Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-583/2021 05.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq bir otaqlı mənzil almaq üçün 20 min (iyirmi min) AZN məbləğinin bazar qiyməti ilə müvafiq kompensasiyanın və 30 AZN dövlət rüsumunun ona verməsi öhdəliyini cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının bacısıdır. Cavabdeh atası X2 razılığı, xəbəri və ərizəsi olmadan “Müvafiq icra hakimiyyəti orqan”nın səlahiyyətlərini həyat keçirən Mingəçevir şəhər “Asan Xidmət”in xüsusi dövlət notariusu X4 ilə razılığa gələrək həmin mənzili qanunsuz yolla onun mülkiyyətinə keçirib şəxsi maraqlarını qanunsuz yolla təmin etmiş, özbaşına və qanunsuz olaraq atasını həmin mənzilə olan qanuni mülkiyyət hüququndan məhrum etmişdir. Atasının da əmlakı sayılan həmin mənzilə qanunsuz yolla mülkiyyət hüququ və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən 4 nəfərin adı olan (əsas kirayəçi-mülkiyyətçi olan atasının, anasının, bacısının və onun) orderi əvəz edən qanunsuz çıxarış əldə etmiş bacısı Cavabdeh qeydiyyatda olduğu həmin mənzil sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Bu işi icraata götürmüş hakim Ələkbər Hüseynov onun hüquqi savadsızlığından və özünün vəzifə səlahiyyətlərindən məharətlə sui-istifadə edib bacısı ilə razılığa gəlmiş, mülkiyyəçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya vermədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iş № 2(051)-1276/2018 saylı 29.06.2018-ci il tarixdə qanunsuz qətnamə çıxartmışdır. Vəzifəli şəxslərin qanunsuz qərarları əsasında atası X2 xəbəri, razılığı və ərizəsi olmadan atasının da mülkiyyəti sayılan 3 otaqlı mənzilə qanunsuz yolla mülkiyyət hüququ əldə etmiş cavabdeh bacısı Cavabdeh həmin mənzili 55 min (əlli beş min) manata satıb şəxsi maraqlarını təmin etdi. Yaşayış sahəsindən istifadə hüququna nə zaman xitam verilməsi haqqında “mülkiyətçi” bacısı ilə onun arasında notariat orqanında bağlanmış heç bir razılaşma olmayıb və yoxdur. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq bir otaqlı mənzil almaq üçün 20 min (iyirmi min) AZN məbləğinin bazar qiyməti ilə müvafiq kompensasiyanın və 30 AZN dövlət rüsumunun ona verməsi öhdəliyini cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçının həmin mənzilə mülkiyyət hüququ yoxdur. İddia tələbi əsassızdır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzillə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları əsasında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya uşaqları ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Buna görə də məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 220-ci maddəsinin və Konstitusiya Məhkəməsinin həmin maddənin şərhində göstərilən tələblərə riayət olunmamışdır. İddianın təmin olunması üçün əsas olan hallar mövcud deyil. Həmin hallar
1. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. 2. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin göstərilən iddia üzrə hər iki hall mövcud deyil. Sadalanan hallara əsasən araşdırma aparılarkən məhkəmədə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyət hüququnu sübut edə bilməmişdir. Belə ki, iddiaçı mülkiyyət hüququnu təsdiq edə biləcək hər hansı bir möhtəbər sənədi məhkəməyə təqdim etməmiş, iddiasını əsaslandırdığı hallara dair heç bir sübut dəlil gətirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq
qət etdi:
İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ələkbər Hüseynov.