Məhkəmə qərarları › İş №2(051)-2357/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2357/2024

29.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2357/2024 29.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi , İddiaçı, cavabdeh «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdeh «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, bu dövr ərzində yaranmış əmək haqqı fərqinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddia: İddiaçı cavabdeh Mingəçevir şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, bu dövr ərzində yaranmış əmək haqqı fərqinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Sukanal İdarəsinin 323-K saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğvi, işə bərpa edilməsi və bu dövr arasında yaranmış əmək haqqı fərqinin ödənilməsi və mediasiyaya ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra “iddia ərizəsinə dəyişiklik edilməsi haqqında” ərizə təqdim edərək cavabdehin adını dəqiqləşdirərək “İri şəhərlərin X23 xidməti” publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsi qeyd olunmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhər Sukanal İdarəsində Su təchizatı və suayırma idarəsində İİİ dərəcəli maşinist vəzifəsinə qəbul edilmişdir. 323-K №li xx.xx.2024-cü il tarixli əmrə əsasən onun ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İxtisarın səbəbi Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin X23 Xidməti” publik hüquqi şəxsin yaradılması olmuşdur. Mingəçevir Sukanal İdarəsinin onunla birlikdə işləyən 4 nəfər bağban vəzifəsində işləyən işçini ixtisar edərək onu işdən azad etdikdən sonra həmin işçilərin 3 nəfərinə onun tutduğu vəzifəni vermişdir.1 nəfər işçiyə isə xadimə vəzifəsi verilmişdir. O, Mediasiyaya işə bərpa üçün müraciət etdiyini, lakin Mediasiya prosesində cavabdeh Mingəçevir Sukanal İdarəsinin iştirak etmədiyini, əlavə olaraq Mediasiya prosesini cavabdehin uzadaraq gecikdirdiyini, məhkəməyə gec müraciət etməyinin səbəbinin Sukanal İdarəsinin olmasını bildirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, göstərdi ki, o, xx.xx.1998-ci il tarixdə Mingəçevir Şəhər Sukanal İdarəsində Su təchizatı və suayırma idarəsində maşinist vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixədək həmin müəssisədə maşinist işləmişdir. xx.xx.2021-ci l tarixdə bağlanmış əmək müqaviləsinə əsasən xlorator qurğusunun operatoru vəzifəsinə təyin olunub. 2024-cü ilin avqustun 29da ştat vahidi ixtisar edildiyinə görə işdən azad edilmişdir. O, işdən azad olunmamışdan qabaq 9 həftə müddətində əmək haqqı saxlanmaqla iş yeri axtarmaq üçün hər həftənin bir günü işdən azad edilmişdir. Xəbərdarlıq müddətində ona ixtisasına uyğun iş yeri müəyyən edildiyi halda bu barədə məlumat veriləcəyi bildirilsə də boş iş yeri yaranmış, ona həmin iş yerləri təklif olunmamışdır. Belə ki, o xlorator qurğusunun operatoru olmamışdan öncə maşinist kimi işləmişdir. Xlorator qurğusunun operatoru ştat vahidi ixtisara düşsə də maşinist ştatında bir neçə işçi azad olunduğuna görə boş iş yerləri yaranmışdır. Rəhbərlik ona boş iş yeri yarandıqda məlumat verəcəyini bildirsə də, bunu etməmişdir. Əvəzində idarədə işləyən bağbanı, xadiməni maşinist vəzifəsinə keçirmişdir. Belə olan halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə iclası zamanı cavabdeh «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinin nümayəndəsi X22 iddianı qəbul etmədi və izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsinin fəhlələrinin ştat cədvəlinə əsasən Su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 32 vahid nasos qurğularının maşinisti ştatı verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən qüvvədə olan xx.xx.2024-cü il tarixdə təsdiq olunmuş “İri şəhərlərin X23 Xidməti” publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin ştat cədvəlinə əsasən su və kanalizasiya sistemlərinin istismarı sahəsində 28 vahid nasos qurğularının maşinisti ştatı verilmiş və 4 vahid nasos qurğularının maşinisti ştatı ixtisara düşmüşdür. Təqaüd yaşına çatması ilə əlaqədar olaraq 3 işçi nasos qurğularının maşinisti peşəsi üzrə ştat vahidlərinin ixtisarı ilə bağlı işdən azad olunnmuş, 1 işçinin isə xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi xəstəlikdə olmuşdur. Verilmiş peşə üzrə 28 ştat vahidindən 24 ştat vahidi üzrə işləyən işçi sayına görə tutulmuş, 3 ştat vahidi vakansiya yaranmış və 1 vahid nasos qurğularının maşinisti peşəsi üzrə işləmiş işçi köhnə strukturda qalmışdır. Boş iş yerlərinə müvafiq olaraq adları qeyd edilən şəxslər: X13 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X3 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X17 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti, X4 xx.xx.2024-cü il tarixdə nasos qurğularının maşinisti və X14 xx.xx.2024-cü il tarixdə istehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsi üzrə yerləşdirilmişdir. Ona görə də iddiaçının əvvəlki vəzifəyə yenidən keçirilmə tələbinə dair ərizəsinin təmin olunmamasını xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İT-1 saylı ******* №li əmək kitabçasının notarial təsdiq edilmiş surətindən görünür ki, Əsgərova (Cəfərova) Leyla Ələmqulu qızı xx.xx.1998-ci ildən Su Nəqliyyatı və Suvarma İdarəsinə 3-cü dərəcə ilə maşinist vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixində "xxxx" ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsi bağlanmış əmək müqaviləsinə əsasən, su və kanalizasiya sistemlərinin istismarı sahəsinin su təmizləyici qurğusuna 4-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir. 624 №li "xxxx" ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsi ilə Əsgərova (Cəfərova) Leyla Ələmqulu qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsinə əsasən, o, su və kanalizasiya sistemlərinin istismarı sahəsinin su təmizləyici qurğusuna 4cü dərəcə ilə xlorator qurğusunun operatoru vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal İdarəsinin fəhlələrin 2024-cü il üçün ştat cədvəlindən çıxarışa əsasən, xlorator qurğusunun operatoru 5 ştat vahidi olmaqla göstərilmişdir. «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsinin fəhlələrin 2024-cü il üçün ştat cədvəlindən çıxarışına əsasən, xlorator qurğusunun operatoru 4 ştat vahidi olmaqla göstərilmişdir. xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən Həmkarlar Təşkilatına ünvanlanmış 3-53-3-17/2-104/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli; 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X23 Xidməti” publik hüquqi şəxs yaradılmış, publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 09 №li əmri ilə struktura daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsaəsən İddiaçı, X18, X7 tutduqları peşə üzrə və X5 tutduğu vəzifə üzrə ştat vahidləri ixtisara düşmüşdür. xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Sukanal İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclas protokolundan görünür ki, ştat vahidlərinin ixtisar olunması ilə əlaqədar olaraq Mingəçevir Şəhər Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 3-53-3-17/2-104/2024 saylı məktubu müzakirə edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisar barədə işçilərə vaxtında xəbərdarlıq edilmiş və işçilər tərəfindən xəbərdarlıq məktubu imzalanaraq qəbul edilmişdir. Ştat vahidi ixtisar edilmiş İddiaçı, X18, X7 və X5 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam edilməsinə etiraz edilməmişdir. Nasos qurğularının maşinisti peşəsinə yerləşdirilən X8 anket məlumatlarından görünür ki, o, 2007-2010-cu il ərzində Mingəçevir şəhər Turizm Kollecində bədən tərbiyəsi müəllimi ixtisasında təhsil almış, xx.xx.2016-cı il tarixdən 2024-cü ilin iyul ayınadək «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsində yaşıllaşdırma üzrə fəhlə vəzifəsində işləmiş, iki azyaşlı uşağı vardır, ailənin yeganə qazanc yeri işlədiyi müəssisədir. Nasos qurğularının maşinisti peşəsinə yerləşdirilən X1 anket məlumatlarından görünür ki, o, «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsində 2002-ci ilin avqust ayından 2019-cu ilin avqust ayınadək həmin müəssisədə nasos qurğularının maşinisti peşəsində, 2019-cu ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək isə yaşıllaşdırma üzrə fəhlə vəzifəsində işləmiş, şəkərli diabet xəstəsidir, iki azyaşlı uşağı vardır, ailənin yeganə qazanc yeri işlədiyi müəssisədir. Nasos qurğularının maşinisti peşəsinə yerləşdirilən X11 anket məlumatlarından görünür ki, o, elektrik avadanlıqların təmiri-xidməti üzrə elektrik montyoru peşəsi üzrə Mingəçevir kadr hazırlığı və ixtisas məktəbində təhsil almış, 2013-cü ilin iyun ayından 2019-cu ilin 30 avqust ayınadək «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsində elektrik montyoru peşəsində, xx.xx.2019-cu il tarixdən 2024-cü ilin avqust ayınadək həmin müəssisədə qeyd olunan peşə üzrə işləmişdir. 3 azyaşlı uşağı vardır, ailənin yeganə qazanc yeri isə işlədiyi müəssisədir. Nasos qurğularının maşinisti peşəsinə yerləşdirilən X4 ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdə həmin vəzifə üzrə yerləşdirilmişdir. Təyin olduğu peşədə 1 ilə yaxın xəstəlikdə olan işçinin əmək funksiyasını icra etmiş Dilarə Vəliyevanın tutduğu ştat üzrə işləmiş işçi "xxxx" ASC-də köhnə strukturdadır, xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi xəstədir və qayıtdığı zaman Vəliyeva Dilarə işdən azad olunacaqdır. Anket məlumatlarından görünür ki, 2002-ci ilin yanvar ayından xx.xx.2019-cu ilədək «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir şəhər Sukanal İdarəsində maşinist-gözətçi, xx.xx.2019-cu il tarixdən 2024-cü ilin avqust ayınadək həmin müəssisədə yaşıllaşdırma üzrə fəhlə işləmişdir. Ailə qurmayıb, tək yaşayır və maddi cəhətdən heç bir yerdən köməyi YOXdur. İstehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsinə yerləşdirilən X9 anket məlumatlarından görünür ki, o, 2002-2006-cı il ərzində Bakı Maliyyə İqtisad Kollecində əməliyyatçı-iqtisadçı peşəsi üzrə təhsil almış, 2007-ci ilin yanvar ayından həmin ilin dekabr ayınadək «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsində katibə makinaçı, mühasib peşəsində işləmiş, 2008-ci ilin mart ayından 2015-ci ilin iyun ayınadək həmin müəssisədə nasos qurğularının maşinisti peşəsində, 2019-cu ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək həmin müəssisədə yaşıllaşdırma üzrə fəhlə peşəsində işləmişdir. Tək yaşayır, yeganə qazanc yeri işlədiyi müəssisədir. xx.xx.2019-cu il tarixində "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi ilə X19 arasında əmək müqaviləsi bağlanaraq, o, həmin idarənin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin Sutəmizləyici qurğusuna 4-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə qəbul edilmişdir. Ali təhsillidir. X2 bitirmişdir. İxtisası energetika və Mexanikadır. xx.xx.2019-cu il tarixində "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi ilə X20 arasında əmək müqaviləsi bağlanaraq, o, həmin idarənin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin Sutəmizləyici qurğusuna 4-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə qəbul edilmişdir. Ali təhsillidir. X2 bitirmişdir. İxtisası mühəndisdir. xx.xx.2019-cu il tarixində "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi ilə X6 arasında əmək müqaviləsi bağlanaraq, o, həmin idarənin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin Sutəmizləyici qurğusuna 4-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixində "xxxx" ASC "xxxx" MMC-nin Mingəçevir Sukanal İdarəsi ilə X21 arasında əmək müqaviləsi bağlanaraq, o, həmin idarənin Su və kanalizasiya sistemlərinin istismarı sahəsinin Sutəmizləyici qurğusuna 4-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə qəbul edilmişdir. Müharibə veteranıdır. xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan görünür ki, İddiaçı tutduğu ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşməsi barədə bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli 323-12 №li əmr ilə İddiaçı əmək müqaviləsi ləğv edilmiş, Mingəçevir Sukanal İdarəsində 26 il 4 ay 11 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 14 təqvim günü pul əvəzi ödənilməsi qeyd edilmişdir. İşin müəyyən edilmiş halları: İddiaçı xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhər Sukanal İdarəsində Su təchizatı və suayırma idarəsində İİİ dərəcəli maşinist vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində Mingəçevir Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən, o, su və kanalizasiya sistemlərinin istismarı sahəsinin su təmizləyici qurğusuna 4-cü dərəcə ilə xlorator qurğusunun operatoru peşəsinə təyin edilmişdir. 323-K №li xx.xx.2024-cü il tarixli əmrə əsasən onun ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İxtisarın səbəbi Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri şəhərlərin X23 Xidməti” publik hüquqi şəxsin yaradılması olmuşdur. Mingəçevir Sukanal İdarəsində xlorator qurğusunun operatoru 1 ştat vahidi ixtisar edilməklə 4-ə endirilmişdir. İşçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi iş yerində qalan işçilərdən ikisinin ali təhsili olmuşdur. İddiaçı orta təhsili olmuşdur. Digər işçi Qarabağ müharibəsi veteranıdır. 4-cü işçi isə 2019-cu ildən həmin vəzifədə işləmişdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq müddəti ərzində maşinist vəzifəsinə götürülmüş 4 işçidən ikisinin ixtisası iddiaçıdan yüksək olmuş, biri şəkərli diabet xəstəsi olmaqla himayəsində 8 və 13 yaşlı uşağı olmuş, digəri isə müvəqqəti başqa şəxsin yerinə əmək müqaviləsi bağlanmaqla maşinist vəzifəsinə yerləşdirilmişdir. İstehsalat sahəsini və xidməti otaqları yığışdıran peşəsi üzrə vakant vəzifə yaranmışdır. Həmin vəzifəyə təyin edilən şəxs kollec məzunudur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: İddiaçı 3 il əvvəl maşinist vəzifəsindən azad olunaraq daha yüksək vəzifə xlorator qurğusunun operatoru vəzifəsinə qəbul olunmuşdur. İşəgötürən işçilərin sayı ixtisar edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçiləri işdə (xlorator qurğusunun operatoru) saxlamışdır. Digər tərəfdən iddiaçı ilə eyni ixtisasa malik şəxslərə münasibətdə biri müharibə veteranı olmuş, digəri isə iddiaçıdan daha əvvəl həmin işdə işləmişdir. Beləliklə qeyd olunan şəxslərin iddiaçıya münasibətdə işdə saxlanmaqda üstünlük hüquqları olmuşdur. Digər tərəfdən iddiaçı onunla əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdən olmamış və işə baxılarkən həmin hallar müəyyən edilməmişdir. Belə olduğu halda iddiaçının digər şəxslərə münasibətdə xlorator qurğusunun operatoru vəzifəsindən azad olunması qanuni olmuşdur. İddiaçının xlorator qurğusunun operatoru vəzifəsindən azad olunarkən həmin vəzifə ilə eyni və ya daha aşağı vəzifəyə keçirilməsinə münasibətdə məhkəmə qeyd edir ki, şəxslə əmək müqaviləsi ləğv olunmamışdan 9 həftə əvvəlcədən məlumatlandırılarkən maşinist vəzifəsinə götürülmüş 4 işçidən ikisinin ixtisası iddiaçıdan yüksək olmuş, biri şəkərli diabet xəstəsi olmaqla himayəsində 8 və 13 yaşlı uşağı olmuş, digəri isə müvəqqəti başqa şəxsin yerinə əmək müqaviləsi bağlanmaqla maşinist vəzifəsinə yerləşdirilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq müddətində istehsalat və xidməti otaqları yığışdırmaq üçün işə yerləşdirilən şəxsin ixtisası iddiaçıdan yüksək olmuşdur. Belə olan halda iddiaçının xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun vəzifəyə keçirilməsi əsasları da mövcud olmamışdır. Beləliklə iddiaçının əmək müqaviləsinə qanunun tələblərinə uyğun xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin iddiası təmin edilə bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ:

İddiaçı cavabdeh «İri şəhərlərin X23 xidməti» publik-hüquqi şəxsin Mingəçevir Şəhər Sukanal İdarəsinə qarşı323-K №li xx.xx.2024-cü il tarixli əmrin ləğvi, işə bərpa edilməsi, bu dövr arasında yaranmış əmək haqqı fərqinin ödənilməsi və mediasiyaya ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar