, iddiaçı Löymanova X3 şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. İddiaçı tələbində, həmçinin, 19.02.2015-ci ildən əmək haqqısı ödənilmədiyini, ödənilməyən 2391,87 manat məbləğində əmək haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı həmin hissədə etiraf etdiyini, cavabdehin ödənilməmiş əmək haqqını ödəməkdən imtina etmədiyini, ödənilməmiş əmək haqqını ödəyəcəyini bildirmişdir. Cavabdeh tərəf əmək haqqı borcunun yaranmasını isə işçilərin şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş idarənin ştat cədvəlində büdcədənkənar maliyyələşməyə salınması, büdcədənkənar maliyyələşən MİS işçilərinin ştat cədvəlində nəzərdə tutulan əmək haqlarının ödənilməsi üçün idarənin gəlir və xərclər smetasında maliyyə vəsaitinin nəzərdə tutulmaması, MİS işçilərinin əhalidən xidmət haqqı yığımını zəif təşkil etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 02.04.2007-ci ildə müddətsiz, vaxtamuzd Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə işə qəbul edilmiş, əvvəlki əmək haqqı 195 manat, dəyişikliklə əmək haqqı 271 manatdır. Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. İşdə olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 26 №-li 30.04.2021-ci il tarixli əmrindən görünür ki, idarənin 2021-ci il üçün təsdiqlənmiş ştat cədvəlinə əsasən büdcədən kənar vəsait hesabına maliyyələşən işçilərin 01.05.2021-ci il tarixdən əməyin ödənişinin işəmuzd sisteminə keçirilməsi əmr edilmişdir. Lakin işçilərin, eləcə də iddiaçının həmin əmrlə tanış olması, yeni əmək şəraitinə razılıq vermələri iş materialları ilə müəyyən edilmədi. Ona görə məhkəmə hesab edir ki, iddiaçıya əmək haqqının işəmuzd hesablanması qanunsuzdur ki, bunun nəticəsində iddiaçıya əvvəlki illər üçün əmək haqqı müavilədə göstərilən əmək haqqı ilə hesablanmamış və ödənilməyən əmək haqqı qalmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia əvvəlki illər üçün ödənilməmiş 2361,87 manat əmək haqqının ödənilməsi hissəsində də təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş cəmi 100 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t et d i : İddia təmin edilsin. Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisinin 70 №-li 20.08.2021-ci il tarixli əmri ləğv olunsun. İddiaçı Löymanova X3 şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 9 saylı MİS-də sahə nəzarətçisi işinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. 2015-ci ilin fevral ayından 06 iyul 2021-ci il tarixə kimi müddətdə əmək haqqının ödənilməmiş hissəsi olan 2361,87 (iki min üç yüz altmış bir manat səksən yeddi qəpik) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilsin. Rüsum kimi ödənilmiş 100(bir yüz) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar