Məhkəmə qərarları › İş №2(051)-400/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-400/2022

13.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-400/2022 13.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh iştirakı ilə Məhkəmə İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 avqust 2005-ci il təvəllüdlü X2, 18 fevral 2008-ci il təvəllüdlü X4 və 26 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə mülkiyyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzili 24 dekabr 2009-cu ildən onun şəriksiz mülkiyyətindədir. Belə ki, həmin mənzili o alqı-satqı müqaviləsi əsasında öz şəxsi vəsaiti hesabına əldə etmişdir. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, oğlu Səxavət Məmmədov 16 oktyabr 2004-cü ildə iddiaçı ilə ailə qurmuşdur. Cavabdeh ərə gələrkən heç bir cehiz əşyası olmamışdır. Özünün də göstərdiyi kimi kirayə mənzildə oğlu ilə birgə yaşamağa başlamışdır. Sonradan o, qazanc əldə edib həmin mənzili satın almışdır. Sosial yardım almaq istəkləri ilə əlaqədar onun mənzilinə qeydiyyata düşməsinə razılıq vermişdir. Ancaq mənzilindən ona istifadə hüququ verən hər hansı müqavilə bağlamamışdır. X8 Cavabdeh arasındakı nikah 2018-ci ildə pozulmuşdur. Həmin vaxt onların 3-28 avqust 2005-ci il təvəllüdlü X2, 18 fevral 2008ci il təvəllüdlü X4 və 26 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları Cavabdeh yanında saxlanılmışdır. 13 sentyabr 2018-ci ildə cavabdeh uşaqları ilə birlikdə mənzilini tərk edib valideynlərinin yanına getmiş və mənzilindən çıxmışdır. Özünə məxsus əşyalarını da aparmışdır. X8 cavabdehin arasındakı nikah pozularkən uşaqların saxlanılması ilə bağlı ondan alimentin tutulması qət olunmuş və oğlunun həmin vəsaiti ödəməyə maddi imkanı olmadığından ona maddi cəhətdən o, köməklik edirmiş. Cavabdeh həmin ərəfədə həmçinin ona qarşı mənzilə köçmə tələbinə dair iddia qaldırmışdır. Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(107)-1597/2021 saylı qətnaməsi ilə Cavabdeh Mingəçevir şəhəri H. H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə köçürülmə tələbi təmin edilməmiş, onun Cavabdeh qarşı tələbi üzrə Mingəçevir şəhəri H. H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Yaşayış üçün kirayə mənzillərin baha olması səbəbindən, oğlu Səxavətin isə aliment borcunun yığılmaması üçün Cavabdeh ilə razılışmışlar ki, aliment pulu əvəzinə o uşaqlarla onun mənzilində yaşayacaq, həmçinin ona onlar tərəfindən 100 manat pul ödənəcək və bu şəkildə aylıq aliment ödənmiş sayılacaq. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin razılaşmaya əsasən cavabdehin mənzilinə köçməsinə razılıq verdi və bu minvalla 2021-ci ilin noyabr ayına qədər razılaşmalarına əməl etmişdir. Cavabdeh isə aliment öhdəliyinin icra olunması barədə İcra Şöbəsinə məlumat vermədiyindən bu müddət ərzində oğlu Səxavətin aliment borcu 7000 manatı ötmüş kimi yığılmış və nəticədə onun oğlunu inzibati qaydada həbs etmişlər. O, Cavabdeh onun mənzilində yaşamasını istəmir və mənzilindən çıxmağı tələb etməyinə baxmayaraq mənzilindən çıxmır. Qeyd edir ki, mənzilindəki əşylar ona məxsusdur. Odur ki, məhkəmədən Cavabdeh 28 avqust 2005-ci il təvəllüdlü X2, 18 fevral 2008-ci il təvəllüdlü X4 və 26 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə mülkiyyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, X9 onun qaynanası olmuşdur. O, X1 Səxavət Rəhim oğlu ilə 2004-cü ildə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Əfsanə, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Adəm adlı üç övladları olmuşdur. Uşaqlar onun yanında qalırlar. O, xx.xx.2005ci il təvəllüdlü Əfsanə, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Adəm adlı uşaqlar mübahisəli ünvan 1 qeydiyyatdadırlar. Onlardan başqa heç kim orada yaşamır və həmin mənzildən başqa yaşayış yerləri yoxdur. O, işləmir və uşaqlarına çətinliklə baxır. Maddi imkanı başqa kirayə mənzil tutmağa imkan vermir. O, ailə quranda qaynanası və yoldaşıyla birlikdə kirayədə yaşayırlar. 2009-cu ildə isə sözügedən mənzili adılar və həmin evdə yaşadılar. Sözügedən mənzilin alınması və təmirində onun iştirakı olmuşdur. Mənzili o təmir etdirmişdir. Mənzilə xeyli xərc qoyduqdan sonra onu mənzildən çıxarmaq istəyirlər. Onun sözügedən mənzildə əldə edəndən yaşamış və sözügedən mənzilə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşmüşdür. Həmin vaxtdan mənzilə istifadə hüququ da tanınmışdır. Onun və azyaşlı övladlarının sözügedən mənzildən başqa yaşayış yerləri yoxdur. İddiaçının bu cür hərəkətləri onun konstitusion hüquqlarını pozur. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhəmə iclasına gəlməmişdir. Bununla belə məhkəmənin elektron portalına ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılıb təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-ın yanında DƏDRX-ın MA seriyalı ******* №-li çıxarışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi və tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, 28 avqust 2005-ci il təvəllüdlü X2, 18 fevral 2008-ci il təvəllüdlü X4 və 26 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqların ataları Məmmədov Səxavət anaları isə Cavabdehdir. İşdə olan X3 Mülki kollegiyasının 2(107)-1597/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-312/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmiş, Cavabdeh xx.xx.2005ci il təvəllüdlü Əfsanə, xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2014-cü il təvəllüdlü Adəm adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli olan hallar kimi müəyyən etmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzili üzrə tərəflər arasında mübahisə və ixtilaf vardır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəməyə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmənin qənaətinə görə İddiaçı və Cavabdeh arasında yaranmış hüquq münasibətləri mənzildən məcburi qaydada çıxarılma ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan mənzilin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehlərin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehlərin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə cavabdehin iddia tələbinə etirazını işə dair sənədlərlə yanaşı nəzərdən keçirib belə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, cavabdeh mübahisəli mənzildə 2009-cu ilin dekabr ayından köçüb yaşamağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə işə daxil edilmiş sənədlər, cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatından və iddia ərizələrini nəzərdən keçirib belə hesab edir ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzili 24 dekabr 2009-cu il tarixdən İddiaçı tam mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu Səxavət Məmmədov ilə 2004-cü ildə nikah bağlamışlar. Birgə nikah dövründə əvvəllər kirayədə qalmış sonralar isə iddiaçı mübahisəli mənzili aldıqdan sonra Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilində yaşamağa başlamışdır. 2018-ci ildə cavabdeh və iddiaçının oğlu arasında ailə münasibətləri pozulmuş və tərəflər arasında nikah ləğv edilmişdir. Hazırda mənzil iddiaçının, yəni cavabdehin ərinin anasının mülkiyyətində olduğundan və onlar isə qanunvericiliyə əsasən ailə üzvü hesab edilmədiyindən cavabdehin Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən istifadə hüququ yoxdur. Həmçinin məhkəmə MPM-in 82.3-cü maddəsini nəzərə alaraq hesab edir ki, cavabdehin məhkəmə iclası zamanı etirazında Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə istifadə hüququnun tanınmasına dair fikirləri mübahisələndirilmir. Belə ki, işdə olan X3 Mülki kollegiyasının 2(107)-1597/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilinə Cavabdeh istifadə hüququnun olmaması müəyyən edilmişdir. Belə ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 14.2ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 28 avqust 2005-ci il təvəllüdlü X2, 18 fevral 2008-ci il təvəllüdlü X4 və 26 sentyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 72 saylı evin, 54 saylı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar