Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-588/2025 15.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh: “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY Y Ə N E T D İ: İddiaçı cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-2170/2024 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 18 ildir ki, "Mingəçevir şəhər Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində çalışır və bu müddətdə işi ilə bağlı hər hansı nöqsana yol verməmiş və şəxsi işinə bir dəfə də olsun yazılı xəbərdarlıq belə tikilməmişdir. Kollektivdə mənfi xarakterizə olunan bir hərəkəti olmamışdır. Lakin "Mingəçevir şəhər Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin əvvəllər baş həkimi olmuş və hazırda yeni təyin olunmuş publik hüquqi şəxsin direktoru Ülfət Qurbanov həmin vəzifəyə təyin olunduğu gündən hər gün stress, əsəb yaşadaraq, işinin icrası ilə məşğul olmağına maneə törətməyə davam etmişdir. Hal-hazırda "Mingəçevir şəhər Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsində Doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsində işləyir. Ülfət Qurbanov həmin vəzifəyə gətirildiyi gündən Təşkilatın müxtəlif vəzifəli şəxsləri müavin Fuad müəllim, keçmiş keyfiyyətə nəzarət şöbəsinin müdiri Elvin həkim və təşkilatın İlk həmkarlar təşkilatının sədri Allahverdi Alıyev vasitəsi ilə ona söz göndərərək onunla işləmək istəmədiyini, öz ərizəsi ilə Doğum və ginekologiya şöbəsinin müdiri vəzifəsindən çıxmağını, əks təqdirdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edəcəyini bildirmişdir. Onun xəbəri olmadan dəfələrlə doğuşun əməliyyatla edilməsi ilə bağlı göstəriş olmadan xəstə əməliyyata alınmış, xəstələrin vəziyyətinin pisləşməsi ilə işə müdaxilə etməli olmuş və bundan sonra xəstənin vəziyyətində geri dönüş olmuşdur. Bu barədə tərəfindən X5 həkimin hərəkətləri ilə bağlı rəsmi müraciət olunmuş, lakin onun tapşırığını yerinə yetirdiyi üçün hər hansı tədbir görülməmişdir. Eyni zamanda Ülfət Qurbanov tərəfindən onun rəhbəri olduğu şöbənin xəstələrinə baxış və yoxlama keçirilən zaman şöbənin işi ilə bağlı və xəstələrin vəziyyətinə dair məlumatları tibb bacısından öyrənir və onu qəsdən məsələlərdən uzaq tutaraq qərəzçilik aparır. İş o yerə çatıb ki, Ülfət Qurbanov iş yoldaşlarını danlayır və əsassız tapşırıqlar verir və keçirilən iclaslarda deyir ki, onlar İddiaçı görə çox əziyyət çəkəcəklər. 2024-cü ilin oktyabr ayı ərzində bütün mümkün vasitələrdən istifadə edərək ona qarşı iki dəfə cəhd edən Ülfət Qurbanov xx.xx.2024-cü il tarixdə ona şəxsi işinə tikilməklə yazılı xəbərdarlıq vermişdir. Belə ki, uzun müddət Ülfət Qurbanovun süni olaraq yaratdığı stresslərə görə onda ağrılar yaranmış və xx.xx.2024-cü il tarixdə kəskin mədə ağrıları ilə işə gedən zaman qəbulda çalışan əməkdaşlara özünü pis hiss etdiyi üçün qəbuluna xəstə yazmamaqlarını xahiş etmiş və özünün həkimə ehtiyacı olduğuna görə iş otağında iş yoldaşları ona ilkin müalicə tədbirləri görmüşlər. Həmin vaxt Fidan həkimin qəbuluna vətəndaş gəlmiş və Fidan həkim poliklinikada olduğuna görə başqa həkimin qəbuluna yazılmağını bildirmişdir. Vətəndaş qəbul şöbəsinə qayıtmış və qəbulu dəyişdirərək yenidən onun qəbuluna yazılmışdır. Vətəndaş otağa daxil olduqda özünü pis hiss etdiyini, hazırda da dərman qəbul etdiyini, vətəndaş qəbul edə bilməyəcəyini bildirdi. Bu zaman vətəndaş aqressiv şəkildə onu qəbul etmədiklərini və şikayət edəcəyini bildirdi və səs-küy saldı. Yaranmış vəziyyətlə əlaqədar olaraq vətəndaşın şikayətinə görə qaynar xətt əməkdaşları da yerində vəziyyətlə tanış oldu və gəlib yerində onun vəziyyətini də gördü və məsul şəxslərin hər birinin izahatı alındı. Qeyd olunan faktlar və xəstələnməyi verilmiş izahatlarla və həkim yoldaşlarının bildirdikləri, həmçinin inzibati binada quraşdırılmış video kamera görüntüləri ilə öz təsdiqini tapır. Buna baxmayaraq, Ülfət Qurbanov ona şəxsi işinə tikilməklə yazılı xəbərdarlıq vermişdir. Xəbərdarlıq verilmədən öncəki cəhdi uşağının xəstəliyi ilə bağlı xx.xx.2024-cü il tarixdə 04 və 05 oktyabr tarixlərinə Bakı şəhərinə getmək üçün Ülfət Qurbanova yazılı icazə ərizəsi yazmağına baxmayaraq, icazə ərizəsinə dərkanar verməyərək qeyd olunan tarixlərdə onun guya üzrsüz səbəbdən işə çıxmamağı kimi qiymətləndirərək onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi məsələsinə baxılması üçün qurumun İlk həmkarlar təşkilatının sədrinə müraciət etmiş və Ülfət Qurbanovun müraciəti əsassız hesab edilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə şikayət ünvanladıqdan sonra xx.xx.2024-cü il tarixdə Ülfət Qurbanov onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq “töhmət” intizam tənbehinin görülməsi barədə əmr imzalamışdır. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin göründüyü kimi intizam pozuntusuna yol verdiyi sübuta yetirilmədiyi halda Ülfət Qurbanovun qəbul etdiyi qərar qanunsuz olmuş, 2 ay sonra barəsində intizam tənbehi vermişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsin rəhbərinə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, 04-xx.xx.2024-cü il tarixlərində İddiaçı işdə olmamışdır. xx.xx.2024-cü il tarixdə o, övladının müalicə və müayinəsi üçün Bakı şəhərinə gedəcəyi barədə xəstəxananın direktoru Ü.Qurbanovun adına ərizə təqdim etmiş, lakin direktor həmin tarixlərdə vacib tədbirin olması səbəbilə icazə verilmədiyini bildirmişdir. Doğum şöbəsinin müdiri olan iddiaçı, işçi və işəgötürən arasında qarşılıqlı razılıq əldə olunmamasına baxmayaraq, 04-xx.xx.2024-cü il tarixlərində işdə olmamışdır. Belə ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının elektron poçt ünvanına tabeliyində olduğu TƏBİB tərəfindən xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilovun sədrliyi ilə müşavirə keçiriləcəyi barədə məktub daxil olmuşdur. Bu müşavirədə İxtisaslı Tibbi Xidmətlərin Təşkili Departamentinin rəhbəri, Ana və X3 əməkdaşları və “TƏBİB tabeliyindəki tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpə ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiya”nın üzvləri iştirak etməli idilər. Müəssisə rəhbəri daxil olmaqla, Doğum şöbəsinin müdirinin də müşavirədə iştirakı məktubda göstərilmişdir. Buna baxmayaraq, iddiaçı müəssisə rəhbərinin razılığı olmadan 04-xx.xx.2024-cü il tarixlərində işdə iştirak etməmişdir. Həmin günlərdə onun qeyri-tibb təşkilatının keçirdiyi konfransda iştirak etməsi barədə məlumat daxil olmuşdur. İddiaçının xəstəxanaya təqdim etdiyi “HB Güvən” klinikası tərəfindən verilmiş sənədə əsasən, o, övladının müayinəsi üçün xx.xx.2024-cü il tarixdə saat 9:00-11:00 radələrində klinikada olmuşdur. Hal-hazırda məhkəmə prosesində iddiaçını onun həyat yoldaşı nümayəndə qismində təmsil edir. Belə olduğu halda iddiaçının həyat yoldaşı qeyd edilən tarixdə övladını müayinə üçün də apara bilərdi. Azyaşlının səhhətində təcili və təxirəsalınmaz hal olmadığı və təkrar müayinə olduğu üçün məsul vəzifədə çalışan şəxsin rəhbərliyin icazəsi olmadan, həmçinin həmin tarixdə vacib tədbirin olmasını nəzərə alaraq onun işdən qalması məqsədəuyğun hesab edilmir. Çünki valideynlər öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin xx.xx.2024-cü il tarixdə işdə olmamasının səbəbi barədə heç bir sənəd təqdim olunmamışdır. İntizam xətası törətmiş işçini intizam məsuliyyətinə cəlb etmək işəgötürənin vəzifəsi deyil, hüququdur. Əgər işçi rəhbərliyin tapşırıqlarına əməl etmirsə, müəssisədaxili nizam-intizam qaydalarının pozulmasının qarşısını almaq məqsədilə, işəgötürən onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb edə bilər. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-2170/2024 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, Ginekologiya və Doğum Şöbəsinin müdiri İddiaçı “04” və “05” oktyabr 2024-cü il tarixlərində müdriyyətin razılığı olmadan işə gəlmədiyi üçün töhmət elan edilmişdir. Əsas olaraq Mingəçevir ŞMX.PHŞ-in xx.xx.2024-cü il tarixli aktı qeyd edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş Həmzə adlı yetkinlik yaşına çatmayan və xx.xx.2014-cü il tarixdə doğulmuş Çingiz adlı azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “HB Güvən” klinikası tərəfindən verilmiş müayinə sənədindən görünür ki, iddiaçının oğlu X7 həkim, laboratoriya, rentgen, ultrasəs, EKQ, EXQK, Doppler, KT müayinəsindən keçmişdir. İşdə olan İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixində övladını Bakı şəhərində həkim müayinəsinə aparmaq üçün xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərinə ona icazə verilməsini xahiş etmişdir. xx.xx.2024cü il tarixdə Yevlax RMX-da keçiriləcək tədbirdə iştirakı vacib olduğuna görə icazə verilməmişdir. İş materiallarına əlavə edilmiş PT 281 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin X1 Həkim mama-ginekoloq vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Bu Əmək müqaviləsi 03 Noyabr 2007-ci il tarixindən müddətsiz bağlanmışdır. İş materiallarına Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının elektron poçt ünvanına tabeliyində olduğu TƏBİB tərəfindən xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilovun sədrliyi ilə müşavirə keçiriləcəyi barədə daxil olmuş məktub əlavə edilmişdir. Müəssisə rəhbəri daxil olmaqla, Doğum şöbəsinin müdirinin də müşavirədə iştirakı məktubda göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024cü il tarixdə xəstəxananın ginekologiya doğum şöbəsində işçi heyətinin təsdiq olunmuş qrafik üzrə davamiyyəti yoxlanılmışdır. Yoxlama zamanı doğum ginekologiya şöbəsinin müdiri İddiaçı və yenidoğulmuşların intensiv terapiya bölməsinin tibb bacısı X4 qrafik üzrə iş yerlərində olmadıqları aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024cü il tarixində xəstəxananın ginekologiya doğum şöbəsində işçi heyətinin təsdiq olunmuş qrafik üzrə davamiyyəti yoxlanılmışdır. Yoxlama zamanı doğum ginekologiya şöbəsinin müdiri İddiaçı və yenidoğulmuşların intensiv terapiya bölməsinin tibb bacısı X6 qrafik üzrə iş yerlərində olmadıqları aşkar edilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, 03 Noyabr 2007-ci il tarixdə bağlanmış PT 281 saylı əmək müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin X1 Həkim mama-ginekoloq vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. İddiaçı hazırki iş üzrə cavabdeh olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində Ginekologiya və Doğum Şöbəsinin müdiri vəzifəsində işləyir. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun xx.xx.2024-cü il tarixli 18-1-61/3-1- 2170/2024 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ona “04” və “05” oktyabr 2024-cü il tarixlərində müdriyyətin razılığı olmadan işə gəlmədiyi üçün töhmət elan edilmişdir. Əsas olaraq Mingəçevir ŞMX.PHŞ-in xx.xx.2024-cü il tarixli aktı qeyd edilmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixli ərizə ilə xx.xx.2024-cü il tarixində uşağını Bakı şəhərində həkim müayinəsinə aparmaq üçün xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərinə ona icazə verilməsini xahiş etmiş, lakin xx.xx.2024-cü il tarixdə Yevlax RMX-da keçiriləcək tədbirdə iştirakı vacib olduğuna görə icazə ona verilməmişdir. Bununla belə iddiaçı həmin tarixlərdə işə gəlməmişdir. Ona görə də doğum şöbəsində işçi heyətinin təsdiq olunmuş qrafik üzrə davamiyyəti yoxlanılmasına xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə akt tərtib edilmişdir. İddiaçı isə uşağı X2 həkim, laboratoriya, rentgen, ultrasəs, EKQ, EXQK, Doppler, KT müayinəsindən keçməsinə dair xx.xx.2024-cü il tarixli “HB Güvən” klinikası tərəfindən verilmiş müayinə sənədi təqdim etmişdir. Bununla belə cavabdeh tərəf iddiaçıya xx.xx.2024-cü il tarixli əmrlə töhmət vermişdir. Beləliklə, iddiaçı həmin əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə “töhmət verilməsi haqqında” əmrin verilməsi müddətinin əmək qanunvericiliyinin tələblərinə uyğun olub–olmaması araşdırılmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qənaətə gəlir ki, iddiaçının “04” və “05” oktyabr 2024-cü il tarixlərində müdriyyətin razılığı olmadan işə gəlmədiyi üçün intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187–ci maddəsinin 2–ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru isə “04” və “05” oktyabr 2024-cü il tarixlərində müdriyyətin razılığı olmadan işə gəlmədiyinə görə iddiaçıya töhmət növündə intizam tənbeh tədbirinin verilməsinə dair əmri xx.xx.2024-cü il tarixdə vermişdir. Göründüyü kimi işçi tərəfindən əmək və icra intizamı 04 və 05 oktyabr 2024-cü il tarixlərində pozulduğu halda, intizam tənbehi işçiyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin Məcəllənin 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, intizam tənbehinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçmişdir. Belə ki, işçi tərəfindən əmək və icra intizamı 04 və 05 oktyabr 2024-cü il tarixlərində pozulduğu halda, intizam tənbehi işçiyə xx.xx.2024-cü il tarixdə verilmişdir. Buradan da belə qənaətə gəlmək olar ki, cavabdeh tərəf iddiaçının konstitusion hüququnu pozmuşdur. Bu hal ondan irəli gəlir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malikdir. Cavabdeh tərəf bu hüququndan sui-istifadə etməklə iddiaçıya münasibətdə ədalətli qərar qəbul etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya intizam tənbehi verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu hal isə intizam tənbehi verilməsi barədə işəgötürənin (cavabdehin) əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına əsasən, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun “töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli 18-1-61/3-1-2170/2024 saylı əmri ləğv edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 227 və 233– ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktorunun “Töhmət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 18-1-61/3-1-2170/2024 saylı əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-588/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-588/2025
15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver