Məhkəmə qərarları › İş №2(051)-26/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-26/2025

13.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-26/2025 13.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil1 Cavabdeh: Cavabdeh1 və etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 vəsaiti hesabına ona məxsus torpaq sahəsinə bitişik qanunsuz yolla tikdiyi qarajın sökülməsinə və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına ona məxsus Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə bitişik, qanunsuz yolla tikilən qarajın sökülməsinə və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehlərdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1954-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hazırda Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında yerləşən evdə ailə üzvləri ilə birgə yaşayır. Həmin ünvanda yerləşən 0.0616 ha torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixli **********26 reyestr nömrəli çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 onun torpaq sahəsinə bitişik hissədə heç bir tikinti texniki normalara əməl etmədən qaraj tikmişdir. Qeyd edir ki, cavabdehin faktiki istifadəsində olan qaraj rəsmi olaraq Mingəçevir şəhər Bələdiyyəsinə məxsusdur. O, həmin qarajın qanunsuz tikili olmasını bildirsə də, qonşusu onunla razılaşmadı və onun dediklərini tamamilə təkzib edir. Aralarında mübahisə yarandı və o, aidiyyəti orqanlara müraciət etdi. Mingəçevir şəhər İcra hakimiyyətinə rəsmi müraciət etdi və oradan ona bildirdilər ki, cavabdehin qarajı qanunsuzdur və onunla icarə müqaviləsinin vaxtı bitmiş və təkrar uzadılmasından imtina edilmişdir. Həmin qarajın sökülməsi məsələsinə isə məhkəmə qərar verməlidir. Sonra isə o, Mingəçevir Bələdiyyəsinə müraciət etdi və orada ona bildirdilər ki, həmin torpaq sahəsinə qaraj tikilməsi üçün heç bir razılıq almamış və həmin qaraj qanunsuz tikilidir. O, qonşusuna dəfələrlə bildirmişdir ki, bu məsələni öz aralarında həll etsinlər. Lakin qarşı tərəf razılaşmamışdır. Cavabdeh onun qanuni mülkiyyətində olan torpaq sahəsinin divarına bitişik qanunsuz qaraj tikib və bununla da onun evin arxa tərəfinə çıxışını bağlamış öz evinə giriş-çıxış qapısı qoymağına və ümumiyətlə öz torpaq sahəsindən sərbəst istifadə etməyinə mane olur. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin həmin qarajla bağlı mülkiyyət hüququnun təsdiq edən hər hansı bir sənədi yoxdur. Torpağın mülkiyyətçisi isə bələdiyyədir. Yəni torpaq bələdiyyə torpağıdır. Həmin tikili onun evinə və hasarına birləşdirilmişdir. Ona görə də o maneə yarandığına görə öz mülkiyyətindən rahat istifadə edə bilmir. 1990-cı ildən o, həmin evdə yaşayır. İlk öncə mənzilə, sonra torpaq sahəsinə çıxarış almışdır. Qaraj tikilən zaman o, həmin evdə yaşayırdı. Qarajın tikilməsi üçün ondan icazə aldılar, bu zaman qarajın az uzaq məsafədən tikmələrini tələb etmişdir. Təxminən 7-8 il öncə bu qarajın sökülməsi üçün İcra Hakimiyyətinə müraciət etmişdir. Qarajı Şahismayıl adlı şəxs tikmişdir. Bu məsələ ilə bağlı gec müraciət etməyinin səbəbi oğlunun xəstəliyi və müalicəsi ilə əlaqədar uzun müddət Rusiya Federasiyasında olşduqlarından başlarının qarışıq olması olmuşdur. Qaraj evin arxasında yerləşir. O, isə arxa tərəfə də giriş-çıxış qapısı qoymaq istəyir. Qaraj bugünədək arxa tərəfə qapı qoyulmasına maneə olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının məhkəmə iclasında verdiyi izahatını təsdiqləyərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, O, iddianı qəbul etmir. Belə ki, sözü gedən mübahisəli tikili hazırda faktiki olaraq onun sahibliyindədir. Həmin tikilinin tikilməsi üçün qeyd olunan torpaq sahəsi Mingəçevir şəhər xalq deputatları X4 18 avqust 1995-ci il tarixli 163 nömrəli qərarı ilə Cavabdeh2 verilmişdir. Hazırda həmin tikilinin sökülməsi qeyri-mümkündür. Hesab edir ki, iddiaçının iddiası tam əsassızdır. Belə ki, 2014-cü ildən etibarən həmin qarajdan istifadə edir. Qaraj etibarnamə ilə 50 il müddətinə istifadə üçün ona verilmişdir. İcra Hakimiyyətinin sərəncamında adı göstərilən Cavabdeh2 hazırda Bakı şəhərində yaşayır. 1995-ci il tarixdə bu torpaq sahəsi qarajın tikilməsi üçün Şahismayıla verilmişdir. Şahismayıl da istifadə üçün ona vermişdir. Həmin sözügedən İcra Hakimiyyətinin sərəncamı isə müddətsiz qəbul edilmişdir. İddiaçının ümumiyyətlə belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İş materiallarında ekspert və mütəxəssis rəyi var və onlardan da görünür ki, qaraj iddiaçının torpaq sahəsi olan əraziyə düşmür. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Məhəmməd ünvan 3 ünvanda yerləşən 0,0616 ha olaq torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********72-05101-093002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, M.ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 48,15 kv.m, yaşayış sahəsi 28,0 kv.m və yardımçı sahəsi 20,15 kv.m olan mənzilin üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir şəhər Xalq Deputatları X4 18 avqust 1995-ci il tarixli 163 saylı qərarına əsasən Cavabdeh2 yaşadığı binanın qarşısında fərdi minik avtomobili üçün qaraj tikintisinə 18 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh2, Cavabdeh1 50 il müddətinə onun əmlaklarını idarə etməyi və sərəncam verməyi etibar edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2-357/2004-cü il tarixli 22 iyul 2004-cü il tarixli qətnaməsindən görünür ki, X1 qarajın sökülməsi və torpaq sahəsinin ona qaytarılması barədə iddiası əsassız olduğundan rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********18-05101-093006 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 50,55 kv.m, yaşayış sahəsi 29,94 kv.m və yardımçı sahəsi 20,61 kv.m olan mənzilin üzərində Cavabdeh1 tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2013–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən 2xx.xx.2011-ci il tarixdə verilmiş 6086 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 50,55 kv.m yaşayış sahəsi 29,94 kv.m, olan Mingəçevir şəhəri Ü.Hacıbəyov üçəsi bina 80-da yerləşən 57 nömrəli mənzili alıcının mülkiyyətinə verir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH, ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində istifadədə olan 0,162 haq topaq sahəsində yerləşən 80 nömrəli , 5 mərtəbəli binanın 6-cı girişində 1-ci mərtəbəsində yerləşən 50,55 kv.m ümumi, 29,94 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 88 nömrəli vərəqəində qeydiyyata lıanmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 1091 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 50,55 kv.m yaşayış sahəsi 29,94 kv.m, olan Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi bina 80-da yerləşən 57 nömrəli mənzili alıcının mülkiyyətinə verir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH, ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində istifadədə olan 0,162 ha torpaq sahəsində yerləşən 80 nömrəli , 5 mərtəbəli binanın 6cı girişində 1-ci mərtəbəsində yerləşən 50,55 kv.m ümumi, 29,94 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata lıanmışdır. İşdə olan vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünrü ki, 02 mart 2004-cü il tarixdə təsdiq edilən və reyestrdə 2V-31 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22 iyul 2006-cı ildə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 5, mənzil 44-də yaşayan X5r. İşdə olan xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Satıcı daşınmaz əmlakı 500 manat qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. Alıcı Şirinov Əhmədİsmayıl oğlu satıcı İddiaçı satdığı hissəni (0,0029) ha ondan 500 manat qiymətinə aldı. İşdə olan 23 fevral 2009-cu il tarixli sazişdən görünür ki, tərəflər alqı-satqı predmeti olan torpaq sahəsin əbu sazişin 13-cü bəndində göstərilən sərhədlər daxilində istifadə sahiblik və sərəncam hüquqları həyata keçirməyi və mülkiyət hüquqlarını dövlət qeydiyyatına aldırmağı üzərilərinə götürürlər. Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəymiş zərəri ödəməlidir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/9180 nömrəli, 13 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-3214/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, həmin qaraj tikilisinin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.2-1-ci bəndlərinə riayət edilməməklə inşa edildiyi müəyyən edilmiş, tərəflərin mülkiyyətlərində olan torpaq sahələri sənəd üzrə və naturada ölçüləri üstüstə düşmür, Cavabdeh1 məxsus qaraj tikilisi İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, M.Füzuli küçəsi ev 20, mənzil 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə düşmür. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri, M.Füzuli küçəsi ev 20, mənzil 1 ünvanda yerləşən 0,0616 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mingəçevir şəhər Xalq Deputatları X4 18 avqust 1995-ci il tarixli 163 saylı qərarına əsasən Cavabdeh2 yaşadığı binanın qarşısında fərdi minik avtomobili üçün qaraj tikintisinə 18 kv.m torpaq sahəsinin ayrılmışdır. Bundan sonra Cavabdeh2, İddiaçı məxsus torpaq sahəsinə bitişik qaraj tikmişdir. Həmin qaraj etibarnamə ilə 50 il müddətinə istifadə üçün Cavabdeh1 verilmişdir. O, 2014-cü ildən etibarən həmin qarajdan istifadə edir. Sonradan iddiaçı, Cavabdeh1 qarajın sökülməsini tələb etməsinə baxmayaraq sonuncu bundan imtina etmiş, iddiaçı bu əsasla məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəmə iclası zamanı verdiyi izahatından məlum olur ki, iddiaçı sözügedən qarajın Cavabdeh2 tərəfindən tikilməsi zamanı məlumatı olmuş, tikilinin sökülməsi ilə bağlı gec müraciət etməsinin səbəbi isə oğlunun xəstəliyi və müalicəsi ilə əlaqədar uzun müddət başlarının qarışıq olması olmuşdur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; Beləliklə, mübahisə predmeti olan qaraj iddiaçının İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri, M.Füzuli küçəsi ev 20, mənzil 1 ünvanda yerləşən torpaq sahəsinin üzərinə düşməsə də, iddiaçının mülkiyyətində olan ona məxsus torpaq sahəsinə bitişik inşa olunaraq Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 69.4 və 69.5.2-1-ci bəndlərinə riayət edilməməklə (işdə olan mütəxəssis və ekspert rəylərinə əsasən) inşa edildiyi müəyyən edilmişdir. Həmin qaraj iddiaçının torpaq sahəsinə bitişik tikilərkən iddiaçı tərəfindən Cavabdeh2 etiraz edilməmiş, lakin uzun müddət keçdikdən sonra iddiaçı bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan ona məxsus torpaq sahəsinə bitişik inşa olunan qaraj, iddiaçının öz sahəsindən istifadə etməsinə maneçilik törətmir və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozmur. Belə ki, Mülki Məcəllənin 170-ci maddəsinin mənasına görə, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir vəsözügedən normada hədsiz təsir anlayışı açıqlanır və təsirlərin mümkün dərəcəsi müəyyənləşdirilir. Belə konkretləşmənin hüquqi əhəmiyyəti ondan ibarətdir ki, mümkünlük həddində olan təsirlərə qonşu dözməlidir. Hazırkı vəziyyətdə isə hədsiz təsir müəyyən edilmədiyindən məhkəmə iddiaçı tərəfindən qarajın sökülməsini tələb etməsinə dair iddiasını əsassız sayır. Məhkəmə həmçinin yuxarıda sadalanan normaları və işin faktiki hallarını nəzərdən keçirib hesab edir ki, Mülki Qanunverciliyin 560.3-cü maddəsi hüquqdan sui-istifadənin tərkibini müəyyən etmişdir. Həmin bəndlərdən biri isə 560.3.4-cü maddədir. Belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). 37. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Cavabdeh1 hazırkı iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, Mingəçevir şəhər Xalq Deputatları X4 18 avqust 1995-ci il tarixli 163 saylı qərarı ilə Cavabdeh2 yaşadığı binanın qarşısında fərdi minik avtomobili üçün qaraj tikintisinə 18 kv.m torpaq sahəsi ayrılmış, qaraj da məhz həmin şəxs tərəfindən tikilmişdir. Sözügedən qaraj etibarnamə ilə Cavabdeh1 istifadəsinə verilmişdir. Ona görə də iddia ona münasibətdə əsassız sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. AR MPM-in 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza rəyinin verilməsi üçün çəkilən xərc olan 50 (əlli) manat iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin vəsaiti hesabına ona məxsus Mingəçevir şəhəri, M.ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə bitişik, qanunsuz yolla tikilən qarajın sökülməsi və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehlərdən tutularaq ona verilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza rəyinin verilməsi üçün çəkilən xərc olan 50 (əlli) manat iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar