Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-308/2021 03.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Kombinatının nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Kombinatının Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin icarə müqaviləsinin ləğv edilməsi, qeyri yaşayış sahəsindən məcburi qaydada çıxarılma və icarə haqqının ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Kombinatı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh X1 məxsus qeyri-yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. Sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh ilə Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Kombinatı arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli, 119 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin ləğv edilməsi, Cavabdeh müqaviləyə əsasən icarəyə verilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və həmin qeyri-yaşayış sahəsindən istifadəsi ilə bağlı ödənilməyən 196 manat icarə haqqı borcunun Cavabdeh alınıb Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Kombinatının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Mənzil-Kommunal Təsərrüfatı Kombinatına məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh ilə 05 yanvar 2017-ci il tarixdə, 119 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bir il müddətinə müqavilə imzalanmaqla, icarəsinə verilmişdir. Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Kombinatının rəhbərliyi tərəfindən 2017-ci ilin sentyabr ayında məktub göndərilərək müavilənin müddəti 05 yanvar 2018-ci il tarixdə bitəcəyi, aralarında yenidən müqavilə bağlanmayacağı, həmin tarixdə icarəyə götürdüyü qeyriyaşayış sahəsini boşaldıb təhvil verilməsi bildirilmişdir. Lakin Cavabdeh qeyri-yaşayış sahəsini təhvil verməmiş, istifadəsində saxlamış, 2018-ci ildə cəmi bir neçə ay icarə haqqını ödəmiş, sonra icarə haqqını da ödəməmişdir. Cavabdeh icarə müqaviləsinin şərtlərini pozduğuna, eləcə də icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə kombinatın ehtiyacı olduğuna, nəqliyyat vasitələrinin saxlanılması üçün zərurət olduğuna görə ona 3 gün müddətində qeyri-yaşayış sahəsinin boşaldılması və icarə haqqı borcunun ödəməsini bildirməsi barədə məktub göndərilmiş, lakin cavabdeh ya icarə haqqı borcunu ödəməmiş, ya da icarəyə götürdüyü qeyri-yaşayış sahəsini kombinata təhvil verməmişdir. 2019-cu ilin mart ayınadək icarə haqqından 69 (altmış doqquz) manat ödəniş etmiş, 2019-cu ilin mart ayından, iddia ərizəsi verilənədək-2020-ci ilin noyabr ayınadək heç bir ödəniş etməmiş, 196 (bir yüz doxsan altı) manat icarə haqqı borcu yaranmışdır. Cavabdeh dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini heç bir əsas olmadan, icarə haqqı ödəmədən istifadə edir və boşaltmaq istəmir. Ona görə də Cavabdeh ilə Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Kombinatı arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli, 119 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin ləğv edilməsi, Cavabdeh müqaviləyə əsasən icarəyə verilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı ödənilməyən 196 manat icarə haqqı borcunun Cavabdeh alınıb Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Kombinatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhər Kommunal Təsərrüfatının balansında olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının dəmirçiqaynaqçı işi ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. Bununla bağlı Mingəçevir Kommunal Təsərrüfatı ilə onun arasında 2007-ci ildə icarə müqaviləsi bağlanmışdır. İddiaçı Mənzil Kommunal Təsərrüfatı Kombinatı ona qarşı icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış obyektindən çıxarılması tələbini iddia edir. İcarəyə götürdüyü həmin obyekt onun iş yeridir, ona görə də həmin obyektdən, qeyri yaşayış binasından çıxmaq istəmir. Bundan əlavə iddiaçı 196 manat icarə haqqı borcu yarandığını, həmin borcun ödənilməsini tələb edir. Aralarında bağlanmış icarə müqaviləsinə görə hər ay 10 manat icarə haqqı ödənilməli idi.Həmin borcu ödəməyə maddi imkanı yoxdur. Eləcə də iddiaçının ona borcu vardır. Həmçinin, ona görə də icarə haqqı borcunu ödəmək istəmir. İddianın təmin olunmamasını xahiş edir. İşə əlavə olunmuş 05 yanvar 2017-ci il tarixli 119 №-li İcarə müqaviləsindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Kombinatı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi bir il müddətinə, hər ay 10 manat icarə haqqaı ödəmək şərti ilə Cavabdeh icarəsinə verilmişdir. İşə əlavə olunmuş Mənzil-Kommunal Təsərrüfat Kombinatı tərəfindən Cavabdeh göndərilmiş 278 №-li 21 sentyabr 2017-ci il tarixli məktubda göstərilir ki, icarə müaviləsinin müddəti 05 yanvar 2018-ci il tarixdə bitir. Həmin qeyri-yaşayış sahəsi kombinata lazım olduğu üçün yenidən müqavilə bağlanmayacaq. Xahiş olunur həmin tarixdə icarəyə götürülmüş yeri boşaldıb təhvil verilsin. İşə əlavə olunmuş Mənzil-Kommunal Təsərrüfat Kombinatı tərəfindən Cavabdeh göndərilmiş 02 noyabr və 06 noyabr 2020-ci il tarixli xəbərdarlıq məkdublarında cavabdehin icarəyə götürmüş olduğu qeyri-yaşayış sahəsini boşaldıb təhvil verməsi bildirilmişdir. İşə əlavə olunmuş Mənzil Kommunal Təsərrüfat Kombinatı tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 119 №-li 05 yanvar 2017-ci il tarixli qeyri yaşayış sahəsinin icarə müqaviləsi üzrə 196 manat borcu yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Kombinatı tərəfindən bir il müddətinə, hər ay 10 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh icarəsinə verilmişdir. İcarə müqaviləsi hər iki tərəfin iştirakı və razılığı əsasında tərtib edilmişdir. Mənzil Kommunal Təsərrüfat Kombinatının müdiriyyəti tərəfindən Cavabdeh 21 sentyabr 2017-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək icarə müqaviləsinin müddəti 05 yanvar 2018-ci il tarixdə bitəcəyi, yeni müqavilə bağlanmayacağı, həmin tarixdə icarəyə göndərilmiş qeyri-yaşayış sahəsinin təhvil verilməsi bildirilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verməmiş, həmin tarixdən sonra da bir neçə ay icarə haqqını ödəmiş, lakin sonra icarə haqqı ödənişini dayandırmışdır. İcarə müqaviləsinin mahiyyətində görünür ki, icarəyə verən Mənzil Kommunal Təsərrüfat Kombinatı əmlakından icarəçiyə qarşılıqlı razılıq ilə müəyyənləşdirilmiş haqq müqabilində istifadə etməyə icazə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən göstərilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən göstərilir ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. İşdə olan tərəflər arasında bağlanmış 119 №-li 05 yanvar 2017-ci il tarixli qeyri- yaşayış sahəsinin İcarə müqaviləsinin 3-cü və 4-cü bəndlərində göstərilir ki, icarədar icarəyə götürdüyü qeyri-yaşayış üçün hər ay 10 manat icarə haqqı ödəyir. İcarədar icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin icarə haqqını dalbadal 3 ay müddətində üzrlü səbəb olmadan ödəməzsə, bu müqaviləyə birtərəfli xitam verilə bilər. Həmin müqavilənin 11-ci bəndində göstərilir ki, əgər tərəflər aralarında yaranmış mübahisəni danışıqlar yolu ilə həll edə bilməzlərsə, mübahisə yalnız məhkəmə qaydasında həll ola bilər. Məhkəmə iclasında müəyyən edildi ki, cacabdeh icarə müqaviləsinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, uzun müddət icarə haqqını ödəməmişdir. İddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq icarə haqqını ödəməmiş, icarəyə götürdüyü qeyr-yaşayış sahəsini boşaldıb iddiaçıya təhvil verilməmişdir. “İcarə haqında” Qanunun 13-cü maddəsinə əsasən tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Kombinatının balansında olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 119 №-li 05 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılmalı, ödənilməmiş 196 manat icarə haqqı cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin olunsun. İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Kombinatı ilə Cavabdeh arasında bağlanmış ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 119 №-li 05 yanvar 2017-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılsın. Cavabdeh 196 (bir yüz doxsan altı) manat alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-308/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-308/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver