Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-574/2023 23.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Salman oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Salman oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Salman oğlu Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh evin dəyəri olan 60000 manat, cavabdehin altı il ərzində ödəmədiyi kirayə haqqı 10500 manat, maddi və mənəvi zərərə görə 40000 manat olmaqla ümumilikdə 110500 manat və 400 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri 1993-cü ildən Ağdam rayon Kəngərli kəndindən məcburi köçkün olaraq Bakı şəhərində müxtəlif ünvanlarda məşkunlaşmışlar. O və ailə üzvləri 2003-cü ilin oktyabr ayında ünvan 2 ünvanında yerləşən X1 məxsus həyətyanı sahəsinin bir hissəsini alaraq həmin sahədə yerləşən köhnə tikilini təmir edib orada yaşamışlar. Bir müddət sonra həmin ünvandan anasının sağlamlığının pisləşməsi səbəbi ilə köçmüşlər. Bir müddət həmin mənzildən qardaşı oğlu istifadə etmişdir. 2016-cı ildən mənzili kirayəyə vermişlər. 2017-ci ilin mart ayında qohumu Cavabdeh və həyat yoldaşı Əliyeva Samirə onlardan sözügedən mənzildə müvəqqəti kirayə yaşamaq üçün icazə istəmişlər və onlar kommunal xərcləri ödəmək şərti ilə bir ay təmənnasız olaraq mənzildə yaşamağa icazə vermişlər. Bir neçə ay sonra yaya aylarında evi boşaltmağı tələb ediblər, lakin cavabdeh və həyat yoldaşı müxtəlif bəhanələrlə evi boşaltmaqdan yayınmışlar. Sonra hər ay 150 manat kirayə haqqı ödəmək barədə razılığa gəlmişlər, lakin cavabdeh bu razılığa əməl etməmiş. Dəfələrlə evi tərk etmələrini tələb etsələr də, evi tərk etməkdən imtina etmişlər. Daha sonra evi qaytarmamaq bəhanələrdən biri o olmuşdur ki, guya cavabdeh Naftalan şəhərindəki evini satıb, onların evini almaq istəyir və o zaman, yəni 2017-ci ildə razılığa gəlmişdirlər ki, 20000 manata satacaqlar. Cavabdeh bu sazişi də pozmuşdur. Bundan sonra iddiaçı polisə və məhkəməyə müraciət etsələr də, heç bir şikayəti təmin olunmamışdır. 2017-ci ildə cavabdehə qohum olduğundan güzəştli şərtlərlə 20000 manata satmağa razılaşmalarına baxmayaraq, evin bugünki bazar qiyməti 60000 manat təşkil edir. Eyni zamanda aylıq 150 manat olmaq şərti ilə kirayə haqqı təyin olunmuş və 2016-cı il tarixdən cavabdeh bu məbləği ödəməli imiş. Hesab edir ki, ailələrinə bunlarla bərabər çox ciddi maddi və mənəvi zərər yetirilmişdir. Odur ki, Cavabdeh evin dəyəri olan 60000 manat, cavabdehin altı il ərzində ödəmədiyi kirayə haqqı 10500 manat, maddi və mənəvi zərərə görə 40000 manat olmaqla ümumilikdə 110500 manat və 400 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Salman oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxsin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 2750/2021 saylı qətnaməsinə əsasən İddiaçı1 Bəkir qızının Cavabdeh qarşı yaşayış evindən çıxarılma tələbinə dair iddisının təmin olunmaması qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9987/2021 saylı qətnaməsinə əsasən İddiaçı1 Bəkir qızının Cavabdeh qarşı yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2750/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən mübahisəli tikili hər hansı qanuni əsaslarla dövlət qeydiyyatına alınmamışdır, özbaşına tikilidir. Həmin tikilidə əvvəllər İddiaçı1, anası və qardaşı İddiaçı2 ilə birlikdə yaşamış, daha sonra İddiaçı1 ailə qurmuş, anası ilə birlikdə başqa ünvana köçmüş, eyni zamanda həmin evdə yaşamış İddiaçı2 də daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Bir müddət sonra İddiaçı2 həmin evi iş üzrə Cavabdeh kirayə vermiş, daha sonra onlar evin alqı-satqısına dair razılığa gəlmişlər. Buna baxmayaraq, aralarında alqı-satqı olmamışdır və cavabdeh uzun müddət evdən çıxmadığına görə İddiaçı1 evdən çıxarma tələbi qoyaraq məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-2750/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9987/2021 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Hazırda isə iddiaçı evinin cavabdeh tərəfindən zəbt edildiyinə görə evin dəyərini və altı il ərzində ödənilməyən kirayə haqqını tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçıların evin dəyəri olan 60000 manat cavabdehə verilməsi hissəsində təmin edilməməlidir, belə ki, mübahisəli tikili hər hansı qanuni əsaslarla dövlət qeydiyyatına alınmamış özbaşına tikilidir. Eyni zamanda iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan tikiliyə artırmalar (mətbəx, hamam otağı və sanitar qovşağı) etdiyinə dair yəni, tikinti üçün lazım olan materialların onun tərəfindən alınması, yaxşılaşdırmaların onun tərəfindən edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə özbaşına tikilinin dəyərinin hazırda 60000 manat olmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. İddia ərizəsində göstərilən məbləğ isə formal mülahizə ilə əsasladırılmışdır. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə, iddia tələbinin cavabdehdən 6 il ərzində ödəmədiyi kirayə haqqının əvəzi olaraq 10500 manatın alınması hissəsinə münasibətdə qeyd edir ki, İddia tələbi həmin hissədə də əsassızdır Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, kirayə müqaviləsinin bağlanması üçün zəruri şərtlər olmalıdır. Cavabdehlə iddiaçı arasında kirayə müqaviləsinin bağlanması üçün qanuni əsaslar da mövcud deyildir. Belə ki, tikili özbaşına olduğundan ona dair heç bir hüquq müəyyən olunmamışdır. Kirayə münasibətlərinin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. Müqavilə olmadığından kirayə haqqı müəyyənləşdirilə bilmir. Belə olan halda iddiaçının tələb etdiyi məbləğ şübhə altına düşür. Göründüyü kimi kirayə münasibətlərinin yaranması üçün qanunvericiliyin tələbinə əməl edilməmiş, yəni tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır. Ona görə də iddiaçının cavabdehdən öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, özbaşına tikiliyə mülkiyyət hüququ əldə edilmir. Belə olan halda iddiaçının həmin tikiliyə dair heç bir subyektiv hüququ yaranmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə edilməsini tələb etmək hüququdur. Ona görə də məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmaması araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə işin Müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və ya İddiaçı2 Salman oğlunun hazırki mülki iş üzrə iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçılar mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Göründüyü kimi iddiaçıların mübahisəli daşınmaz əmlak üzərində əşya hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar iddia qaldırarkən subyektiv hüquqa malik olmadıqlarından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə, iddianın vurulmuş maddi və mənəvi ziyana görə 40000 manat miqdarında pul tələbi hissəsini də əsaslı hesab etmir. Belə ki, iddiaçıların evin dəyəri olan 60000 manat, cavabdehin altı il ərzində ödəmədiyi kirayə haqqı 10500 manat pul tələbinə iddia irəli sürərkən subyektiv hüquqları olmadığından və həmin tələb məhkəmə tərəfindən əsassız hesab edildiyindən, iddiaçıların cavabdehdən maddi və mənəvi ziyan tələb etmək hüququnun yaranmasından söhbət gedə bilməz. Məhkəmə, həmçinin nəzərə alır ki, iddiaçı iddia ərizəsinə və təqdim etdiyi sənədlərə maddi zərərin nədən ibarət olmasına dair heç bir sübut əlavə etməmişdir. Yalnız formal şəkildə maddi zərər məruz qaldığını bildirməklə kifayətlənmişdir. Bu hal isə məhkəməyə yekun nəticəyə gəlməyə imkan vermir. Mənəvi zərərə gəlincə isə mövcud mübahisə ilə bağlı sarsıntı keçirməsini və həmin sarsıntının onun şüurunda mənfi psixi reaksiyanın yaranmasına səbəb olmasını, habelə həmin hüquqa zidd hərəkətlər nəticəsində sağlamlığının pozulmasına səbəb olan iztirab keçirməsini və fiziki əzab çəkməsini, eləcə də həmin halların baş verməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında birbaşa səbəbli əlaqə olmasını inandırıcı dəlillərlə sübuta yetirə bilməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmuşdur. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəm QƏTETDİ: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Salman oğlunun Cavabdeh qarşı evin dəyəri olan 60000 manat, altı il ərzində ödəmədiyi kirayə haqqına görə 10500 manat, maddi və mənəvi zərərə görə 40000 manat olmaqla ümumilikdə 110500 manat pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-574/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-574/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver