Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-248/2022 10.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 miras qalmış Mingəçevir şəhəri, 6-cı Bağ küçəsi, 77 saylı torpaq sahəsinin miras əmlak kimi yalnız onun tərəfindən bütöv şəkildə qəbul edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, atası X5 12 may 1992-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ona məxsus olmuş Mingəçevir şəhəri, 6-cı Bağ küçəsi, 77 saylı torpaq sahəsini anası ilə birlikdə idarə etmişlər. Həmin dövrdə vərəsəliyin açılması ilə bağlı notariat kontoruna müraciət etməmişlər. 07 iyun 2019-cu ildə isə anası X9 vəfat etmişdir. Atası və anası vəfat etdikdən sonra onların yeganə vərəsəsi kimi həmin torpaq sahəsinə faktiki sahiblik etmişdir və hazırda da sahiblik etməyə davam edir. Miras əmlakı öz adına rəsmiləşdirmək üçün Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisinin 17 noyabr 2021-ci il tarixli 2156 saylı məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hesab edir ki, miras əmlak yeganə vərəsə kimi onun tərəfindən faktiki qəbul edilərək idarə edildiyindən, miras əmlakın onun tərəfindən bütöv şəkildə qəbul edilməsi faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1957-ci il tarixdə X5 ilə X6 birgə nikahından doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 12.05.1992-ci il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 027778 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 07.06.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0.05 hektar olan Mingəçevir şəhəri, 6-cı Bağ küçəsi, 77 saylı torpaq sahəsi üzərində X4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.04.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17.11.2021-ci il tarixli, 2156 nömrəli məktubundan görünür ki, ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsinə baxılmış və ərizəçi mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edə bilmədiyindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli 05/Q-685/15 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 27.09.1934-cü il tarixdə Qax rayonu, Cəlayir kəndində doğulmuş X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 18.11.2021-ci il tarixədək aparılmış və 01.07.1933-cü il tarixdə doğulmuş arvadı X9, xx.xx.1957-ci il tarixdə doğulmuş qızı X7 barədə məlumatlar aşkar edilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli 05/Q-685/15 saylı məktubdan görünür ki, X4 adına Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 12.05.1992-ci il tarixli, 190 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri olaraq “ünvan 1 ünvanı qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edildi ki, 12.05.1992-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi atasıdır. X1 Mingəçevir şəhəri, 6-cı Bağ küçəsi, 77 saylı torpaq sahəsi miras qalmışdır. X2 birinci növbəli qanun üzrə vərəsələri 01.07.1933-cü il tarixdə doğulmuş arvadı X9 və xx.xx.1957-ci il tarixdə doğulmuş qızı iş üzrə Ərizəçi olmuşdur. X9 07.06.2019-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsələr dairəsinə daxil olan digər birinci növbəli vərəsə olan Ərizəçi isə atası və anası vəfat etdikdən sonra onların yeganə vərəsəsi kimi miras qalmış torpaq sahəsinə faktiki sahiblik etmiş və miras əmlakda yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir. Məhkəmə ilk növbədə işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qanunverici həm köhnə Mülki Məcəllənin 552-ci maddəsində, həm də qüvvədə olan Mülki Məcəllənin 1243.1–ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə miras əmlaka sahiblik və onu idarə etmək üsulu ilə faktiki və yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, mərhum X5 12.05.1992-ci il tarixdə öldüyündən, ondan qalmış miras əmlakla bağlı vərəsələr arasındakı mübahisənin həllinə 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528–ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Məhkəmə, həmçinin miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilmədiyi üçün miras əmlaka qanun üzrə vərəsəlik tətbiq edilməlidir. Məhkəmə, ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini zəruri sayaraq belə hesab edir ki, X1 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.05 hektar olan torpaq sahəsi miras qalmışdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmə qanun üzrə vərəsələrin dairəsi ilə bağlı qeyd edir ki, X2 qanun üzrə birinci növbəli vərəsələri arvadı X9 və qızı Ərizəçi olmuşdur. X9 07.06.2019-cu il tarixdə vəfat etdiyindən, hazırda X2 yeganə qanun üzrə birinci növbəli vərəsəsi Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli qərarında göstərir ki, əgər notariat orqanı miras əmlakın qəbul edilməsi faktının və ya vərəsəliyin açılma yerinin müəyyən olunması ilə bağlı şəhadətnamə verməkdən imtina edərsə, o halda ərizəçi xüsusi icraat qaydasında bu faktların məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, ərizəçinin miras torpaq sahəsindən təyinatına uyğun istifadə etməsi, həmçinin ona sahiblik edərək yiyələnməsi, yənin miras torpaq sahəsində fərdi yaşayış evi inşa etdirib orada yaşaması, onun mirası qəbul etmək niyyətini ifadə edir. 01.09.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin 1-ci bəndinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 552-ci maddəsinin 2-ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin 5-ci bəndinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün zəruridir. Odur ki, məhkəmə hesab edir ki, X1 miras qalmış Mingəçevir şəhəri, 6-cı Bağ küçəsi, 77 saylı torpaq sahəsi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. X1 miras qalmış, **********43 reyestr nömrəli Çıxarışla mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 27.04.2021–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0.05 hektar olan torpaq sahəsinin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-248/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-248/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver