Məhkəmə qərarları › İş №2(051)-228/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-228/2022

30.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-228/2022 30.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Xıdırov Süleyman Elman oğlu və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Xıdırov Süleyman Elman oğlu və X3 qarşı mənzilə stifadə hüququna xitam verilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Xıdırov Süleyman Elman oğlu və X3 qarşı cəmi 6000 manat kompensasiya verməklə mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianə müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğlu, digər cavabdeh X5 isə gəlinidir. Tərəflər bir müddət birlikdə, iddiaçının mülkiyyətində yaşasalar da sonra münasibətləri pozulmuş, cavabdehlər mənzildən çıxıb getmişlər. Məhkəmənin 2005-ci il tarixli qərarında cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə köçürülməsi qeyd edilsədə, həmin vaxtdan mənzilə köçməmişlər. Cavabdehlər uzun illər iddiaçının mülkiyyətində olan mənzildə yaşamamışlar. Ancaq məhkəmənin qərarı ilə onların həmin mənzilə istifadə hüquqları tanındığı üçün iddiaçı kompensasiya verilməklə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdehlər mübahisələndirilən mənzilə köçmüşlər.İddiaçı yataq xəstəsidir, qızı ilə birlikdə yaşayır, ona qızı qulluq edir. Artıq münasibətləri pozulduğuna görə onların bir mənzildə normal şəraitdə yaşamaqları mümkün deyil. İddiaçı kompensasiya ödəməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsinə razıdır. Mütəxəssis rəyinə görə mənzilin satış qiyməti 58000 manat müəyyən olunmuşdur. Kirayə haqqı isə 150 manat hesablanmışdır. Konstitusiya məhkəməsinin qərarlarında mənzildən istifadə hüququna xitam verilərkən üç illik kirayə hüququnun ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğ mütəxəssis rəyində 150 manat müəyyən olunmuşdur ki, 3 illik kirayə haqı 5400 manat edir. Konstitusiya məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, kompensasiyanın məbləği bazar qiymətinə uyğunlaşdırılmalıdır. İddiaçı kompensasiyanın məbləğini bazar qiymətinə uyğunlaşdırmış, 5400 manat kompensasiya verilməli halda cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi üçün 6000 manat kompensasiya verməyə razıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını, cavabdehlər Xıdırov Süleyman Elman oğlu və X3 cəmi 6000(altı min) manat kompensasiya verilməklə iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evn 34 №-li mənzili dövlət fondu mənzili olmuş, onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Sonra mənzil onun da razılığı ilə atası İddiaçı adına özəlləşdirilmişdir. O, valideynləri və bacısı Vəzifə ilə birlikdə həmin mənzildə yaşamışlar. 2004-cü ildə Bəsti Verdiyeva ilə ailə qurmuş, Bəsti də həmin mənzilə köçmüşdür. 2004-cü ilin dekabr ayında Anar adlı uşaqları olmuşdur. Sonra onlarla atası, bacısının münasibətləri pisləşmiş, mənzildən çıxarılmışlar. Başqa yaşayış sahəsi olmadığına görə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Mingəçevir şəhər məhkəməsinin 23 noyabr 2005ci il tarixli qətnaməsi ilə onun və həyat yoldaşı Bəsti Verdiyevanın mənzilə köçürülməli idi. Lakin hazırkı iş üzrə iddiaçı və bacısı qətnamənin icrasından qərəzli şəkildə yayınaraq onların mənzilə köçmələrinə imkan vermirdilər. İcra Şöbəsi də heç bir tədbir görmürdü. Ona görə də üç nəfər uşaqları ilə birlikdə uzun müddət kirayə mənzillərdə yaşamağa məcbur olmuşlar. Şikayətlərdən sonra icra məmuru tərəfindən 2021-ci ilin dekabr ayında mənzilə köçürülmələri təmin olunmuş və hazırda həmin mənzildə yaşayırlar. 21 dekabr 2004-cü il təvəllüdlü Anar, 10 yanvar 2006-cı il təvəllüdlü Kənan və 27 fevral 2013-cü il təvəllüdlü Nuray adlı 3 nəfər uşaqları da onlarla birlikdə yaşayırlar. İddiaçının təklif etdiyi 6000 kompensasiya məbləği ilə razı deyil. Ona görə ki, həmin məbləğlə 5 nəfərin normal şəraiti olan yaşayış sahəsi ilə təmin edilməsi mümkün deyil. 30000 manat məbləğində, yəni hər biri üçün 6000 manat kompensasiya məbləği ödənilməsini xahiş edir. Cavabdeh X5 da məhkəmə iclasında iddianı qəbul etmədi, digər Cavabdeh1 izahatına uyğun izahat verərək 2004-cü ildə Süleyman Xıdıovla ailə qurduqdan sonra mübahisələndirilən mənzilə köçdüyünü, bir müddət birlikdə yaşadıqlarını, sonra iddiaçı və qızı tərəfindən mənzildən çıxarılmalarını, məhkəmənin 23 noyabr 2005-ci il tarixli qətnaməsi ilə onun həmin mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi qət edildiyini, hazırkı iş üzrə iddiaçının və baldızının onların məhkəmə qətnaməsinin icrasına mane olmalarını, mənzilə köçürülmələrinə imkan vermədiklərini, uzun müddət yazışmalardan və şikayətlərdən sonra icra məmuru tərəfindən mənzilə köçürüldüklərini, 5 nəfər ailə üzvü üçün iddiaçının təklif etdiyi kompensasiya məbləği az olduğuna görə həmin məbləğlə razı olmadığını, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib,iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan "xxxx" MMC-nin rəyində göstərilir ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi168 №-li evin 34 №-li mənzili 2021-ci ilin noyabr ayında orta bazar qiyməti 58000(əlli səkkiz min) manat dəyərində qiymətləndirilir. İşdə olan "xxxx" MMC-nin 252 №-li 17.11.2021-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhərində yerindən asılı olaraq çoxmərtəbəli yaşayış evlərində yaşayışa uyğun olan 3 otaqlı mənzillərin karyə qiyməti 15 manatdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-612/2005 №-li 23 noyabr 2005-ci il tarxli qətnaməsindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evn 34 №-li mənzilinin bağışlanmasına dair 11 fevral 2004-cü il tarixli 4Ə-2-59 reyestr saylı bağışlama müqaviləsinin ləğv edilməsi, X2 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzilinə istifadə hüququnun tanınması, Cavabdeh1 və X2 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzilinə köçürülmələri qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 21.12.2004-cü il təvəllüdlü X7, 10.01.2006-cı il təvəllüdlü X6 və 21.02.203-cü il təvəllüdlü X1 valideynləri Cavabdeh1ov Elman oğlu, X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzili iddiaçı İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin mənzildə istifadə hüquqları vardır. İddiaçı cavabdehlərlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehlərə cəmi 6000 manat kompensasiya verilməklə onların mənzilə istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının Plenumu “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstutusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri(və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda onlardan birində (yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) digərlərində isə yalnız yaşayış sahəsindən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi istifadə hüququna malik olan şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, o, bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə cavabdehlərin Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzildən istifadə hüquqlqrına xitam verilməsi üçün təklif olunan cəmi 600 manat kompensasiya məbləğini ədalətli hesab etmir. Bundan əlavə cəmi 6000 manat kompensasiya təklif edən iddiaçı cavabdehlərlə birlikdə yaşayan 3 nəfər uşaqları nəzərə almamışdır. İddiaçı təklif etdiyi kompensasiya məbləğini artırmağa razı deyil. Məhkəmə hesab edir ki, cavabdehlərə cəmi 25000 manat kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi mümkündür. Təklif olunan kompensasiya cavabdehlərin uşaqları ilə birlikdə özlərini yaşayış sahəsi ilə təmin edə bilməməsi onların yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi : İddiaçı cavabdehlər Xıdırov Süleyman Elman oğlu və X3 qarşı cəmi 6000 manat kompensasiya verməklə mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 168 №-li evin 34 №-li mənzilindən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar