Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-50/2022 26.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh2 Bayram oğlunun, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayram oğluna qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, onlara məxsus iribuynuzlu heyvanların cavabdehlərin öz vəsaitləri hesabına ünvan 1 ünvanından çıxarılaraq başqa yerə aparmaları haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbində qalaraq iddiaçının adından verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən 0.0416 ha torpaq sahəsi mənim xüsusi mülkiyyətimdədir. Bu barədə mənə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda da torpaq sahəsinin planı və ölçüsü mənim adıma tərtib edilmişdir. Mən qeyd olunan torpaq sahəmdə tikinti işləri aparmaq istəyən zaman torpaq sahəm və onun ətrafında olan ərazilərdən üfunət iyinin gəldiyini müəyyən etdim. Həmin iyin mənə məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşən və Cavabdeh1 və Cavabdeh2 məxsus Şəfəq küçəsi 290 ünvanda yerləşən torpaq sahəsindən gəldiyini gördüm. Belə ki, cavabdehlər həmin ərazidə fermaya oxşar tikili inşa etmişlər və orada iribuynuzlu heyvanlar saxlayırlar. Biz dəfələrlə onlara həmin heyvanları başqa yerdə saxlamalarını bildirdik. Lakin, cavabdehlər buna əməl etmirlər. Özümə məxsus torpaq sahəsində pis iydən durmaq mümkün deyil. Çünki, cavabdehlər inək heyvanlarını bordağa bağlamışlar. Onların peyinlərinə çoxlu sayda həşaratlar da yığılır. Ümumiyyətlə yaşayış yerində xeyli sayda heyvanların saxlanılması qanunvericiliyə görə də uyğun deyil. Əgər cavabdehlər fermer təsərrüfatı ilə məşğuldurlarsa, onda başqa yerdə ferma tikdirib orada da heyvanlara baxsınlar. Onlar qonşuluq münasibətlərinə də riayət etmirlər. Belə ki, mən də torpaq sahəmdə ev inşa edib yaşamalıyam. Lakin, üfunət iyindən bu mümkün olmamışdışdır. Odur ki, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mən uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğul oluram. Qeyd edim ki, bu fəaliyyətlə 1961-ci ildən babam və atam Cavabdeh2 də məşğul olmuşdur. Bu barədə torpaq sahəsinin mülkiyyət və texniki sənədlərində də qeyd edilmişdir. Bütün bu müddət ərzində bizim nə qonşularla, nə də kəndin digər sakinləri ilə heç bir münaqişə və ya ədavətimiz olmayıb. Hesab edirəm ki, bu hal heç bir qonşunun etirazına səbəb olmamış, heç bir qonşunun həyat və sağlamlığına təhlükə yaratmamışdır. Əksinə bizim kənddə yaşayan sakinlərin demək olar ki, hamısı mal-qara, toyuq-cücə və s. saxlayır. Mən hazırda dövlətin mal-qarasını qanuni əsaslarla icarəyə götürmüşəm və müvafiq dövlət orqanlarının nəzarəti altında həmin mal-qaraya baxıram. Müxtəlif vaxtlarda AR Kənd Təsərrüfatı Nazirliyinin ekspertləri, ixtisaslı baytarlar mənim təsərrüfatıma yerində baxış keçirmişlər və bütün şərait və göstəricilərin zoogigiyenik və baytar-sanitar tələbləri damazlıq heyvanların saxlanılması üçün normalara uyğundur. Qeyd edim ki, 2015-2020-ci illərdə AR İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə təyinatı üzrə müxtəlif kreditlər ayrılmışdır. Bütün bu kreditləşmə proseslərində mənim sahibkarlıq fəaliyyətim ətraflı şəkildə araşdırılmış və müsbət qiymət verilmişdir. Onu da qeyd edim ki, İddiaçı ümumiyyətlə həmin ünvanda yaşamır və biz bir-birimizi tanımırıq. Bu məsələnin əsl səbəbi mənim bibim oğlu X3 bizimlə şəxsi ədavəti əsasında bu işə heç bir aidiyyəti olmayan Günay adlı şəxsin vasitəsilə iddia qaldırması ilə bağlıdır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili X4 izahatında göstərmişdir ki, iddiaçının istinad etdiyi “qanunsuz” hərəkətlər, “üfunət iyi”, “qonşuların narazılığı” kimi məsələlər tamamilə yalan və əsassızdır. Cavabdeh1 tamamilə qanuni əsaslarla ailə təsərrüfatı ilə məşğul olur və AR Kənd Təsərrüfatı Nazirliyi X7 Xidmətinin rəyi, AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Mingəçevir şəhər Baytarlıq İdarəsinin rəylərinə əsasən onun fəaliyyəti qanunla müəyyən edilmiş şərtlərə cavab verir. Hətta həmin rəylərdə də qeyd edilmişdir ki, gələcəkdə təsərrüfatı genişləndirmək proqramı komissiya tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə, AR Sahibkarlığa Kömək Milli Fondunun, Yevlax Şəhər Kənd Təsərrüfatı İdarəsinin, Mingəçevir Şəhər Statistika İdarəsinin müvafiq arayışları və sənədlərinə əsasən cavabdeh Cavabdeh1 fəaliyyəti qanuni və əsaslıdır, həmin fəaliyyətə dövlət tərəfindən güzəştli kreditlər verilmişdir. Məhkəmə tərəfindən mübahisəli yerə baxış keçirilən zaman da hər hansı bir üfunət iyi, güclü səs-küy, hər hansı bir qonşunun narazılığı da müəyyən edilməmişdir. Bütün bunlardan əlavə, ekspert rəyində də müəyyən edilmişdir ki, mübahisə predmeti olan tövlə tikinti-texniki qaydalara uyğun tikilmişdir. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Abdullayev X2 Tural Hikmət oğlu və vəkil X1 izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, Günay mənim qonşumdur, Cavabdeh2 mənim dayım, Cavabdeh1 isə dayım oğludur. Onlar mənə 3-4 ildir ki, ziyan vururlar. Mingəçevir kəndində heyvan saxlayırlar. Günay orda yaşamır. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, Mən də 49 ildir orda yaşayıram, inək, toyuq-cücə saxlayıram. Günayın həyətində olmamışam və onu tanımıram. Ordan iy gəlir-gəlmir bilmirəm. Cavabdehlərdən şikayət etməmişəm. İşə əlavə olunmuş AR Kənd Təsərrüfatı Nazirliyi X7 Xidmətinin 20 noyabr 2015-ci il tarixli Rəyindən görünür ki, Cavabdeh1 fəaliyyəti AR Nazirlər Kabinetinin 22.09.2008-ci il tarixli 226 nömrəli Qərarında göstərilən şərtlərə cavab verir və gələcəkdə təsərrüfatı genişləndirməsi məqsədəuyğun hesab edilmişdir. İşə əlavə olunmuş AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Mingəçevir Şəhər Baytarlıq İdarəsinin 27 aprel 2020-ci il tarixli Rəyindən görünür ki, tövləyə, heyvanlara və yem bazasına yerində baxış keçirilmiş, Cavabdeh1 mövcud şəraiti zoogigiyenik və baytar-sanitar tələbləri damazlıq heyvanların saxlanması üçün normalara uyğundur. İşə əlavə olunmuş AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Mingəçevir Şəhər Baytarlıq İdarəsinin 23 aprel 2021-ci il tarixli Rəyindən görünür ki, Cavabdeh1 təsərrüfatı uzun illərdir ki, Mingəçevir Şəhər Baytarlıq İdarəsində qeydiyyatdadır. Bu təsərrüfatda bütün dövlət tədbirləri, vaksinasiyalar, baytar-sanitar tədbirləri dövlət hesabına idarə tərəfindən yerinə yetirilir və təsərrüfat daim nəzarətdədir. İşə əlavə olunmuş AR Sahibkarlığa Kömək Milli Fondunun 16.11.2015-ci il tarixli Məktubundan və Unibank KB ASC-nin 23.04.2021-ci il tarixli Arayışından da görünür ki, Cavabdeh1 təsərrüfatına dövlət büdcəsi vəsaiti hesabına sahibkarlığa dəstək məqsədilə 2015-2020-ci illərdə müxtəlif kreditlər verilmişdir. İşə əlavə olunmuş AR Dövlət Statistika Komitəsinin Mingəçevir Şəhər Statistika İdarəsinin 22 aprel 2021-ci il tarixli Arayışından görünür ki, Cavabdeh1 ev təsərrüfatı 2018-ci ildən İdarənin sorğularında iştirak edir. Məhkəməyə təqdim olunmuş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2022-ci il tarixli 10/6618 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən və içərisində iribuynuzlu heyvanların saxlandığı tövlə ilə orada yaşayan qonşuların yaşayış evləri arasındakı məsafə AzDTN 2.6-1 “Dövlət şəhərsalma norma və qaydaları”nın 4.20-ci bəndinin tələblərinə uyğun olaraq 15.0 metrdən az olmamalıdır. Ekspert rəyində və rəydəki sxemdə müəyyən olunmuşdur ki, İddiaçı tikilisi ilə Cavabdeh1 tövləsi arasındakı məsafə 16.9 metrdir. Qərardadın birincibeşinci sualları tikinti ekspertinin səlahiyyətinə aid olmadığı üçün həmin suallar üzrə tədqiqat aparılmadı. Məhkəmə, təqdim olunmuş sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən obyektiv, hərtərəfli və tam baxaraq, tərəflər arasında olan münasibətlərə tətbiq olunan hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri xüsusi bilik və bacarıq, rəy verilməsi tələb olunan mübahisədir. Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mötəbər sübut kimi qiymətləndirir ki, ekspert xüsusi biliyə malik şəxs olmaqla AR Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilir və vermiş olduğu rəyə görə məsuliyyət daşıyır. Bundan əlavə ekspert təşəkkül tapmış metod və metodologiyadan, metodiki vəsaitdən istifadə etməklə rəy verir. Əlavə olaraq AR MPMin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübutlar siyahısına aid edilmişdir. AR MPM-in 106.1-ci maddəsində qeyd edilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. AR Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il Qərarı ilə AR Ali Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, AR MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (md. 3.1). Eyni zamanda, Həmin Qərarda AR Ali Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir (md. 6.2). Eyni zamanda, adıçəkilən Qərarın 6.5-ci bəndinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının istinad etdiyi tələblər heç bir sübutla öz təsdiqini tapmamışdır. İddiaçının tələbinin hüququ əsası yoxdur. Belə ki, iddiaçının istinad etdiyi hallar və tələbi, bu tələbi əsaslandıran hər hansı hüququnun olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən Məhkəmə iddiaçının tələbinin heç bir hüquqi əsasının olmaması qənaətindədir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bayram oğluna qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-50/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-50/2022
26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver