Məhkəmə qərarları › İş №2(051)-2268/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2268/2023

28.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2268/2023 28.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar: İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi Mingəçevir Vəkil Bürosunun vəkili Vəkil1, həmçinin İddiaçı2 Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Mingəçevir şəhəri, Təbriz küçəsində 5 saylı evin yaşayış sahəsindən istifadə hüquqları olan 4 otaqlı 34 saylı mənzilə köçürülmələri haqda qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı, həmçinin digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onlar 2007-ci ilin iyun ayına qədər Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən 5 saylı evin qeydiyyatda olduqları 34 saylı mənzilində cavabdehlərlə birlikdə yaşayıblar. Həmin mənzili atası X4 işlədiyi 5 nömrəli Mexanizasiya İdarəsində 7 nəfər ailə tərkibi ilə mənzil növbəsində durduğuna görə Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 nömrəli qərarı ilə verilmiş və mənzilə atası Allahyar Muradovun adına 9659 nömrəli xx.xx.1980-cı il tarixli order yazılmışdır. Orderdə ailə üzvü kimi atası Allahyar Muradov, anası Səmayə Muradova, özü, qardaşı Mürşüd, bacıları Cəmilə və Mətanət, nənəsi Səadət qeyd olunmuşdur. Qardaşı Cavabdeh1 adı isə orderdə qeyd olunmamışdır. Mənzil 4 otaqlıdır, yaşayış sahəsi 59.85 kv.m-dir. Dövlət mənzil fonduna daxil olmuşdur. O, xx.xx.1994-cü il tarixdə hazırki iş üzrə digər iddiaçı Muradova (Abdullayeva) Sevinc Yaşar qızı ilə rəsmi nikah bağlamaqla ailə qurub, həyat yoldaşı İddiaçı2 yaşadığı və qeydiyyatda olduğu, hazırda mübahisələndirilən mənzilə - Təbriz küçəsi ev 5, mənzil 34-ə gəlin köçərək bu mənzildə onlarla birlikdə yaşamış və cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. Mənzildə yaşadıqları müddətdə nikahlarından xx.xx.1995-ci il tarixdə qızları Vüsalə və xx.xx.1997-ci il tarixdə oğlanları Vüsal doğulub. 2005-ci ildə hamısı, yəni mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvləri, o cümlədən özü və arvadının yazılı razılığı ilə mənzil özəlləşdirilmiş və X8 İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 396 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə qardaşı Cavabdeh1 adına mülkiyyət hüququ əsasında 01356 nömrəli Qeydiyyat vəsiqəsi verilmiş və mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə onun adına qeydə alınaraq 6290 nömrə ilə reyestr kitabına yazılmışdır. Mənzilin iki otağından iddiaçılar və anası, iki otağından isə cavabdehlər istifadə ediblər. Bir müddət cavabdehlərlə mehriban yaşasalar da, Cavabdeh2 yersiz və əsassız söz-söhbətləri üzündən iki ailə arasında müəyyən ziddiyyətlər yaranmağa başlamış, cavabdeh normal yaşamağa imkan verməmişdir. Qərara gəliblər ki, müvəqqəti olaraq kirayəyə çıxsınlar, imkan etsələr ayrı mənzil alsınlar, həm də cavabdehlərlə mehriban münasibətləri bəlkə də bərpə olundu. Odur ki, 2007-ci ilin iyun ayında onlar Mingəçevir şəhəri, D.Əliyeva küçəsindəki 2 saylı evin 39 saylı mənzilinə kirayəyə köçüb 2018-ci ilin iyun ayına kimi bu mənzildə kirayədə yaşayıblar. 2018-ci ilin iyun ayında isə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki 3 saylı evin 22 saylı mənzilinə köçüblər və hazırki vaxtadək həmin mənzildə kirayədə yaşayırlar. Kirayəyə çıxsalar da, mənzil əşyalarının bəziləri, o cümlədən 2 nəfərlik çarpayı, yorğan-döşək dəstləri, şifoner, servant, qab-qacaq əşlayaları, lüstur, pal-paltar və s. həmin mənzildədir. Əşyaları olan otağın qapısını kilidləyib çıxmışdılar, kirayədə qalsalar da, mənzillə daima əlaqələri olub, anasına tez-tez baş çəkiblər. Kirayədə olarkən Cavabdeh1 oğlu yaşadıqları mənzilə gələrək bildirib ki, otaqların və mənzilin giriş qapılarını dəyişirlər, otaqlarının açarını versinlər, qapıları dəyişib otağın yeni açarını və mənzilin giriş qapısının açarını gətirib ona təqdim edəcəkdir. O da açarı təqdim edib. Sonradan açarları ondan istədikdə, qardaşı oğlu deyib ki, evdə həmişə adam olur, istədikləri vaxt gələndə qapını açan olacaqdır. Həmin vaxtdan onlar da mənzilin açarı yoxdur. Kirayədə yaşamaqda çətinlik çəkirlər. Kirayə haqqı çox bahadır. Ailədə yeganə qazanc gətirən odur. Aylıq əmək haqqı ilə dolanmaq, gündəlik təlabat xərclərini, kommunal ödənişləri ödəmək çox çətindir, xeyli borcu var. Kirayə haqqından azad olmaq üçün öz mənzillərinə qayıtmaq və orada yaşamaq qərarına gəliblər. Lakin cavabdehlər onlara istifadə hüquqları olduğu mənzilə köçməyə mane olurlar, qapını açmır, mənzilə buraxmayacaqlarını bildirirlər. 2007-ci ilin iyun ayında daimi yaşamaq üçün deyil, müvəqqəti yaşamaq üçün mübahisələndirilən mənzildən kirayə çıxıblar və hal-hazıradək kirayədə yaşayırlar. Kirayədə yaşadıqları mənzil başqasının mülkiyyətindədir. Özlərinin adına hər hansı yaşayış sahəsi yoxdur. O və arvadı İddiaçı2 xx.xx.2004-cü il tarixdə mənzilin özəlləşdirilməsi zamanı mənzildə qeydiyyatda olan və yaşayan və mənzildən istifadə hüququ olan ailə üzvləri kimi mənzilin Cavabdeh1 adına rəsmiləşməsinə dair özəlləşdirilmə müəssisəsinə-X8 İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə yazılı ərizə veriblər və bu qanunauyğun hərəkət mənzildə yaşamaq hüquqlarından imtina etmək demək deyildir. Həmçinin bildirdi ki, müharibə veteranıdır. Həm keçmiş SSRİ tərkibində Əfqanıstan Respublikasında xidmət etmiş, həm də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, müharibə veteranıdır. Prezident təqaüdçüsüdür. Uzun illər AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir ŞŞ-də müfəttiş vəzifəsində işləmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı2 da məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, İddiaçı1 izahatının məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 da iddia tələbini müdafiə etdi, həmçinin iddiaçıların izahatına uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və göstərdi ki, iddia tamamilə əsassızdır. İddiaçılar özləri də etiraf etdikləri kimi 2007-ci ildə mübahisəli mənzili birdəfəlik çıxmaq niyyətilə tərk etmişlər. 2004-cü ildə mənzil özəlləşdirilməsi həyata keçirilərkən İddiaçı1 anası həyatda olduğu halda mənzilin doğma qardaşı Cavabdeh1 adına rəsmiləşməsinə könüllü olaraq razılıq vermişdir. İddiaçı dolayısıyla razılıq verməklə gələcəkdə həmin mənzilin hüquqi müqəddəratı ilə bağlı öz mövqeyini bildirmişdir. Hazırda iddiaçıların məhkəməyə iddia vermələrinin əsil səbəbi cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 hazırki iş üzrə iddiaçıların mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddia vermək niyyətlərinin olması və bununla əlaqədar olaraq 2023-cü ilin avqust ayında Mingəçevir şəhərində yaşadıqları mənzilin ərazisində yerləşən MİS-ə sorğu vermələri olmuşdur. Qarşı tərəf bu hal barədə məlumat alan kimi, onları qabaqlayaraq özləri iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar 16 ildən çoxdur ki, mənzili tərk ediblər və bu qədər müddət keçməsinə baxmayaraq, bu vaxta qədər mənzil barədə hər hansı iddiaları olmamış, həmçinin mənzilə köçməklə bağlı təmil etdiyi şəxsə müraciət etməmişdir. Odur ki, iddianın təmin olunmaması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı tərəfin dəlillərini, həmçinin işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X5 arasında xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhər Nikah evində bağlanmış nikah 178 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Muradova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 birgə nikahlarından xx.xx.1995-ci il tarixdə X9 və xx.xx.1997-ci il tarixdə İddiaçı3 doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1991-ci il tarixdə kəskin ürək-damar çatmamazlığından Mingəçevir şəhərində ölmüşdür. İşdə olan AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Muradov X3 şəhəri, Təbriz küçəsi, ev 5, mənzil 34-də qeydiyyatdadır. İşdə olan AR Mingəçevir şəhəri, Mənzil Təsərrüfatı və Abadlaşma İdarəsi 9 saylı Mənzil İstismar Sahəsinin 453 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Mirehsan Cümşüd oğlu, X10, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X12, ümumilikdə 9 nəfər Mingəçevir şəhəri, Təbriz küçəsi ev 5, mənzil 34-də qeydiyyatdadırlar. İşdə olan AR Milli Arxiv İdarəsi X7 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən xx.xx.1980-ci il tarixli 458 saylı qərarında A.Cavabdeh1 adına ev bölgüsü qeyd edilmişdir. İşdə olan Mingəçevir ŞİH 9659 nömrəli xx.xx.1980-ci il tarixli Orderin dublikatından görünür ki, X4 Vokzalnaya küçəsindəki 5 nömrəli evin 5-ci mərtəbəsində 34 nömrəli mənzilinə 6 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq hüququ verilmişdir. İşdə olan AR Dövlət Tikinti İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 01356 nömrəli 6290 nömrəli reyestr kitabına yazılmış qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi ev 5, mənzil 34-də yerləşən dörd otaqlı yaşayış evi Cavabdeh1 adına xx.xx.2005-ci il tarixdə qeydə alınmışdır. İşdə olan AR Mingəçevir şəhəri MTAİ 3 saylı Mənzil İstismar Sahəsinin 208 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 2007-2018-ci illərdə Mingəçevir şəhəri, D.Əliyeva ev 2, mənzil 39-da ailə üzvləri ilə birlikdə qeydiyyatsız kirayədə, həmin tarixdən hazırki vaxta qədər isə öz ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3, mənzil 22-də qeydiyyatsız kirayədə yaşayırlar. İşdə olan AR Mingəçevir ŞİH MKTİB MT və Aİ-nin 265 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, əvvəl Vağzalnaya küçəsi 5, sonra Xalq Bolqarıstanı 5, daha sonra S.Vurğun küçəsi 5, hal-hazırda isə Təbriz küçəsi 5 adlandırılır. İşdə olan AR ƏƏSMN X1 Sistemi sosial müavinət və təqaüd haqqında arayışından görünür ki, İddiaçı1 başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etməyə görə 80 (səksən) manat müavinət alır. İşdə olan AR SHXÇDX-nin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli 416 saylı arayışından görünür ki, İddiaçı1 Azərbaycan Respublikasının severenliyi və ərazi bütövlüyü uğrundan gedən döyüşlərdə iştirak edib, müharibə veteranıdır. İşdə olan AR SHXÇDX-nin Mingəçevir ŞŞ-nin 417 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Əfqanıstan Respublikasında xidmət etmişdir. Müharibə veteranıdır. İşdə olan AR SHXÇDX Mingəçevir ŞŞ-nin 423 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi keçmiş Mingəçevir şəhər Hərbi Komissarlığında, xx.xx.2012-ci il tarixdən hal-hazıra kimi SHXÇDX-nin Mingəçevir ŞŞ-də müfəttiş vəzifəsində işləyir. İşdə olan 9 nömrəli MİS tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yoxlama aparılmış, yoxlama zamanı qonşularla şifahi söhbət aparılan zaman iddiaçıların 2007-ci ildən hazırki vaxta qədər qeyd edilən ünvanda yaşamamış və qonşular da bu faktı təsdiq etmişlər. İşdə olan AR İN yanında ƏMDX DƏDK və RPHŞ 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı1 Mingəçevir şəhəri, Günəşli yaşayış massivinin şimal hissəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda şəxsi mülkiyyətindədir. Torpaq sahəsi vətəndaşa Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarına əsasən ayrılmış və DTXK tərəfindən həmin bağ sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmış, digər şəxslərin isə adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı1 Cavabdeh1 doğma qardaşıdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli 458 saylı qərarına ilə onları atası X4 mənzil ayrılmış, xx.xx.1980-cı il tarixdə isə mübahisəli mənzil ŞİH 9659 nömrəli Order əsasında X2 və onun 6 nəfər ailə üzvünün istifadəsinə verilmişdir. X6 xx.xx.1991-ci il tarixdə ölmüşdür. İddiaçı1 və Cavabdeh1 mübahisəli mənzil əldə edildiyi gündən həmin mənzilin tərkib hissəsindən ailə üzvüləri birlikdə istifadə etmişlər. Mübahisəli mənzil İddiaçı1 və digər ailə üzvülərinin yazılı razılığı ilə özəlləşdirilərək xx.xx.2005-ci l tarixdə Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı1 xx.xx.1994-cü il tarixdə digər İddiaçı2 ilə evlənmiş, onların birgə nikahlarından iki nəfər uşaqları da həmin mənzildə doğulmuşdur. 2007-ci ildə İddiaçı1 ailəsi ilə birlikdə daimi yaşamaq üçün mübahisəli mənzildən çıxmış və hazırkı vaxta qədər ailəsi ilə birlikdə müxtəlif ünvanlarda yaşamışdır. İddiaçı1 iddia qaldırdığı vaxtadək nə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməmiş, nə də mübahisəli mənzilə köçüb yaşamaq barədə məhkəmdə iddia irəli sürməmişdir. Hazırda İddiaçı1 mülkiyyətində yaşayış sahəsi olmasa da, Mingəçevir şəhəri, Günəşli yaşayış massivinin şimal hissəsi ünvanında 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Bununla belə iddiaçılar yaşayış yeri üzrə mübahisəli mənzildə qeydiyyatda qalmışlar. Cavabdeh tərəf isə ailə üzvləri ilə birlikdə hazırda mübahisəli mənzilə sahiblik etməklə bərabər, həm də onun tərkib hissəsindən təyinatına uyğun olaraq istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri mübahisəli mənzilin əldə edildiyindən, yəni xx.xx.1980-ci il tarixdən, yaşayış sahəsindən istifadə hüquq ilə bağlı mübahisə isə 2007-ci ildən yarandığından, mübahisənin həll edilməsi zamanı xx.xx.2009-cu il tarixədək qüvvəddə olan Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müvafiq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin AR Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair xx.xx.2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı münasibətlər Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydadalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (qüvvədən düşmüş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış yeri mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri qismində icarədarın arvadı (əri), onların uşaqları və valideyinləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə iddianın qanuni həll edilməsi üçün hesab edir ki, ilk növbədə iddiaçıların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Məhkəmə işin müəyyən olunmu hallarına əsasən qeyd edir ki, mübahisəli mənzil order əsasında xx.xx.1980-ci il tarixdə tərəflərin mərhum atası X2 6 nəfər ailə üzvü ilə birlikdə istifadəsinə verilmişdir. İddiaçı1 xx.xx.1994-cü il tarixdə İddiaçı2 ilə evlənmiş və onların bir nikahlarından xx.xx.1995-ci il tarixdə Muradlı (Məmmədova) Vüsalə Elxan qızı və xx.xx.1997-ci il tarixdə İddiaçı3 adlı uşaqları doğulmuşdur. İddiaçı öz ailə üzvüləri ilə birlikdə mübahisəli mənzilin tərkib hissəsindən istifadə etmiş və yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Mübahisəli mənzil xx.xx.2005-ci il tarixdə İddiaçı1 Allahyyar oğlunun və digər ailə üzvülərinin razılığı ilə Cavabdeh1 adına Dövlət qeydiyyatına alınmışdır. Ondan sonra da iddiaçı öz ailəsi ilə birlikdə mübahisəli mənzildən istifadə etmişdir. Lakin iddiaçılar daimi yaşamaq üçün 2007-ci ildə mübahisəli mənzildən çıxıb başqa yaşayış sahəsinə köçmüşlər. Hazırda da iddiaçılar Cavabdeh1 məxsus mübahisəli mənzildə deyil, Mingəçevir şəhərində yerləşən başqa yaşayış sahəsində yaşayırlar. Mübahisəli mənzil isə Cavabdeh1 tam mülkiyyətindədir. Göründüyü kimi iddiaçıların daimi yaşamaq üçün 2007-ci ildə başqa yaşayış sahəsinə köçənədək mübahisəli mənzildən istifadə hüquqları yaranmış, lakin sonradan onlar həmin mənzili könüllü olaraq tərk edib, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən, onlar mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarını itirmişlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, iddiaçıların uzun müddətdə yaşamamaqlarının səbəbləri işin müəyyən olunmuş hallarına uyğun olaraq araşdırılmalıdır. Belə ki, iddiaçılar mübahisəli mənzilə köçürülmələrinin hüquqi və faktiki əsası kimi hər birinin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmalarına, özlərinə məxsus əşyaların hələ də orada qalmasına istinad etmişlər. Mübahisəli mənzildən çıxıb başqa yaşayış sahəsinə köçmələrini isə Cavabdeh2 ilə pozulmuş münasibətlərinin bərpasına vaxt qazanmaq üçün birdəfəlik deyil, müvəqqəti olaraq mübahisəli mənzili tərk etmələri ilə əlaqələndirmişlər. Məhkəmə iddiaçı tərəfin mübahisəli mənzildə uzun müddətdə, 16 il ərzində yaşamamaqlarının səbəbləri ilə bağlı istinad etdikləri dəlilləri işin həqiqi hallarına uyğun hesab etmir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçıların 2007-ci ildən mübahisəli mənzili tərk etmələri işin materialları ilə sübut olunmuş və işin mübahisə edilməyən halıdır. Bununla belə iddiaçılar Cavabdeh2 ilə münasibətlərin pozulmasının hansı səblərdən baş verməsini, həmçinin tərəflər arasında yaranmış münaqişənin nədən ibarət olmasını, ən başlıcası isə pozulmuş münasibətlərin bərpa edilməsi üçün hansı hərəkətləri etmələrini inandırıcı şəkildə göstərməmişlər. Halbuki, 16 il müddət tərəflər arasında münasibətin bərpa edilməsi kifayət qədər uzun müddətdir. Belə ki, İddiaçılar 2007-ci ildən, yəni təxminən 16 il müddətində cavabdehlərə qarşı mübahisəli mənzillə bağlı hər hansı bir iddia tələbi irəli sürməmiş, mübahisəli yaşayış sahəsindən çıxarılmaları ilə bağlı nə hüquq–mühafizə orqanlarına, nə də məhkəməyə müraciət etməmişlər. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçıların mübahisəli mənzildə yaşamasına heç bir maneçilik törədilməmiş, lakin iddiaçılar mübahisəli yaşayış sahəsini könüllü olaraq tərk etmişlər. Ondan başqa mübahisəli mənzildə iddiaçılara məxsus əşyaların hal-hazırda qalması ilə bağlı mülahizələri isə işin halları ilə sübut olunmur, iddiaçı tərəf bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bununla belə iddiaçı tərəfin əşyalarının mübahisəli mənzildə qalması və yaxud qalmaması, onların mübahisəli mənzilin tərkib hissəsindən istifadə hüquqlarının saxlanmasına əsas deyildir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıların mübahisəli mənzili daimi olaraq tərk etmələrində məqsədləri özlərinə digər yaşayış sahəsi seçmək, mənzil hüququnu reallaşdırmaq olmuş, çünki onların mübahisəli mənzilə ehtiyacları olmamışdır. Məhkəmə, həmçinin cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Göründüyü kimi iddiaçıların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaları da onların istifadə hüquqlarının yaranması üçün əsas deyildir. Bununla beləı iddiaçılar mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olsalar da, uzun müddətdir (2007-ci ildən hazırki vaxtadək) faktiki başqa ünvanlarda olaraq yaşayıblar. Mübahisəli mənzilin idarəçiliyində təxminən 16 ilə yaxındır iştirak etməmişlər. Bununla da iddiaçılar mənzilə köçürülmə tələbinə dair iddia irəli sürməkdə subyektiv hüquqa malik olmamışlar. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə, həmçinin İddiaçı1 Cavabdeh1 ilə doğma qardaş olması ilə bağlı aralarında ailə üzvü kimi cavabdehin onu saxlamaq vəzifəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə İddiaçı1 tam fəaliyyət qabiliyyətli şəxs olmaqla AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsində işləyir. İddiaçı əmək qabiliyyətli şəxs olmaqla iş yeri üzrə əmək fəaliyyətini həyata keçirir. İddiaçının hazırki iş üzrə mənzil ehtiyacının ödənilməsi üçün yaxın qohumu olan qardaşının mülkiyyətində olan mənzilə köçmək istəməsi ailə hüququnun tələbləri ilə uzlaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi qeyd edilmişdir. Lakin həmin normanın hazırki işə dolayı yolla tətbiq olunması mümkün deyil, çünki hazırda qüvvədə olan Ailə Məcəlləsində yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olan qardaş və bacının digər qardaş və bacını saxlamaq vəzifəsi təsbit olunmamışdır. Odur ki, həmin normanın hazırki iş üzrə tətbiqi istisna edilir. Məhkəmə çəkişmə və tərəflərin hüquq bərabərliyi şəraitində iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən 5 saylı evin 34 saylı mənzilinə köçürülmələri tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar