Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2193/2021 14.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi:Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X6 onun doğma nənəsidır. Nənəsi 04.12.2016-ci il tarixdə rəhmətə getmiş və bu haqda ona ölüm haqqında şəhadətnamə də verilmişdir. Nənəsindən ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Həmin mənzil üzərində mərhum nənəsi X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29.10.2021-ci il tarixdə ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı verilmişdir. Nənəsi mənzili sağlığında vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Nənəsinin ölümündən sonra faktiki olaraq əmlakı qəbul etmiş və ona sahiblik etməyə başlamışdır. Digər vərəsələr olan anası və dayısı da mirasın onun tərəfindən qəbul edilməsinə etiraz etmir. Nənəsinın ölümündən sonra o, notariat kontoruna müraciət etmiş və mərhum nənəsindən miras qalmış əmlakı qəbul etmək istədiyini bildirmişdir. Mingəçevir şəhər “Asan Xidmət” mərkəzində notariat ofisinin notariusu ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Hazırda qeyd olunan mənzildən özü istifadə edir. X2 miras qalmış əmlakı başqa yolla əldə edə və bununla bağlı adına çıxarış ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə təqdim etdiyi yazılı ərizədə göstərmişdir ki, mərhum anasından miras qalmış bütün əmlakları, o cümlədən qeyd olunan mənzilə həqiqətən bacısı qızı Vəfa sahiblik edir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə təqdim etdiyi yazılı ərizədə göstərmişdir ki, mərhum anasından miras qalmış bütün əmlaklara, o cümlədən qeyd olunan mənzilə həqiqətən qızı Vəfa sahiblik edir. Hazırda ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 və Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 29.10.2021-ci il tarixdə ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 da yerləşən mənzilin üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20061040 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 01.02.2007-ci il tarixdə Mingəçevir 2 saylı dövlət notariat kontorunda 7E- 03-1931 nömrəli reyestrdə qeydə alınmış və hazırda qüvvədə olan vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, Salahova X5 şəhəri, Nizami küçəsi, ev 21, mənzil 14 da yerləşən mənzilni Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Mingəçevir regional ASAN xidmət mərkəzi tərəfindən verilmiş AZ-İ 839713 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 04.12.2016-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.02.2018-ci il tarixli 1180 saylı arayışdan görünür ki, X4 adına Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən 20.12.2016-ci il tarixli 684 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Mingəçevir şəhəri Nizami küçəsi, ev 21, mənzil 14 qeyd olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.12.2018-ci il tarixli 1180 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 16.10.1936cı il tarixdə Ağdaş rayonu, Qolqatı kəndində doğulmuş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 27.12.2018-ci il tarixədək aparılmış və xx.xx.1933-cü il tarixdə doğulmuş əri, X8, xx.xx.1965-cı il tarixdə doğulmuş oğlu Maraqlı şəxs3 və xx.xx.1962-ci il tarixdə doğulmuş qızı Maraqlı şəxs2 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 22.10.2021-ci il tarixli 2001 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən tərəflərin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 04.12.2016-ci il tarixdə vəfat etmiş X6 özünə məxsus ünvan 1 da yerləşən mənzilni ərizəçiyə vəsiyyət etmişdir. Ərizəçi vəsiyyət üzrə vərəsə kimi miras mənzildən istifadə etməklə faktiki qəbul etmiş və hazırda da həmin mənzilə qanuni sahiblik edir. Miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri isə mirası nə faktiki, nə də qanunla müəyyən olunmuş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişlər, həmçinin ərizəçinin mirası faktiki qəbukl etməsinə də yazılı razılıq vermişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, mərhum X3 miras qalmış ünvan 1 da yerləşən mənzilin ərizəçi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyinə görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsəsinə keçməlidir. Məhkəmə, hesab edir ki, vəsiyyət və qanun üzrə vərəsə qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İşin müəyyən olunmuş hallarından görünür ki, miras qoyan mərhum X6 ondan miras qalmış mənzili notarius tərəfindən təsdiq edilmiş vəsiyyət namə ilə ərizəçiyə vəsiyyət etmiuşdir. Belə olan halda miras qoyanın əmlakı onun vərəsələrinə vəsiyyət üzrə vərəsəlik qaydasında keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Həmin Məcəllənin 1159.1. 1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.2–ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarının sistemli təhlilindən göründüyü kimi, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçi miras qalmış mənzildə uzun müddətdir, o cümlədən 2016-cı ildən fasiləsiz yaşayır və bununla da mirası faktiki qəbul etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ərizəçi vəsiyyət üzrə vərəsə kimi mərhum X3 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bu səbəbdən həmin miras əmlak onun mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin, mərhum X4 vərəsələri olan Maraqlı şəxs3 və Maraqlı şəxs2 mərhum X3 qalmış mirasdan pay istəmədiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. 04.12.2016-cı il tarixdə Mingəçevir şəhərində vəfat etmiş, mərhum X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzildən ibarət miras əmlakın yalnız vəsiyyət üzrə vərəsə Ərizəçi qızı tərəfindən qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-2193/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2193/2021
14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver