Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-354/2021 05.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi, Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X1 Üçüncü şəxs: Mingəçevir şəhəri 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin bir otağının onun istifadəsinə verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 5 saylı evin 45 saylı, 2 otaqlı mənzilinin 1 otağının onun və azyaşlı uşaqları Ceyran Əliyeva və Səma Əliyevanın, 1 otağının isə Cavabdeh istifadəsinə verilməsi və ümumi istifadə yerlərinin birgə istifadədə saxlanması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi şəxsin adından əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə qeyri-rəsmi evlənmiş, onların faktiki münasibətlərindən xx xxxx 2002-ci il tarixdə Ceyran və xx xxxxxx 2003-cü il tarixdə Səma adlı uşaqları doğulmuşdur. xx xxxx 2007-ci il tarixdə təmsil etdiyi şəxs Cavabdeh ilə rəsmi nikah bağlamışdır. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Qaçqınların və Məcburi köçkünlərin yaşayış həddinin yaxşılaşdırılması ilə bağlı mənzillə təmin edilməsinə dair sərəncamına əsasən, onlara Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 5 saylı evin 2 otaqdan ibarət 45 saylı mənzili verilmişdir. Həmin mənzildə təmsil etdiyi şəxs övladları X8, X11 və Cavabdeh yaşayırlar. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra Cavabdeh iddiaçını uşaqları ilə birlikdə yaşadıqları mənzildə yaşamaqlarına maneçilik törətmiş və son nəticədə təmsil etdiyi şəxslə mübahisə etmişdir. Hazırki vaxtadək uşaqları təmsil etdiyi şəxsin yanında qalmışdır. Mübahisəli mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 62.37 kv.metr, yaşayış sahəsi 30.27 kv.metrdir. Hazırda onların bir yerdə yaşamaqları mümkün deyildir. Cavabdeh ilə iddiaçı rəsmi qaydada ayrıldığına görə 2 otaqlı mənzilin 1 otağının iddiaçının və uşaqlarının, 1 otağı isə cavabdehin istifadəsinə verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Üçüncü şəxs Mingəçevir şəhəri 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi X5 məhkəmə iclası zamanı verdiyi ifadəsində mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, sözügedən mənzilin bir otağı ilə əlaqədar olan iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə cavabdeh Y. Əliyevin və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini, tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mingəçevir şəhər 1 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 566 saylı arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün olan Əliyeva X2 şəhər Qaçqın və Məcburi Köçkünlər üçün salınmış 504 mənzilli yaşayış qəsəbəsində yerləşən 5 saylı evin 45 saylı mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstisimar Departamentinin direktoru ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 225 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev küçəsi, 5 saylı evin 45 saylı dövlət mənzil fonduna aid mənzili (ümumi sahəsi 30,27 m2, 2 otaqlı) Cavabdeh müvəqqəti kirayəyə verilmişdir. Kirayəçinin ailə üzvləri kimi müqavilədə, arvadı İddiaçı, uşaqları X8 və X11 qeyd edilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Cavabdeh ilə faktiki, xx xxxx 2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir.Onların faktiki münasibətlərindən xx xxxx 2002-ci il tarixdə Ceyran və xx xxxxxx 2003-cü il tarixdə Səma adlı uşaqları doğulmuşdur. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəyə verilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstisimar Departamentinin direktoru ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilə əsasında Mingəçevir şəhəri H.Əliyev küçəsi, 5 saylı evin 45 saylı dövlət mənzil fonduna aid xüsusi təyinatlı mənzil (ümumi sahəsi 30,27 m2, 2 otaqlı) Cavabdeh və onun ailə üzləri arvadı İddiaçı, uşaqları X6 və X9 müvəqqəti kirayəyə verilmişdir. Hazırkı vaxtadək iddiaçı və cavabdeh mübahisəli mənzildə yaşayır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması barədə” xx.xx.2004-cü il tarixli, 298 nömrəli Sərəncamının 2-ci bəndində Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən «Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun mənzil kirayə müqaviləsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsindən istifadə üzrə münasibətləri tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4-cü maddəsinin və Mənzil Məcəlləsinin istinad olunan müddəalarına əsasən iddiaçının da Cavabdeh ilə bərabər məcburi köçkün kimi qeydiyyata alınıb məskunlaşdığı Mingəçevir şəhəri H.Əliyev küçəsi, 5 saylı evin 45 saylı dövlət mənzil fonduna aid xüsusi təyinatlı mənzilin tərkib hissəsindən istifadə hüququ yaranmış və onun həmin mənzil üzərində əmlak hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, hazırda iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən Cavabdeh ilə bərabər qaydada istifadə etdiyindən, həmçinin cavabdeh Cavabdeh ailə üzvləri tərkibindən çıxmadığından, onun mübahisəli mənzilin tərkib hissəsindən bütövlükdə istifadə hüququ vardır. Bununla yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının subyektiv hüququ Cavabdeh tərəfindən pozulmadığından, mübahisəli mənzilin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsinə dair tələbi əsaslı deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hazırda mübahisəli mənzildən iddiaçı və uşaqları tam şəkildə sərbəst istifadə edir. Cavabdeh tərəfindən onlara qarşı hər hansı bir maneənin olması ilə bağlı sübut təqdim olunmamış, həmçinin iddiaçının iddia etdiyi yaşayış otağı mübahisəli mənzilin tərkib hissəsinə aiddir. Həmin yaşayış otağının ayrıca yaşayış sahəsi kimi istifadəsi, həmçinin yaşayış otağının sosial kirayə müqaviləsinin müstəqil predmeti olması qanunda nəzərdə tutulmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Göründüyü kimi dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi ilə bağlı münasibətləri tənzimləyən mənzil qanunvericiliyində ayrıca olmayan yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmeti olması istisna edilmişdir. Belə ki, yaşayış sahəsi şəxsin daimi yaşaması üçün yararlı olan ayrıca sahə olmalıdır. İddiaçının iddia etdiyi yaşayış otağı isə mübahisəli mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsidir. Hansı ki, həmin yaşayış otağının mübahisəli mənzildən ayrıca istifadəsi onun təyinatına tənasübsüz zərər vurulmadan mümkün deyildir. Ona görə də yalnız mübahisəli mənzilin bir otağının iddiaçının istifadəsinə verilməsi, qanunvericiliyin digər tələblərinə, yəni müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab vermir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 5 saylı evin 45 saylı, 2 otaqlı mənzilinin 1 otağının onun və azyaşlı uşaqları Ceyran Əliyeva və Səma Əliyevanın, 1 otağının isə Cavabdeh istifadəsinə verilməsi və ümumi istifadə yerlərinin birgə istifadədə saxlanması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-354/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-354/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver