Məhkəmə qərarları › İş №2(051)-2146/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2146/2022

05.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2146/2022 05.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylıevin, 7 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylı evin 7 saylı mənzili 03 noyabr 2020-ci ildən onun mülkiyyətindədir. Cavabdeh adlı şəxsə heç bir haqq almadan mülkiyyətində olan evdə müvəqqəti qalmağa icazə vermişdir. Lakin hazırda Pərvanə Tahhirova ona məxsus olan mənzildən öz evi kimi istifadə edir və həmin mənzildən çıxmır. Onu məcburi evdən çıxarda bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mənzilin mülkiyyətçisi olmasına baxmayaraq öz mənzilinə girə bilmir. O, Pərvanəyə mənzilindən istifadə hüququ verməmişdir. Ona görə də Cavabdeh Mingəçevir şəhəri N.Gəncəvi küçəsi 4B saylıevin, 7 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması haqqında məhkəmədən qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 36,20 kv.metr ümumi sahəyə malik Mingəçevir şəhər N.Gəncəvi küçəsi ev 4B, mənzil 7-də yerləşən daşınmaz əmlak İddiaçı tam xüsusi mülkiyyətindədir. Məhkəmənin qənaətinə görə İddiaçı ilə Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Mingəçevir şəhər N.Gəncəvi küçəsi ev 4B, mənzil 7-də yerləşən mənzili iddiaçının mülkiyyətindədir. İşə əlavə edilmiş çıxarışdanda gorunu ki, qeyd olunan mənzil xx.xx.2020-cu ildən İddiaçı mülkiyyət hüquqları qeydə alınmaqla onun mülkiyyətindədir. Həmin mənzilində iddiaçı ilə qeyri rəsmi münasibətləri olan Cavabdeh məxsus əmlaklar vardır. Məhkəmə hesab edir ki, iddia predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan və yarana mübahisə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin olunması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehlərin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə X2 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli miübahisəli mənzildən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olubolmamasının müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq münasibətləri 2020-ci il tarixdə yaranmış, həmin vaxt cavabdeh iddiaçıya məxsus Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilə köçmüş. İddiaçı ilə cavabdeh arasındakı mübahisə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2020-ci ildən sonra yaranmış münasibətlərdən irəli gələn mübahisədir. Ona görə də hazırkı mübahisə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı 2020-cü ildə sonra yaranmış münasibətlərdən irəli gələn mübahisə olduğundan, tərəflər arasında yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşmanın, həmçinin iddiaçının onun ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, mübahisənin düzgün həll edilməsi üçün mübahisəli evin hansı hüquqi statusda olması da müəyyən edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının hansı hüquqi statusda iddia qaldırması, yəni onun mübahisəli ev üzərində hansı hüquqa malik olması, həmçinin cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququnun olub–olmaması məsələsi də müəyyən olunmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı ilə uzun müddət qeyri rəsmi münasibətdə olmuş və münasibətləri dərinləşdikdən sonra iddiası xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzili alqı-satqı yolu almış və daşınmaz əmlakın dövlət qeyt xidmətində qeydiyyatdan keçməklə onun mülkiyyətinə keçmişdir. Bundan sonra iddiaçı cavabdehi müvəqqəti olaraq ora köçürmüşdür. Cavabdehin həmin mənzilin tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, işdə olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzil Notariat kontorunun təsdiq olunmuş müqaviləyə əsasən 03 noyabr 2020-ci ildə mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə hazırkı vəziyyətdə cavabdehin mübahisəli mənzilin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olub olmamasını məsələsinin müəyyən edilməsini də mübahisənin qanuni həll edilməsi baxımından zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəçsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 9.4-cu maddəsçinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. İş materiallarından da görünür ki, tərəflər arasında rəsi dövlət qeydiyyatına alınmış nikah mövcud deyildir. Qanunun mənasından da görünür ki, Azərbaycan Respublikasında ancaq müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında qeyri rəsi ailə münasibətlərində olma “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, qeyri rəsmi ər-arvad münasibətlərdə olan kişinin əmək qabiliyyətli arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin Ailə qanunvericiliyi əsasında yaşayış sahəsində cavabdehin mənzildə iddiaçının ailə üzvü kimi yaşamaq və özünün saxlanılmasını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisinin arasında ailə münasibətləri olmamış, həmçinin Cavabdeh mübahisəli mənzil üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququnun olmasının heç bir hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin 2020-ci il tarixdə köçdüyü mənzilin mülkiyyətçisi ilə notariat qaydasında yazılı razılaşma bağlamadığından, onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmçinin o, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü olmadığından, həmçinin hazırkı mülkiyyətçinin razılığı olmadığından, onun mənzildən müəyyən müddətə istifadə etmək hüququ da yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan olduğundan təmin edilməli, cavabdeh Tahirova X1 şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhəri N.Gəncəvi küçəsində yerləşən 4B saylı evin 7 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar