Məhkəmə qərarları › İş №2(051)-2239/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2239/2021

27.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2239/2021 27.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı X5, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" MMC-nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkənə iclasında iddiaçı X5 iddianı müdafiə edərək izahatında bildirdi ki, 07.04.1981-ci ildən "xxxx" MMC-də nasos qurğuları üzrə maşinist vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış və MMC-də müxtəlif vəzifələrdə işləmişdir. 1996-cı ilin yanvar ayında növbə rəisi vəzifəsinə təyin edilmişdir. 02 sentyabr 2021-ci tarixli əmrlə cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin “b” bəndi ilə xitam vermişdir. Səbəb kimi onunla bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması bildirilmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Belə ki, 1981-ci ildən 2021-ci ilin mart ayına kimi müddətsiz əmək müqaviləsi ilə işləmişdir. 2021-ci ilin fevral ayında ona müddətli əmək müqaviləsu bağlamağa təkid etdilər. O, müddətli əmək müqaviləsinə bağlamasına etiraz etdikdə onu inanırdılar ki, formal olaraq belə müqavilə bağlanmalıdır., yenə əvvəlki kimi öz işini davam etdirəcəkdir. Əks halda işdən çıxarıla bilər. O, müddətli əmək müqaviləsini imzalamağa məcbur oldu. Hətta bir ay müddətinə əmək müqaviləsi bağlamaq istəməsi barədə ondan ərizə aldılar. 01 mart 2021-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlandı. Müqavilənin müddəti bir ay müəyyən edilmişdir. 6 aydan sonra, 02 sentyabr 2021-ci il tarixli əmrlə müqavilənin müddəti bitməsi əsası ilə işdən azad olundu. 40 il işlədiyi müəsissədə müddətli əmək müqaviləsi bğlanması, müqavilənin müddətinin bitməsi səbəbi ilə azad olunmasını qanunsuz hesab edir. Əlbəttə ki, 40 il müddətsiz müqavilə ilə işləyən, səhhətində heç bir problem olmayan, işləmək istəyən bir işçinin könüllü olaraq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırəcı deyil. Pensiya yaşına çatmamışdır. Həyat yoldaşı Hüsniyyə Nəzirova 12.11.2019-cu ildə vəfat etmişdir. Himayəsində 28.04.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan məktəb yaşlı Mələk adlı bir uşağı var. İddianın təmin olunmasını, "xxxx" MMC-nin direktorunun 327/ş №-li 02 sentyabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə "xxxx" MMCdə növbə rəisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmsını xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı "xxxx" MMC- yə qarşı işə bərpa tələbinə dair iddiasını əsaslandırmaq üçün göstərdiyi hallar əsassız və qanunsuz olmaqla işin faktiki halları ilə təkzib olunduğu üçün onun iddiası təmin oluna bilməz və rədd edilməlidir. Belə ki, İddiaçı 07.04.1981-ci il tarixdən "xxxx" MMC-də işləmişdir və 24.02.2021-ci ildə ərizə yazaraq pensiyaya çıxmasına baxmayaraq işləmək istədiyini nəzərə alaraq onunla müddətli əmək müqaviləsi bağlanmasını "xxxx" MMC-nin direktorundan xahiş etmişdir. Odur ki, "xxxx" MMC-nin direktoru T.Ə.Hüseynov tərəfindən İddiaçı 24.02.2021-ci il tarixli ərizəsi nəzərə alınaraq onunla bağlanmış Əmək Müqaviləsinin müddətinin bir ay müddət müəyyən edilməsi və kağız üzərində bağlanmış Əmək Müqaviləsində və həmçinin hökumət portalında işçilərlə bağlanmış Əmək Müqaviləsi bağlanması barədə bildirişdə dəyişiklik edilməsi barədə 01.03.2021-ci il tarixdə 70/Ş №-li əmr verilmişdir. Ona görə də İddiaçı ilə bağlanmış 29.12.2014-cü il tarixli 549 №-li Əmək müqaviləsinin 8.2-ci bəndinin tələbinə əsasən Əmək Müqaviləsində dəyişikliklər, əlavələr, yəni pensiya yaşına çatdığı və işləmək istədiyi nəzərə alınaraq onunla bağlanmış müddətsiz müqavilənin müddəti 01 (bir) ay 01.03.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək müəyyən edilmişdir. "xxxx" MMC-nin direktoru T.Ə.Hüseynov tərəfindən 01.09.2021-ci il tarixdə 100/01-07-80 №-li xəbərdarlıqla İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müddətinin 01.09.2021-ci il tarixdə bitdiyinə görə 02.09.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən həmin Məcəllənin 73-cü maddəsinin tələblərinə riayət edilməklə xitam veriləcəyi bildirilmişdir. Eyni zamanda İddiaçı 01.09.2021-ci il tarixdə imza edərək həmin xəbərdarlığı qəbul etmişdir. Ona görə də "xxxx" MMCnin direktoru T.Ə.Hüseynovun 02.09.2021-ci il tarixli 327/Ş №-li əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 73-cü maddəsinin tələblərinə riayət edilməklə Əmək Müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Əmək Müqaviləsinə xitam verilməsi barədə 02.09.2021-ci il tarixli 327/Ş №-li əmrlə həmin tarixdə tanış olmuş və bu barədə əmrin arxa hissəsində imza etmişdir. Eyni zamanda bildirir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun olaraq sənədlər və son haqq-hesab olaraq 841.58 manat vəsait sonuncu iş günü, 02.09.2021-ci il tarixdə verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı 04 iyul 1981-ci ildən 02 sentyabr 2021-ci il tarixə kimi "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, 02 sentyabr 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir. İşə əlavə olunmuş yanacaq nəqliyyat sexinin növbə rəisi Nəzirov Sübhü Xalid oğlu tərəfindən "xxxx" MMC-nin direktoruna yazmış olduğu 24.02.2021-ci il tarixli ərizədə göstərilir ki, güzəştli şərtlərlə təqaüdə çıxdığı, səhhəti normal olduğu üçün işləmək istədiyini nəzərə alıb onunla bir ay müddətinə əmək müaviləsi bağlanmasına icazə verilməsini bildirmişdir. İşə əlavə olunmuş "xxxx" MMC –nin direktorunun 70/ş №-li 01 mart 2021-ci il tarixli əmrində göstərilir ki, "xxxx" MMC-nin yansacaq-nəqliyyat sexinin növbə rəisi Sübhü Xalid oğlu Nəzirovun pensiya yaşına çatması və işləmək istəyini nəzərə alaraq onunla bağlanmış müddətsiz müqavilənin müddəti 1(bir) ay (01.03.2021-ci il tarixdən 01.04.2021-ci il tarixədək) müəyyən edilsin. İşə əlavə edilmiş əmək müaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin yanacaq nəqliyyat sexinin növbə rəisi İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsnin müddətinin qurtardığı tarix 01.04.2021-ci ildir. İşə əlavə edilmiş "xxxx" MMC-nin direktorunun 327/ş №-li 02 sentyabr 2021-ci il tarixl əmrində göstərilir ki, Sübhü Xalid oğlu X2 sexinin, əməliyyat heyətinin, növbə rəisinin Əmək Müqaviləsinə 02 sentyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən həmin Məcəllənin 73-cü maddəsinin tələblərinə riayət etməklə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində, qanununverciliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işə götürənlərin hüquqlarının pozulmasının qarçısının alınmasını, işçilərin və işəgötürünlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları pronsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin edilməlidilər. Əmək Məcəllənin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı 1981-ci ildə müddətsiz əmək müqaviləsi ilə "xxxx" MMC-yə işə qəbul edilmiş, MMC-də müxtəlif vəzifələrdə işləmişdir. 1996-cı ilin yanvar ayında "xxxx"MMC-də Yanacaq Nəqliyyat sexinin növbə rəisi vəzifəsinə keçirilmişdir. 01 mart 2021-ci il tarixdə onunla müddətli, bir ay müddətinə əmək müqaviləsi bağlanmış, işəgötürənin 327/ş №-li 02 sentyabr 2021-ci il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunmuşdur. İddiaçı tələbində 40 il müddətsiz əmək müaviləsi ilə işlədiyi müəssisədə məcburi olaraq sonra onunla müddətli əmək müqaviləsi bağlandığı, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunduğunu, işdən çıxarılması barədə əmri qanunsuz hesab edərək işə bərpa olunmasını bildirmişdir. Cavabdeh isə etirazında iddiaçı pensiya yaşına çatdığına, lakin işləmək istədiyinə görə onunla müddətli əmək müqaviləsi bağlanması barədə könüllü ərizə yazdığını və ərizəsi nəzərə alınaraq iddiaçı ilə 1(bir) ay müddətinə müddətli əmək müqaviləsi bağlandığını və müddət bitməsi əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. Məhkəmə hesab edir ki, 40 il bir müəssisədə müddətli əmək müqaviləsi ilə işləyən işçinin onunla müddətli əmək müqaviləsi bağlanması barədə könüllü ərizə yazması inandırıcı deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilməklə (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Müddətli əmək müqaviləsi bağlanan hallar Əmək Məcəlləsnin 47-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdaki hallarda əmək müqaviləsi müəyyən müddətə bağlana bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Cavabdeh, müddətli əmək müqaviləsinin bağlanmasını iddiaçının pensiya yaşına çatdıqda işləmək istədiyini nəzərə almaqla, yəni Əmək Məcəlləsinin 47-ci maddəsinin “d” bəndi ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, yəni pensiya yaşına çatmamışdır. Ona görə də məhkəmə hesab edir ki, pensiya yaşına çatması əsası ilə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur. Mülki Prosessual Məcəlləsnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi qanunsuz olaraq müddətli bağlanmışdır. Odur ki, müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi də qeyri-qanunidir. Ona görə iddia təmin olunmalı, "xxxx" MMC –nin 327/ş №-li 02 sentyabr 2021-ci il tarixli əmri ləğv olunmalı, iddiaçı müddətsiz əmək müqaviləsi ilə "xxxx" MMC-də növbə rəisi vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsas ən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh "xxxx" MMC-nin 327/ş №-li 02 sentyabr 2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı müddətsiz əmək müqaviləsi ilə "xxxx" MMC-də növbə rəisi vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar