Məhkəmə qərarları › İş №2(051)-310/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-310/2021

29.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-310/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı, vəkili - X4 Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə Cavabdeh4 mülkiyyətində olan, ünvan 1 mənzil 14 ünvanında yerləşən mənzilə köçürülməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh2 onun qaynatası, Cavabdeh1 qaynanası, Cavabdeh3 onun qaynı, Cavabdeh4 isə Cavabdeh2 anasıdır. ünvan 1 mənzil 14 ünvanında yerləşən mənzil xx.xx.2005-ci il tarixdə Cavabdeh4 adına qeydə alınmış, lakin sonuncu faktiki olaraq həmin mənzildə yaşamır. Hazırda sözügedən mənzildə digər cavabdehlər yaşayır. O, X5 ilə xx.xx.2014-cü ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, qeyd olunan mənzilə gəlin köçərək ona məxsus cehiz əşyaları da həmin mənzilə yığılmışdır. Onların birgə nikahlarından xx.xx.2015-cü il tarixdə Əbəlfəz, xx.xx.2018-cü il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. O, Naim ilə evləndikdən sonra həmin mənzildə qeydiyyatda olmaqla onunla birlikdə orada yaşamışdır. X13 xx.xx.2020-ci ildə qaraciyərin dəqiqləşdirilməmiş toksiki zədələnməsi xəstəliyindən ölmüşdür. Bundan sonra iki azyaşlı uşaqlar onun himayəsində qalmışlar. Hazırda onların yaşayış sahəsinə ehtiyacı olsa da, həmin ünvanda yaşamırlar. Ona görə də o, uşaqları ilə birlikdə mənzilə köçürülməlidir. Odur ki, məhkəmədən iddianın təmin olunması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclası zamanı izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, onunla iddiaçı arasında heç bir narazılıq olmamışdır. Lakin iddiaçı heç bir səbəb göstərmədən mənzili könüllü olaraq tərk etmişdir. Hazırda o, iddiaçının yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə ünvan 1 mənzil 14 ünvanında yerləşən mənzilə köçürülməsinə etiraz etmir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı Cavabdeh2 izahatına uyğun izahat verdi, həmçinin təqdim etdiyi yazılı ərizəsində, iddiaçının yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə ünvan 1 mənzil 14 ünvanında yerləşən mənzilə köçürülməsinə etiraz etmədiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin bildirdiklərini, cavabdehlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2014–cü il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqında şəhadətnamələrin surətindən görünür ki, X5 ilə İddiaçı birgə nikahından xx.xx.2015-cü il tarixdə Əbəlfəz, xx.xx.2018-cü il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh4, Cavabdeh1, X6, Cavabdeh3, X7, Cavabdeh2, X1 şəhəri, Təbriz küçəsi 23, mənzil 14 ünvanında qeyediyyatdadırlar. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 Saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********97 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri, Təbriz küçəsi 23 nömrəli binanın, 14 saylı mənzili Mingəçevir şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 610 nömrəli Order və “Toxucu” Mənzil kooperativinin xx.xx.2005-ci il tarixli, 03 nömrəli F-2 arayışına əsasən Mingəçevir DTİ və MHQİ-nin xx.xx.2005-ci il tarixli, 6510 nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh4 adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 080056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il də ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 336 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qaraciyərin dəqiqləşdirilməmiş toksiki zədələnməsi göstərilmişdir. Beləliklə, məhkəmə iclası zamanı iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, iddiaçı ilə X5 xx xxxxxx 2014-cü il tarixdə Mingəçevir şəhər Nikah evində nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2015-cü il tarixdə Əbəlfəz, xx.xx.2018-cü il tarixdə Mədinə adlı uşaqları doğulmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh4 mülkiyyətində olan, ünvan 2 mənzil 14 ünvanında yerləşən mənzilə gəlin köçüb cavabdehlərlə birlikdə yaşamışdır. İddiaçı gəlin köçən vaxt özünə məxsus cehiz əşyalarını da həmin mənzilə yığmışdır. Həmin vaxt cavabdehlər iddiaçını ailə üzvü kimi qəbul etmiş, onunla ümumi təsərrüfata malik olmuş, onun həmin evdə daimi yaşamasına razı olmuşlar. İddiaçının Əbəlfəz və Mədinə adlı uşaqları da həmin evdə doğulmuşdur. İddiaçının əri Naim xx.xx.2020-ci il tarixdə öldükdən sonra iddiaçı uşaqları ilə birlikdə ayrı yaşamağa başlamış, lakin iddiaçıya məxsus cehiz əşyaları mübahisəli mənzildə qalmışdır. İddiaçı 2015–2020–ci illər ərzində həmin mənzildə fasiləsiz və etirazsız olaraq yaşamışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının və uşaqlarının mübahisəli mənzildən istifadə etmələrinə etraz etmirlər. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı isə mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM–nin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə xx.xx.2014-cü il tarixdə gəlin köçdüyündən, 2020-ci ilin iyun ayınada mübahisəli mənzili tərk etdiyindən, həmin vaxt mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, x xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü olmasa da, iddiaçının mübahisəli mənzilin tərkib hissəsindən istifadə etməsinə və azyaşlı uşaqları ilə köçüb yaşamasına cavabdeh tərəf məhkəmə iclası zamanı yazılı razılıq vermişdir. Qeyd olunan razılığıq, qanunvericiliyə zidd olmadığından və azyaşlı uşaqların mənafeyi uyğun olduğundan, iddiaçının mübahisəli mənzilin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsasdır. Belə ki, işdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli ərizələrindən görünür ki, onlar iddiaçının azyaşlı uşaqları ilə birlikdə ünvan 2 mənzil 14 ünvanında yerləşən mənzilə köçürülməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3–cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə, iddiaçının mübahisəli mənzilə gəlin köçməsini, uşaqlarının həmin evdə doğulmasını, xeyli müddət fasiləsiz və etirazsız olaraq orada yaşamasını, habelə ümumi təsərrüfatı idarə etməsini, iddiaçının həmin mənzili özünün daimi yaşayış yeri hesab etməsini sübut edən hal kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, evdən çıxması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43–cü maddəsinin İ hissəsinin tələbinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2–ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən nəzərə alır ki, azyaşlı uşaqlar doğulduğu andan Cavabdeh4 mülkiyyətində olan mübahisəli mənzildə yaşamış, azyaşlı olduqları üçün ana ilə daha çox bağlı olmuş, hazırda da ana ilə birlikdə mübahisəli mənzilə köçüb yaşaması onların mənafelərinə daha çox uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan, ünvan 2 mənzil 14 ünvanında yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2015-cü il tarixdə doğulmuş Əbəlfəz, xx.xx.2018-cü il tarixdə doğulmuş Mədinə adlı uşaqları ilə birlikdə Cavabdeh4 mülkiyyətində olan, ünvan 2 mənzil 14 ünvanında yerləşən mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar