Məhkəmə qərarları › İş №2(051)-38/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-38/2023

03.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-38/2023 03.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilin naturada bölünməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının uşaqlarıdır. Qeyd edilən mənzil vərəsəlik qaydasında onların hər birinin dörddə bir hissədə payları müəyyən edilmişdir. Bundan sonra mənzilə paylı mülkiyyət hüququ üzrə dövlət reyestrindən Çıxarış alınmışdır. Cavabdehlər iddiaçının həmin mənzildən sərbəst istifadə etməyinə, həmin mənzildə yaşamağına icazə vermirlər. İddiaçı qanuni əsaslarla özünə məxsus mənzildən faktiki olaraq istifadə edə bilmir və mülkiyyət hüquqları qəsdən pozulur. Bu məsələnin həlli üçün iddiaçı cavabdehlərlə dəfələrlə danışıb, məsələni razılıq yolu ilə həll etməyə çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də, hazırda iddiaçıya məxsus payın naturada bölünməsini xahiş edir, çünki tərəflərin birlikdə yaşamaqları mümkün deyil. Ona görə də ünvan 2 ünvanda yerləşən mənzilin paylara mütənasib olaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək mənzilin naturada bölünməsinə razı olmadığını bildirdilər. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İşə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 52/1 №-li evin 9 №-li mənzilinə İddiaçı 1/4 hissə, Cavabdeh1 1/4 hissə, Cavabdeh2 1/4 hissə, Cavabdeh3 1/4 hissədə pay olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizasının 10/7692 №li 30 dekabr 2022-ci il tarixli rəyində göstərilir ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin ümumi sahəsi 68,3 kv.metr, yaşayış sahəsi 47,69 kv.metr, yardımçı sahəsi 20,61 kv.metr olan 3 otaqdan ibarət 9 nömrəli mənzilin tərəflər arasında 1/4 paylara uyğun olaraq naturada bölünməsi “İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2.,2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 52/1 №-li evin 9 №-li mənzilinə İddiaçı 1/4 hissə, Cavabdeh1 1/4 hissə, Cavabdeh2 1/4 hissə, Cavabdeh3 1/4 hissədə naturada bölünməsini tələb edir. İş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyindən görünür ki, mənzilin paylara müvafiq olaraq naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə ekepertizasının rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, mənzilin paylara uyğun naturada bölünməsi texnki cəhətdən mümkün olmadığına görə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat iddiaçıdan alınıb dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat İddiaçı tərəfindən aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə ödənilsin. Büdcə təsnifatının kodu: 142595 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar