Məhkəmə qərarları › İş №2(051)-262/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-262/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-262/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı X3 cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə (Üçüncü şəxslər X6 və X4) qarşı mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan mənzili özgəninkiləşdirilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri Maqomayev küçəsi 50 saylı evin 3 saylı mənzilinin həmin mənzildə qeydiyytada olan X6 və X1 razılığı olmadan özgəninkiləşdirilməsi barədə əqdin bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslnadırılmışdır ki, Mingəçevir şəhəri M.Maqomayev küçəsi 50 saylı evin, 3 saylı mənzili onun şəriksiz mülkiyyətindədir. Onun əri Bayraməli Kərimov 2004-cü ildə, oğlu Azər Kərimov 2022-ci ildə vəfat etmişdir. Hazırda o, həmin evdə mərhum oğlu Azər Kərimovun ailəsi və övladları ilə birlikdə yaşayır. X12 ayrıca əmlakı vardır. 1952-ci il təvəllüdlü olmaqla 71 yaşındadır. Yaşadığı mənzili nəvəsi Samir Kərimliyə bağışlamaq istəyir. Ancaq Notariat Kontoru bu əməliyyatı sənədləşdiurməkdən imtina edir. Ondan qeydiyyatda olanların razılıq verilməsini tələb edir. Hesab edir ki, Notariat Kontoru imtinası qanunsuzdur. Mübahisəli mənzil hazırda onun şəriksiz mülkiyyətindədir. Odur ki, məhkəmədən Mingəçevir şəhəri Maqomayev küçəsi 50 saylı evin 3 saylı mənzilinin həmin mənzildə qeydiyytada olan X6 və X1 razılığı olmadan özgəninkiləşdirilməsi barədə əqdin bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və üçüncü şəxslər X6 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişmlər. Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi məhkəmə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin, üçüncü şəxs Kamran Məmmədzadə əvvəlki məhkəmə iclasında iştirak etmiş məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, sözü gedən mübahisəli ev ata evidir. Ev bağışlanarsa o zaman anasının və dayısının da payı olmasının nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, habelə iş materiallarını araşdıraraq və işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 01593 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri M.Maqomayev küçəsi ev 50 mənzil 3-də yerləşən 4 otaqlı ev Baş Dövlət Texniki İnvertarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 25 yanvar 2005-ci il tarixli, 398 nömrəli qərarla 16 fevral 2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Ramin Muradovun 29 avqust 2023-cü il tarixli 1809 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən mənzildə daimi qeydiyyatda olan ailə üzvülərinin razılığını aldıqdan sonra mənzili özgəninkiləşdirə bilmək hüququna malik olduğunu qeyd etməklə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 19 iyul 2005-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 2 evin 3 saylıünvanında yerləşən, ümumi sahəsi 4 otaqlı mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı isə xüsusi mülkiyyətində olan həmin mənzili, nəvəsi Samir Kərimliyə bağışlamaq istəyir. Bununla bağlı notarial ofisinə müraciət etməsinə etmiş, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi qeydiyyatda olan şəxslərin razılıq ərizələrini tələb etmişdir. Digər şəxslər razılıq ərizələrini versələr də, iddiaçının həmin ailə üzvülərindən gəlini olan X4 və nəvəsi X6 razılığının alınması mümkün olmadığından, iddiaçının mülkiyyətində olan mənzili bağışlamsına dair müqavilənin rəsmiləşdirilməsindən imtina edilmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, maraqlı şəxslərin razılığı olmadan mənzilin özgəninkiləşdirilməsinin (bağışlama) qadağan olunması iddiaçı olan mənzilin mülkiyyətçisinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu hal isə həm beynəlxalq hüquq həm də Azərbaycan Konstitusiyası və qanunları ilə öz əksini tapmış və belə məhdudiyyətlərin yaranmasını bir mənalı şəkildə qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə əmlak xarakterli hüquq münasibəti olduğundan, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini və həm də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Həmçinin mülki qanunvericilklik bağışlama müqaviləsinin notarius qaydasında təsdiqlənməsi ilə etibarlı sayıldığını qeyd edir. Lakin bu müddəa mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa yönəlməməlidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla xüsusi mülkiyyətçinin hüquqularının məhdudlaşdırılmasına yönəlmişdir. Belə olan halda məhkəmə daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktı tətbiq etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarındabu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.10-cu maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məsmə paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən 50 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzilin nəvəsi Samir Kərimliyə bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış X6 və X1 razığı alınmadan cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən 50 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzilin nəvəsi Samir Kərimliyə bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış X6 və X1 razılığı alınmadan cavabdeh Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinə həvalə edilsin. X2 miras açılanadək iki il müddətinə Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən 50 saylı evin 3 saylı mənzilinə məcburi payı olması izah olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar