Məhkəmə qərarları › İş №2(051)-2483/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-2483/2023

29.12.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-2483/2023 29.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə və tələbin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1951-ci il tarixdə doğulmuş atası X4 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsinin məzmununa uyğun uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.1951-ci il tarixdə doğulmuş X8 anası xx.xx.1955-ci il tarixdə doğulmuş X10 xx.xx.1973-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. X15 2001-ci ildə evdən çıxmış və bir daha qayıtmamışdır. Z.Paşayevin xəbərsiz itkin düşməsini görüb Mingəçevir şəhər Polis Şöbəsinə bu barədə məlumat vermişlər. Lakin Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ona cavab məktubları göndərilərək keçirilmiş əməliyyat axtarış-tədbirləri və sorğuları nəticəsində xx.xx.1951-cı il təvəllüdlü X8 2001-ci ilin noyabr ayının birindən yaşayış yerini xəbərsiz tərk etməsi müəyyən olunması yazılmışdır. Həmin cavab məktublarından da göründüyü kimi müxtəlif orqanlara sorğular verilmiş, lakin atası barəsində heç bir izə rast gəlinməmişdir. Z.Paşayevin sağ olması barədə heç bir məlumat yoxdur. Ailə münasibətlərində və əmlakların idarə olunmasında atası Z.Paşayevin tapılması və ya ölmüş elan edilməsi lazımdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən xx.xx.1951-ci il tarixdə doğulmuş atası X4 ölmüş elan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs nümayəndəsi X7 məhkəmə iclası zamanı izahatında göstərdi ki, akt qeydləri arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, lakin X4 ölümünün qeydə alınması barədə heç bir akt qeydi aşkar olunmamışdır. Odur ki, məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Mingəçevir şəhər Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 24 avqust 2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1951-cı il təvəllüdlü X8 xx.xx.2001-ci i tarixdə yaşadığı evdən çıxıb naməlum istiqamətə getməsi və bu günə kimi yaşadığı ünvana qayıtmaması, cinayət hadisəsi olmadığından, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, xx.xx.1951-cı il təvəllüdlü X8 xx.xx.2001-ci i tarixdə yaşadığı evdən çıxıb naməlum istiqamətə getməsi və bu günə kimi yaşadığı ünvana qayıtmaması ilə bağlı Azərbaycan Respublikası MM-in 41.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olmasının ona izah edilməsi qərara alınmışdır. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1951-ci il tarixdə X9, X5 birgə nikahından doğulmuşdur. İşdə olan Nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə X8 arasında xx.xx.1973-cü il tarixdə Yexlax rayon Xaldan kənd sovetində rəsmi nikah bağlanmış və həmin nikah 21 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə X8 ilə X6 birgə nikahlarından doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1951-cı il təvəllüdlü X8 xx.xx.1986-cı i tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.1951-cı il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 xx.xx.1951-ci il tarixdə doğulmuş və xx.xx.1986-cı i tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. X10 ilə xx.xx.1973-cü il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişlər. Zubeyir Paşayev 2001-ci ildə evdən çıxmış və bir daha qayıtmamışdır. Ərizəçi atasının yerini müəyyən etmək məqsədilə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir. Lakin ərizəçi atasının harada olması barədə məlumat əldə edə bilməmişdir. Z.Paşayevin sağ olması barədə heç bir məlumat yoxdur. Ona görə də atasının ölmüş elan olunması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Həmin faktın müəyyən edilməsi ərizəçinin əmlak hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM–in 312–ci madəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçi atasının ölmüş elan edilməsi faktının müəyyən edilməsini başqa yolla əldə edə bilmir və tələb olunan hüquqi faktın müəyyən olunması üçün Azərbaycan Respublikası MPM–in 313-cü maddəsində nəzərdə tutulmuş şərtlər məcmu halında mövcuddur. İş materialları ilə müəyyən olunur ki, atasının ölmüş elan edilməsi faktının müəyyən edilməsi ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılması üçün lazımdır. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM–in 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Məhkəmə iş üzrə toplanmış materiallar əsasında müəyyən edilmiş hallara əsasən hesab edir ki, ərizəçinin atası X1 yaşayış yeri olan Mingəçevir şəhərində onun harada olması barədə 22 il ərzində heç bir məlumat olmadığından, ərizəçinin atasının sağ olması ehtimalı yoxdur. Ona görə də ərizəçinin atası X8 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası MM–in 41.1–ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3–cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM–in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X8 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X4 ölüm günü sayılsın. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına X4 ölmünün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar