Məhkəmə qərarları › İş №2(051)-464/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-464/2021

05.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-464/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkili)-Yevlax Rayon Vəkil Bürosunun vəkili Vəkil Cavabdeh: Mingəçevir Şəhər Turizm Kollecinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Cavabdeh onun işdən azad edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli 107/K №-li əmrinin ləğv edilməsi, işə bərpa ediməsi, işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2006–cı il tarixdən Mingəçevir Şəhər Turizm Kollecində müəllim işləmişdir. İşlədiyi müddətdə nizam–intizam qaydasında cəzalandırılmamışdır. Bununla belə bu il yeni tədris ili başlayan zaman ona məlum oldu ki, işlədiyi Cavabdehndə ona dərs saatı yazılmamışdır, hansı ki, 2019-2020-ci tədris ilində o, həmin Kollecdə 750 dərs saatı ilə təmin edilmişdir. O bunun səbəbini maraqlanan zaman Kollecin direktoru Səid Salayev, xüsusilə də direktor müavini Kamal Əhmədov ona bildiriblər ki, Kollecdə bir neçə fakultə bağlandığı üçün dərs saatları azalmış, ona görə də ona dərs saatı yazılmamışdır. Hər dəfə də ona bildiriblər ki, «biz Sizi işdən azad etməmişik, sadəcə olaraq dərs yükü azaldığı üçün Sizə dərs yazılmamış, gələcəkdə dərs olarsa, Sizə yazılacaqdır». Lakin keçən tədris ilində 750 saat dərsi olan müəllimlərin hamısı bu il yenə də müəyyən miqdarda dərs saatı ilə təmin edilmişlər. Hətta bir müəllim bu il yenə 750 saat dərslə təmin olunmuşdur. Sual olunur: əgər dərs yükü azalıbsa niyə o biri müəllimlər yenə də 750 saat dərslə təmin olunmuşlar?! Hansı ki, həmin 750 saatın ən azı 250 saatı ona verilə bilərdi. O, bundan sonra dəfələrlə rəsmi ərizə ilə, həmçinin şifahi formada müraciət etsə də, onun işdən çıxarılmağı barədə əmrin surəti ona verilməmişdir. Ona yalnız aylar sonra çox çətinliklə əmək kitabçasını alan zaman , əmrin surətini ona verməkdən imtina etmişlər. Sonradan ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə əsasən, xx xxxxxxxx 2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, o, işdən azad edilmişdir. Ona dərs yazılmadığı halda Kollecə eyni ixtisas üzrə yeni iki nəfər müəllim götürülmüş və onlar dərslə təmin edilmişlər. Hansı ki, cənab nazir öz çıxışında, xüsusilə vurğulamışdır ki, faktiki işləyən müəllim dərslə təmin edilmədiyi halda, yeni müəllimin götürülməsi yolverilməzdir. Bundan başqa o, məcburi köçkün, tənha qadın və himayəsində xəstə bacısı olduğu halda nəzərə alınmamışdır. O işləmək, işinə davam etmək, həmişə olduğu kimi yenə də əmək haqqı almaq istəyir. Artıq 10 aydır ki, bütün dünyada, xüsusilə də ölkədə «Coronavirus» epidemiyası geniş yayılmışdır. Belə həssas bir dönəmdə onun işdən çıxarılması qəbul edilən deyildir. Cənab Prezident də hər dəfə çıxışlarında bildirmişdir ki, pandemiya dövründə işçilərin ixtisarı, işdən azad edilməyi yolverilməzdir. Hesab edir ki, onun işdən azad edilməsinə dairxx.xx.2020-ci il tarixli, 107/K №-li əmri ləğv edilməli, o, işə bərpa edilməli və işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün aylıq əmək haqqının ona ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçıın nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə etdi, təmsil etdiyi şəxlə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin nümayəndəsi X4 təmsil etdiyi qurumun adından iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Dövlət Turizm Agentliynin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı»nın təsdiq edilməsi haqqında 2018-ci il 07 iyun tarixli 255 №-li qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Turizm Agentliyinin tabeliyinə verilmişdir. Gənc qurum olan Agentlik Azərbaycanda Turizm sahəsində təhsilin inkişaf etdirilməsi məqsədi ilə öz tabeliyinə verilmiş təhsil müəssisələrində təhsil keyfiyyətinin yüksəldilməsi, turizm sahəsində kadr hazırlığının inkişaf etdirilməsi, gənc kadrların təhsil prosesinə cəlb edilməsi və kadrların peşə uyğunluğunun müəyyən edilməsi ilə pedaqoji heyyətin təkmilləşdirilməsi sahəsində işlər aparmaqdadır. Adı çəkilən proseslərin məntiqi davamı olaraq 2020/2021-ci tədris ili üzrə müəllimlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə təşkil edilmiş Atestasiya Komissiyası tərəfindən Cavabdehnə 9-10-11 sentyabr tarixlərində daxili atestasiya həyata keçirilmişdir. Attestasiya Komissiyasının təlim-tədris prosessinin keyfiyyətinin yüksəldilməsi, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması və tutduqları peşəyə uyğunluğunu müəyyən edilməsi sahəsində aparılmış attestasiya nəticələrinin müzakirə məqsədilə keçirdiyi xx.xx.2020-ci il tarixli iclasda İddiaçı da daxil olmaqla attestasiyada iştirak etmiş bəzi müəllimlərin Əmək Məclisinin 65-ci maddəsinin 7-ci bəndinə əsasən tutduqları peşəyə uyğun olmadıqları haqqında qərar qəbul edilmişdir. Nəticədə İddiaçı tutduğu peşəyə uyğun olmadığına görə onunla əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə işdən azad olunması ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 76cı maddəsinin 1-ci hissəsində işə götürən tərəfindən əmək müqaviləsi bu məcəllənin 68,69,70,73,74 və 75-ci məddələrində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilə biləcəyi göstərilmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci yox 68-ci maddəsi əsasında işdən azad olunması onun attestasiyadan keçməməsi və tutduğu peşəyə uyğun olmaması faktını dəyişmir. Bununla yanaş, cavabdeh hüquqi şəxsin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edərək, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş 1 aylıq ötürmüşdür. Belə ki, iddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə şəxsən almasına baxmayaraq, məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Halbuki, qanunun tələbinə görə iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərizndə məhkəməyə müraciət etmək hüququna malikdir. Odur ki, məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mingəçevir Şəhər Turizm Kollecinin direktorunun xx xxxxxxxx 2020-ci il tarixli 107/K nömrəli əmrindən görünür ki, 2020-2021-ci tədris ilində Cavabdehndə təsis edilmiş daxili attestasiya komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən “adları qeyd olunmuş digər şəxslərlə birgə” Şükürova X1 Şəhər Turizm Kollecinin xx xxxxxxxx 2020-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020ci il tarixdə əmək kitabçasını təhvil almışdır. İşdə olan Cavabdeh direktoru tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, İddiaçı əmək kitabçasını almaq üçün kollecə gəlmək və “insan resursları” şöbəsinin müdirinin iştirakı ilə əmək kitabçalarının qeydiyyatı kitabına imza etməklə əmək kitabçasını almaq və əmək müqaviləsinə xitam verilməsi haqda əmrlə tanış olmaq hüququnun olması izah edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.2006–cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi əsasında Mingəçevir Şəhər Turizm Kollecinə 10-cu dərəcə ilə insan anatomiyası və fiziki biologiyası üzrə fənn müəllimi vəzifəsinə qəbul edilmiş, Mingəçevir Şəhər Turizm Kollecinin direktorunun xx xxxxxxxx 2020-ci il tarixli 107/K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68–ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddənin 2–ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına, “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə, “ç” bəndinə əsasən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq (bu Məcəllənin 63–cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), “d” bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallara, “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara görə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69–cu maddəsində işçi tərəfindən, 70–ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Belə ki, həmin Məcəllənin 70–ci maddəsinin «a» bəndinin tələblərinə görə müəssisə ləğv edildikdə, «b» bəndinin tələblərinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə, «c» bəndinin tələblərinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, «ç» bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72–ci maddəsinədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, həmin maddənin «d» bəndinin tələblərinə görə sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda, həmçinin «e» bəndinin tələbinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70–ci maddəsinin Qeyd hissəsinə əsasən, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65–ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Həmin Məcəllənin 65–ci maddəsinin 1–ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66–cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinin 3–cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinin 4–cü bəndinə əsasən Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7–ci bəndinə əsasən Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Həmin Məcəllənin 71–ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71–ci maddəsinin 3–cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70–ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, işəgötürən qismində çıxış edən Mingəçevir Şəhər Turizm Kollecinin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndi xitam verilməsinə dair əmrdə istinad etdiyi əsas qanunda nəzərdə tutulmamışdır. Belə ki, işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinin ləğv edilə bilər. İşəgötürən həmin əmrin zəruriliyini səlahiyyətli orqan tərəfindən qəbul edilmiş müvafiq qərarla əsaslandırmalıdır. Hazırkı əmək mübahisəsinin həlli zamanı iddiaçının tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar edilməmişdir. Ona görə də həmin əmr ləğ edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76–cı maddəsinə 1–ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2–ci hissəsinin tələbinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, Mingəçevir Şəhər Turizm Kollecinin direktoru tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə qanunda nəzərdə tutulmayan əsasa istinad edilmişdir. Halbuki, əmək qanunvericiliyində həmin əsas müəyyən edilməmiş, həmçinin həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası və həmin əsasa görə Əmək Məcəlləsində müvafiq maddə, hissə və bənd nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının işdən azad edilməsinə dair cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktorunun xx.xx.2020–ci il tarixli 107/K nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını tənzimləyən Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci hissəsinin “a” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, səlahiyyətli orqanının qərarına istinad edlməmiş, həmçinin həmin əsasa görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsini nəzərdə tutan Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndinə istinad edilməmişdir. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300–cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76–cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79– cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq nəticəyə gəlir ki, Mingəçevir Şəhər Turizm Kolleci tərəfindən iddiaçı Əmək 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, Mingəçevir Şəhər Turizm Kollecinin xx.xx.2020–ci il tarixli 107/K nömrəli əmri ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni Mingəçevir Şəhər Turizm Kollecində müəllim vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının əmək kitabçasını xx.xx.2020-ci il tarixdə almasına dair cavabdeh tərəf əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabından çıxarış təqdim etsə də, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini almasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Eləcə də, iddiaçı əmək kitabçasını xx.xx.2020-ci il tarixdə deyil xx.xx.2020-ci il tarixdə aldığını göstərmişdir. Bununla belə iddiaçı da öz etirazının əsası kimi istinad etdiyi həmin halı sübut edə bilməsə də, məhkəmə iclasında cavabdehin təqdim etdiyi çıxarış da əmək kitabçasının alınması tarixinin iddiaçı tərəfindən deyil, cavabdeh müəssisənin işçisi tərəfindən yazıldığı müəyyən olunmuşdur. Əmək kitabçasının verilməsi tarixi ilə bağlı aradan qaldırılması mümkün olmayan şübhəli halın olması, fərdi əmək mübahisəsinin həlli zamanı birmənalı yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı əmək kitabçasını alsa belə, ona əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti verilməmişdir. Halbuki, əmək qanunvericiliyində işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündən iddia müddətinin axımının başlanması müəyyən edilmişdir. Beə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi istinad olunan hüquq normalarında işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün onun hüququnun pozulmasının aşkar edildiyi gün hesab olunmuşdur. Həmin gündən etibarən işçinin 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququ yaranır. Hazırkı vəziyyətdə iddiaçıya qeyd olunan sənədlər məcmu halında verilmədiyinə görə iddia müddətinin tətbiq edilməsi istisna edilir. Ona görə də məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini əsaslı hesab etmir. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Mingəçevir Şəhər Turizm Kollecinin direktorunun İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020–ci il tarixli 107/K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Mingəçevir Şəhər Turizm Kollecinə 10-cu dərəcə ilə insan anatomiyası və fiziologiyası fənni üzrə müəllim vəzifəsinə bərpa edilsin. Cavabdeh Mingəçevir Şəhər Turizm Kolleci tərəfindən xx.xx.2020–ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Mingəçevir Şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar