Məhkəmə qərarları › İş №2(051)-524/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-524/2025

27.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-524/2025 27.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarma” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, 14-cü bağ küçəsi, 42 saylı bağ evinə Cavabdeh1 istifadə hüququna xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladları ilə birlikdə Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, 14-cü bağ küçəsi, 42 saylı bağ evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Günəşli qəsəbəsi bağ küçəsi 14-ün, 42 saylı bağ evi üzərində 05 dekabr 2018-ci ildən mülkiyyət hüquqları qeydə alınmışdır. Belə ki, 1 otaqlı mənzilini satmaqla həmin bağ evini satın almışdır. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə sonuncunun arvadıdır. Hazırda cavabdehlər onunla birgə həmin evdə yaşayırlar. Həmçinin həm özləri, həm də xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı övladları həmin mənzildə qeydiyyatdadırlar. Ancaq mütəmadi münaqişələri olduğundan birgə yaşaya bilmirlər. X11 hər iki ayağından şikəst olsa da cavabdehlər də onun dinc yaşamasına mane olurlar. Birgə yaşaya bilmədiklərindən cavabdehlərin həmin mənzilindən çıxarılmasını istəyir. Dəfələrlə oğluna təklif etmişdir ki, evi satsınlar və o da özünə bir yaşayış yeri etsin. Ancaq razılaşa bilməmişlər. Oğlu Cavabdeh1 mənzilinə istifadə hüququ olsa da, Cavabdeh2 həmin evə hüququ yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin təyin etdiyi kompensasiya məbləğini ödəməyə hazır olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbini müdafiə etdiyini, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri ilə bağlı heç bir üzrlü səbəb bildirməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, Mingəçevir şəhəri, Günəşli qəsəbəsi, 14-cü bağ küçəsi, 42 saylı bağ evi anasının mülkiyyətindədir. Atası 2-ci qrup əlildir. Evdə yola gedə bilmədiklərindən anası atası ilə birlikdə evi tərk edib. Hazırda mənzildə o, arvadı və 17, 15, 6 yaşlı uşaqları yaşayırlar. Həmin ərazidə oxşar evlərin kirayə haqqı 100 manatadəkdir. Evdə əşyaları da vardır. Əgər kirayə köçsələr əşyaları da özləri ilə aparacaqlar. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş ******* №li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Hüseynova X3 şəhəri, 14-cü bağ küçəsi, ev 42 ünvanında xx.xx.2019-cu ildən qeydiyyatdadır. Həmin evdə X5, Cavabdeh1, X8, X7, X1, Cavabdeh2 da qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyətin növündə tam payla xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli 02-90/25 saylı "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2025-ci il tarixə bazar dəyəri 51000 manat, orta aylıq kirayə haqqı 2023-cü il tarixə 150 manat, 2024-cü il tarixə 200 manat, 2025-ci il tarixə 250 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mingəçevir şəhəri, 14-cü Bağ küçəsi, 42 saylı bağ evi iddiaçıya məxsusdur. Həmin evi İddiaçı alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evdə iddiaçının mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə Şirxanın arvadı, iddiaçının gəlindir. xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçının nəvələridir. Birgə yaşaya bilmədiklərindən iddiaçı əri ilə birlikdə mənzildən çıxmışlar. İddiaçı cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən çıxarılmalarını tələb edir. Qiymətləndirici rəyə, cavabdehin izahatına və digər sənədlərə əsasən iddiaçını oğluna nəvələri ilə birlikdə verəcəyi kompensasiya məbləği üç il üçün 15000 manat müəyyən edilmişdir. İddiaçı həmin kompensasiya məbləğini cavabdehə ödəməyə etiraz etməmişdr. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Mingəçevir şəhəri, 14-cü Bağ küçəsi, 42 saylı bağ evi iddiaçıya məxsusdur. İddiaçı həmin evi alqı-satqı müqaviləsinə əsasən almış və həmin evdə iddiaçının mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə Şirxanın arvadı, iddiaçının gəlinidir. xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 iddiaçının nəvələridir. İşin halları ilə müəyyən olunmuşdur ki, iddiaçı və iddiaçının gəlini ilə bir evdə yaşadıqları müddətdə evdə münaqişələr yaranır. Bu səbəbdən iddiaçı və əri iddiaçının mülkiyyətində olan evi tərk edib, qızının evinə sığınmışlar. İddiaçının qızı evi sataraq Bakı şəhərinə köçməyi planlaşdırdığından iddiaçı və əri öz evlərinə köçmək istəyir. Lakin evdə olan mütəmadi münaqişələr birlikdə yaşamağa mane olur. İddiaçının ərinin 2-ci dərəcə əlilliyi vardır. Hər iki ayağı yoxdur. Cavabdeh1 oxşar yaşayış evlərinin aylıq kirayə haqqının ən çoxu 100 manat olduğunu bildirmişdir. Məhkəmə qiymətləndirici rəyi almışdır. Həmin rəydə oxşar yaşayış evlərinin aylıq kirayə haqqının 250 manat olduğu qeyd olunmuşdur. Nəzərə lmaq lazımdır ki, iddiaçının oğlu və nəvələri iddiaçının ailə üzvü sayılır. Ona görə onlar müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin olunmalıdırlar. Cavabdehlərin müəyyən müddətə yaşayış sahəsi ilə təmin olunması üçün məhkəmə həmin bağ evinə oxşar mənzillər üzrə kirayə qiymətini nəzərə alaraq kompensasiya məbləğini 15000 manat müəyyən etmişdir. Həmin məbləğin Cavabdeh1 və nəvələrinə ödənilməsi iddiaçıya təklif edilmişdir. İddiaçı həmin məbləğin Cavabdeh1 ödənilməsinə etiraz etməmişdir. Beləliklə cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. İddiaçı tərəfindən ödəniləcək kompensasiyanın məbləği cavabdehlərə Mingəçevir şəhərində ağlabatan müddət ərzində əvvəlki yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşayış evində yaşamaq imkanı verməklə yanaşı, hətta özlərinə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, 15000 manat kompensasiya məbləği mənzilin dəyərinin (işə əlavə edilmiş qiymətləndirici rəyə əsasən mənzilin bazar dəyəri 51000 manat təşkil edir) təxminən üçdə bir hissəsini təşkil edir ki, bu da kompensasiya məbləğinin kifayət qədər ədalətli və ağlabatan məbləğdə olmasını təsdiq edir. Belə olan halda Cavabdeh1 və onun uşaqlarına 15000 (on beş min) manat kompensasiya verilməklə qeyd olunan mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Cavabdeh2 münasibətdə isə o, iddiaçının ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ mövcud olmamışdır. Ona görə də iddiaçı haqlı olaraq Cavabdeh2 kompensasiya məbləği ödənilmədən mənzildən çıxarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə xərclərinin əvəzinin ödənilməsini tələb etmədiyindən çəkilmiş məhkəmə xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 15000 (on beş min) manat kompensasiya ödənilməklə, **********64-11301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evinə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 ilə birlikdə **********64- 11301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evindən əşyaları ilə birlikdə çıxarılsınlar. İddiaçı məhkəmə xərclərinin əvəzinin ödənilməsini tələb etmədiyindən çəkilmiş məhkəmə xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sərdlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar