Məhkəmə qərarları › İş №2(051)-467/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-467/2025

14.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-467/2025 14.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpağın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda olan 0,3803 ha torpaq sahəsinin paylara mütənasib olaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun dayısı oğlu, digər Cavabdeh2 onun qardaşıdır. ünvan 1 ünvanda yerləşən 0,3803 ha torpaq sahəsi paylı mülkiyyətdə olmaqla 2/4 hissədə iddiaçıya, ¼ hissədə Cavabdeh1 və ¼ hissədə Cavabdeh2 məxsusdur. Belə ki, sözügedən ünvana dair mülkiyyət sənədi olan çıxarış mövcuddur və iş materiallarına əlavə edilir. Sözügedən torpaq sahəsi ilə bağlı aralarında dəfələrlə mübahisə olmuşdur. Belə ki, sözügedən torpaq sahəsi uzun illərdir onlara məxsusdur. Əvvəllər torpaq sahəsi bərabər paylarda ¼ hissə iddiaçıya, cavabdehlərə və anasına məxsus olmuş, sonradan anası öz payını iddiaçıya bağışlamışdır. Bu səbəbdən onun payı torpağın yarısını təşkil edir. Əvvəllər onun payı ¼ hissə olduğu zaman naturada bölgü ilə əlaqədar iddia qaldırmışdır. Lakin iddia dolğun və əsaslı olmaması səbəbindən rədd edilmişdir. Belə ki, ¼ hissədə payı olması, torpağın yalnız bir girişinin olması, torpağın faktik olaraq naturada ayrılmaması və torpaqların ayırıcı xətlərin olmaması səbəbindən iddia rədd olunmuşdur. Lakin, hazırda iddianın predmeti dəyişmiş və iddiaçının payı ümumi torpağın yarısını təşkil etməklə bərabər torpağa girişlər ayrılmış (hətta qaz borusu yerində qaldırılmışdır) giriş darvazası qoyulmuş və torpaq sahəsi faktik olaraq ayrılmaqla, sərhədləri müəyyən olunmuşdur. Hazırda sözügedən torpaq sahəsinin naturada bölünməsi lazımdır. Bunun səbəbi ünvan 1 ünvanda olan 0,3803 ha torpaq sahəsini bölməklə əlaqədar aralarında mübahisənin olmasıdır. O, özünə düşən yarı payı tələb edir və hesab edir ki, ona aid 2/4 hissədə payın ayrılmaması haqsızlıqdır və gələcəkdə mübahisənin daha da çoxalmasına səbəb ola bilər. Odur ki, ünvan 1 ünvanda olan 0,3803 ha torpaq paylara mütənasib naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, ekspertin tərtib etdiyi plansxemlə razı olduğunu göstərərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iştirak etmiş, xx.xx.2025-ci il tarixində yazılı ərizə təqdim edərək, ünvan 1 ünvanda olan 0,3803 ha torpağın ekspertin plan-sxeminə uyğun olaraq naturada bölgüsünə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar : Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ünvan 1 ünvanda olan fərdi yaşayış evi üzərində 2/4 hissədə İddiaçı, ¼ hissədə Cavabdeh1 və ¼ hissədə Cavabdeh2 payı vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 1 ünvanda olan, ümumi sahəsi 0,3803 ha torpaq hüquq subyekti Cavabdeh1 məxsusdur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 07-79/25 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda olan, ümumi sahəsi 0,3803 ha torpaq sahəsindən Cavabdeh1 payına düşən ¼, Cavabdeh2 payına düşən ¼ və İddiaçı payına düşən 2/4 hissəyə uyğun naturada təcrid şəklində ayrılmasının Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 07-79/25 nömrəli məktubunun qeyd hissəsində xidmət haqqı olaraq 300 manatın İddiaçı tərəfindən ödənildiyi göstərilmişdir. İşin müəyyən olunmuş halı: ünvan 1 ünvanda olan fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla 2/4 (1/2) hissədə İddiaçı, ¼ hissədə Cavabdeh1 və ¼ hissədə Cavabdeh2 məxsusdur. İddiaçının payı ümumi paylı mülkiyyətin yarısını təşkil edir. Cavabdeh1 qeyd olunan torpağın naturada bölgüsünə etiraz etmir. Əmlaka ¼ hissədə pay hüququ olan Cavabdeh2 iddiaya münasibət bildirməmişdir. Tətbiq edilən Hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 saylı, 6 dekabr 2024-cü il tarixli qərardad 19. Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Qeyd olunan torpağın paylı mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün mümkün olub-olmamasının, bu mümkün olduğu halda Malik Abdullayev küçəsi, ev 8 ünvanında yerləşən 0,3803 ha torpaq sahəsinin bölünməsi zamanı hər bir tərəfin istifadəsində qalacaq sahənin ölçüləri müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 07-79/25 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda olan, ümumi sahəsi 0,3803 ha torpaq sahəsindən Cavabdeh1 payına düşən ¼, Cavabdeh2 payına düşən ¼ və İddiaçı payına düşən 2/4 hissəyə uyğun naturada təcrid şəklində ayrılmasının Məhkəmə Tikinti- X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin bölünməsi zamanı tərəflərin hər birinə payına uyğun istifadəsinə düşən sahənin ölçüləri plan sxemdə ətraflı göstərildiyi qeyd edilmişdir. İddiaçı torpaq sahəsinin bölünməsi tələbi qoymuş, Cavabdeh1 etiraz etməmişdir. Torpağın 2/4 (1/2) hissəsi iddiaçının, ¼ hissəsi Cavabdeh1, digər ¼ hissəsi Cavabdeh2dur. Göründüyü kimi torpağın yarısı iddiaçınındır. Torpağın ¼ hissəsinin mülkiyyətçisi torpağın ekspertin təqdim etdiyi plan-sxemə uyğun naturada bölgüsünə etiraz etməmişdir. Belə olan halda torpağın naturada bölgüsünə həmin torpağa ¼ hissədə pay hüququ olan digər cavabdehin razılığının alınması məcburi deyil. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməli, ünvan 1 ünvanda olan, 0,3803 ha torpaq sahəsi tərəflərin paylarına mütənasib surətdə ekspertin plan-sxeminə uyğun olaraq naturada bölüşdürülməlidir. İddiaçı məhkəməyə iddia vermək üçün ödədiyi dövlət rüsumunun və ekspertiza məsrəfinin əvəzini tələb etmədiyindən həmin xərclər iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi:

İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (torpaq sahəsi, yaşayış evi) İddiaçı 2/4 (1/2) hissə, Cavabdeh1 ¼ hissə, Cavabdeh2 1/4 hissə payına mütənasib olaraq Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 07-79/25 nömrəli ekspert rəyindəki plan-sxem nəzərə alınmaqla naturada bölüşdürülsün. Çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar