Məhkəmə qərarları › İş №2(051)-62/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-62/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-62/2023 09.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 qarşı iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin çıxarılması tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzil ilə özünə məxsus ünvan 3 yerləşən fərdi yaşayış evini dəyişiblər. Halhazırda da həmin bina evində yaşayır. Köçdükdən bir müddət sonra Mingəçevir şəhər Asan Xidmət Mərkəzinə müraciət etdikdə ona məlum olmuşdur ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən 2013-cü il tarixdə 10000 manat, 2015-ci il tarixdə 15000 manat və 2022-ci il tarixdə 23700 manat əvəzində girov qoyulmuşdur. Bu məsələdən xəbər tutandan sonra iddiaçı evin dəyişdirilməsindən imtina etmək qərarına gəlmişdir. 2017-ci il tarixdən tərəflər evi rəsmi qaydada dəyişmək istəsələr də bu girova görə mümkün olmamışdır və hələ də mümkün deyildir. Odur ki, iddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qayıtmaq istəyir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, iddianı qəbul etmədiyini bildirmişdir. Mingəçevir şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)-1729/2022 saylı qərardadı ilə qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina olunmuşdur. Bundan sonra həmin qərardaddan şikayət verilmiş, ancaq Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)- 1401/2022 saylı qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(051)-1729/2022 saylı qərardadı qüvvədə qalmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, müdafiə etdiyi şəxsin həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ tanınaraq, dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlər təmsil etdiyi şəxslə heç bir qohumluq əlaqəsinə malik olmadıqları halda, ona məxsus evdən istifadə edirlər. Halbuki, cavabdehlərlə təmsil etdiyi şəxs arasında heç bir yazılı razılaşma olmamışdır. Onlar yalnız şifahi razılıq əsasında və iddiaçını aldadaraq ona məxsus evi zəbt etmişlər. Hesab edir ki, hazırda həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında təmsil etdiyi şəxsə məxsus olduğundan cavabdehlərin sahibliyi qanunsuzdur. Ona görə də onlar mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və iddiaçının mülkiyyət hüququnu həyata keçirməyə şərait yaradılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və göstərdi ki, qarşılıqlı iddia ərizəsində də göstərdiyi kimi evə 100000 manatdan çox xərc çəkib. İddiaçı ilə razılığa gəliblər və iddiaçı da bunu özü təsdiq edir. Ancaq hazırki vəziyyətdə evdən çıxarılması ilə bağlı iddia qaldırması tamamilə əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı iddianı qəbul etmədi, həmçinin Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehlərin, onların vəkillərinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********57–10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı tam mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Seriya MA ******* seriya nömrəli, **********41–05301-093011 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh1 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2012–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli **********93 saylı sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 2012-ci il, 2013-cü il və 2019-cu il tarixlərdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının tam şəkildə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehlərin isə həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdehlər hazırda da iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etməklə bərabər, sahiblik edirlər. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdehlər arasında ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onların arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onların iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yaşamaq və yaxud özlərinin saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehlərin istifadəsində və sahibliyindədir. Cavabdehlərin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehlərin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehlərə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qey olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, X2 və Cavabdeh3 İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar