Məhkəmə qərarları › İş №2(051)-300/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-300/2022

27.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-300/2022 27.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, İddiaçı «X1» ASC-nin nümayəndəsi, Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı: «X1» ASC-nin Cavabdeh: Cavabdeh qarşı «Zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: «X1» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X1» ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1» ASC-nin nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək izahatında göstərdi ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən 0,2080 ha torpaq sahəsi «X1» ASC-nin mülkiyyətindədir. Bu barədə Cəmiyyətə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmiş, torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Buna baxmayaraq Cavabdeh «X1» ASC-nə məxsus torpaq sahəsinin müəyyən hissəsini qanunsuz zəbt etmiş və həmin ərazidə qanunsuz tikili inşa etmək niyyətindədir. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltmağı tələb olunmasına baxmayaraq, cavabdeh öz qanunsuz əməllərindən əl çəkməmiş, torpaq sahəsindən çıxmamışdır. Ona görə də iddianın təmin olunmasını, Cavabdeh «X1» ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsinin zəbt etdiyi hissəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, uzun müddət "xxxx" ASC-də işləmişdir. İşlədiyi zaman ona torpaq sahəsi verilmişdir. Hazırda tikinti işləri aparmaq istədiyi torpaq sahəsi də onun istifadəsinə verilmiş torpaqdır. O, iddiaçıya məxsus torpaq sahəsini tutmamışdır. İddianın təmin olunmamasını xahiş edir. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvandakı 0,2080 ha torpaq sahəsi 24 avqust 2021-ci il tarixdə «X1» ASC-nin adına qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Texniki Pasportun surətindən görünür ki, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən əmlak kompleksi 21 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən **********23-12301 saylı reyestr nömrəsi ilə «X1» ASC-nin adına tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri başqasının qanunsuz sahibliyindən əmlakın alınması ilə bağlı yaranan mülki münasibətlərdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatından bəhs edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, torpağın istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən torpaq sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan torpağa dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra torpağın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin torpağa sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Torpaq sahəsinə iddiaçının sahibliyi məsələsi araşdırılarkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin aşağıdakı müddəaları da nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvaiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istfadə hüququ, icarə hüququ), habelə alqısatqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. “Torpaq qanunvericilinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 6-cı bəndinə görə torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi itifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istofadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı obrazına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Sadalanan hüquq normalarının sistemli təhlili bu nəticəyə gəlməyə əsas verir ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən tutulmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir, cavabdeh isə etirazında mübahisəli torpaq sahəsinin onun istifadəsinə verildiyini bildirir, lakin torpaq sahəsinin onun mülkiyyətinə, istifadəsinə, icarəsinə verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Ancaq iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Ona görə də iddia təmin olunmalı, cavabdeh iddiaçının mülkiyyətinə olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh «X1» ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 1 ünvanda yerləşən torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM Məhburə Kərimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar