Məhkəmə qərarları › İş №2(051)-539/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-539/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-539/2022 25.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil və iş geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsindən Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi məsələlərini tənzimləyən 37-ci fəsli çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən belə nəticəyə gəlir ki, Ərizəçi doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbi Mingəçevir şəhər Məhkəməsində baxılmalı deyil. Belə ki, Ərizəçi əvvəl maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət etməlidir. Qeydiyyat Şöbəsindən imtina alarsa, göstərilən iddia müəyyən öhdəliklərin qoyulması ilə bağlı olduğu üçün tələb iddia icraatı formasında İnzibati məhkəməyə verilməlidir. Lakin ərizəçi yuxarıda göstərilən hallara riayət etmədən məhkəməyə müraciət etmişdir. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi əvvəl Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət etməsi, əgər Qeydiyyat Şöbəsindən imtina alarsa, səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi əvvəl Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət etməsi, əgər Qeydiyyat Şöbəsindən imtina alarsa, səlahiyyətli məhkəməyə - İnzibati Məhkəməyə müraciət etməsi izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar