Məhkəmə qərarları › İş №2(051)-34/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-34/2023

03.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-34/2023 03.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər): İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı): Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İlkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən olunması tələbinə dair ilkin, Cavabdeh ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı payın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən olunması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh bərabər hissədə olmaqla, hər birinə 1/4 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı payın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun Mingəçevir şəhəri, Günəş küçəsi, 78-A ünvanında yerləşən 0.23 ha torpaq sahəsində olan 0.0575 ha torpaq sahəsinin naturada bölünərək mülkiyyətinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçıların nümayəndəsi məhkəmə iclası zamanı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçılar və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Bəkirov X1 şəhəri, Günəş küçəsi, ev 78A ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçiləridirlər. Sözügedən ünvana aid RX ******* №-li çıxarışdan da göründüyü kimi sözügedən ünvanda olan yaşayış evi tam olaraq İddiaçı2 məxsusdur. Lakin 0,23 ha torpaq sahəsi təmsil etdiyi şəxslərin və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) ümumi birgə mülkiyyətindədir. Onlar arasında sözügedən torpaq sahəsinin bölünməsi ilə bağlı mübahisə vardır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) sözügedən torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasından istifadə edib torpağın bağışlanmasının və ya başqa formada özgəninkiləşdirilməsinin qarşısını alır. Torpaqda payların müəyyən olunması bütün mülkiyyətçilərinin öz mülkiyyət hüquqlarından səmərəli istifadə etməsinə şərait yaradacaqdır. Odur ki, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi məhkəmə iclası zamanı ilkin iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, ilkin iddiaçılar təmsil etdiyi şəxsə qarşı ümumi birgə mülkiyyətdə olan torpaqda payların müəyyən olunmasına dair iddia qaldırmışlar. Təmsil etdiyi şəxs həmin ünvanda qeydiyyatdadır. ünvan 2ahəsi ilkin iddiaçılarla təmsil etdiyi şəxsin ümumi birgə mülkiyyətindədir. Yəni onların hər birinin payı 1/4 hissədədir. Dəfələrlə payının naturada bölünüb verilməsini istəmişdir. İlkin iddiaçılar öz ərizələrində qeyd etmişlər ki, torpaq sahəsinin təmsil etdiyi şəxslə ümumi birgə mülkiyyətdə olması onların həmin paylarını bağışlamalarına, özgəninkiləşdirmələrinə mane olur. İlkin iddiaçıların hər üçü bir evdə yaşayıb, birgə təsərrüfat aparırlar. Təmsil etdiyi şəxs isə həmin ünvanda qeydiyyatda olsa da, başqa ünvanda yaşayır. Həmin torpaq sahəsində yerləşən yaşayış evi həyətin bir hissəsində olduğundan 0.23 ha torpaq sahəsinin 1/4 hissəsinin naturada bölünüb təmsil etdiyi şəxsə verilməsi mümkündür. İlkin iddiaçıların iddia ərizəsində göstərdikləri kimi öz mülkiyyət paylarını özgəninkiləşdirəcəkləri halda təmsil etdiyi şəxsin mülkiyyət hüquqlarının pozulması mümkündür. Təmsil etdiyi şəxs öz payının naturada bölünməsini və sərhədlərinə hasar çəkməklə ayrılmasını istəyir. Odur ki, məhkəmədən ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, **********00-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 15.2 kv.m olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı2 tam mülkiyyət hüququ, həmin ünvanda yerləşən 0.23 ha torpaq sahəsi üzərində İddiaçı2 ümumi birgə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2014–cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən 0.23 ha torpaq sahəsi İddiaçı2, İddiaçı1, Cavabdeh və İddiaçı3 ümumi birgə mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlarından görünür ki, İddiaçı2, İddiaçı1, Cavabdeh və digər şəxslər ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-052F saylı kod 90200002 olan şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə 0.23 ha torpaq sahəsi İddiaçı2, İddiaçı3, İddiaçı1 və Cavabdeh mülkiyyətinə verilmişdir. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6493 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan həyətyanı torpaq sahəsinin dəqiqliklə yerləşmə mövqeyini, sahəsini və sərhədlərini müəyyən etmək mümkün olmadığından, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2769 saylı əlavə ekspert rəyindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan həyətyanı torpaq sahəsindən iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 paylarından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 1/4 hissədə payının naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 2-ci və 3-cü sual üzrə tədqiq olan torpaq sahəsinin bölgüsü mümkün olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmamışdır. Məhkəmə təyin edilmiş xx.xx.2023-cü il tarixli 10/6493 saylı ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyi tam və əsaslandırılmış olmadığından mötəbər sübut növü kimi qəbul edilə bilməz. Belə ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan həyətyanı torpaq sahəsinin dəqiqliklə yerləşmə mövqeyini, sahəsini və sərhədlərini müəyyən etmək mümkün olmadığından, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Ona görə də məhkəmə yenidən ekspertiza təyin etmişdir. Odur ki, məhkəmə işin qanuni həll edilməsi zamanı AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2769 saylı əlavə ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və nəzərə alır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 3 ünvanında yerləşən 0.23 ha torpaq sahəsi İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh ümumi birgə mülkiyyətindədir. Ümumi sahəsi 15.2 kv.m olan, həmin ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı2 məxsusdur. Hazırda tərəflər ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi barədə öz aralarında razılığa gələ bilməmişlər, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlər) ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini bağışlamaları və ya başqa formada özgəninkiləşdirmələri mümkün olmamışdır. Ona görə də iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) sözügedən torpaq sahəsinin onlara və Cavabdeh bərabər hissədə olmaqla, hər birinə 1/4 hissədə payının müəyyən edilməsinə dair məhkəmədə iddia qaldırmışlar. Bununla yanaşı, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi ilkin iddianı qismən qəbul edir, həmin torpaq sahəsinin 1/4 hissəsinin naturada bölünüb təmsil etdiyi şəxsin mülkiyyətinə verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, işin qanuni həll edilməsi üçün ilk növbədə ilkin iddiaya qiymət verilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun xüsusi növü olan ümumi mülkiyyət hüququ ilə bağlı mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi mülkiyyət hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 214.1–ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, **********00-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan da göründüyü kimi ünvan 3 ünvanında yerləşən 0.23 ha torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında sözügedən torpaq sahəsindən paylarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməmişdir. Hazırda ilkin iddiaçılar mübahisəli torpaq sahəsinin onlara və Cavabdeh bərabər hissədə olmaqla, hər birinə 1/4 hissədə payının müəyyən edilməsini tələb edir. Ona görə də iddiaçılar tələblərində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5–ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Ona görə də məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ünvan 3 ünvanında yerləşən 0.23 ha torpaq sahəsindən ilkin iddiaçıların və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) hər birinin payları ¼ hissədə müəyyən edilməlidir. Məhkəmə, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan həyətyanı torpaq sahəsindən iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 paylarından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 1/4 hissədə payının naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunduğu kimi payın naturada ayrılması texniki cəhətdən mümkün olmadığından, iddiaçıya düşən payın naturada ayrılması tələbi təmin edilməməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmiş, lakin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan ilkin iddiaçılar razılıq verməmişdir. Lakin ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) payının naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) payının naturada ayrılması, paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə ziddir. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli və ünvan 3 ünvanında yerləşən 0.23 ha torpaq sahəsindən ilkin iddiaçıların və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) hər birinin payları ¼ hissədə müəyyən edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məhkəmə xərci ilkin iddiaçılardan, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti– texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçı) tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. Ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsindən ilkin iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh hər birinin payları ¼ hissədə müəyyən edilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı payın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlkin iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar