Məhkəmə qərarları › İş №2(051)-646/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-646/2023

10.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-646/2023 10.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdehlər: Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Calal qızına qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəçevir şəhəri, 3-cü A.Məmmədov döngəsi, 37A ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin birgə nikah dövründə qazanılmış əmlak olması, həmin əmlaklardan onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs X6 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə Mingəçevir şəhəri, 3-cü A.Məmmədov döngəsi, 37A ünvanında yerləşən fərdi yaşayış evi tikdirmişlər. Həmin evə dair xx.xx.2014-cü il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən təmsil etdiyi şəxslə X6 arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı və X6 həmin fərdi yaşayış evində yaşamışlar. Onlardan başqa heç kim orada yaşamamışdır. Calal İsmayılov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Calal İsmayılovun vərəsəsi kimi 3 uşağı qalmış və onlarda həmin evdən özlərinə düşən payları istəyirlər. Ona görə də qeyd edilən fərdi yaşayış evi və torpaq saahəsində onun payının müəyyən edilməsini istəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və göstərdi ki, X6 onun atası olmuşdur. Atası xx.xx.2008-ci il tarixdə iddiaçı ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Lakin sonradan nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı atası ilə birgə nikahda olan zaman torpaq sahəsi almışlar və həmin torpaq sahəsi üzərində də fərdi yaşayış evi tikdirmişlər. İddiaçı ilə atası arasında olan nikah pozulduqdan bir müddət sonra atası vəfat etmişdir. Hesab edir ki, həmin torpaq sahəsi və fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, həmin əmlaklardan iddiaçının payı müəyyən edilməlidir. Lakin mübahisə edilən torpaq sahəsinin və fərdi yaşayış evinin onun və digər cavabdehlərin də mənafeləri nəzərə alınmaqla ədalətli şəkildə bölünməsini istəyir. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclası zamanı digər Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən, onun məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə cavabdeh iddia ərizəsinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı mərhum atası ilə nikahda olan zaman mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini əldə etsələr də, həmin əmlaklar atasının vəsaiti hesabına alınmış və tikilmişdir. Hesab edir ki, iddiaçının həmin əmlaklardan heç bir payı yoxdur. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********30-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, 3-cü A.Məmmədov döngəsi, 37A ünvanında yerləşən 0.0358 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 42.8 kv.m., yardımçı sahəsi 52.8 kv.m., ümumi sahəsi 95.6 kv.m. olan fərdi yaşayış evi üzərində X2 tam mülkiyyət hüququ xx.xx.2014–cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-2189/2021 saylı qətnaməsindən görünür ki, X5 ilə X6 arasında xx.xx.2088-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 89 saylı nikah qeydi pozulmuşdur. İşdə olan nikah pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X3 arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0059 ha torpaq sahəsini X1. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm akt qeydinin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-116-2023 saylı arayışdan görünür ki, X6 barədə AR Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və xx.xx.1977-ci il tarixdə doğulmuş oğlu Cavabdeh1 Calal oğlu və xx.xx.1978-ci il tarixdə dğulmuş qızı X9 barədə məlumatlar aşkar edilmişdir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarının, həmçinin təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı X6 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birnikahdan uşaqları doğulmamışdır. Tərəflər nikahda olarkən, yəni xx.xx.2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında birgə qaznadıqları vəsait hesabına Mingəçevir şəhəri, 3-cü A.Məmmədov döngəsi, 37A ünvanında yerləşən 0.03858 ha torpaq sahəsini əldə etmişlər. Həmin torpaq sahəsi alınarkən üzərində heç bir tikili olmamışdır. Bundan sonra onlar birgə vəsaitləri hesabına həmin torpaq sahəsi üzərində iki otaqlı, yaşayış sahəsi 42.8 kv.m, yardımçı sahəsi 52.8 kv.m, ümumi sahəsi 95.6 kv.m olan fərdi yaşayış evi tikmişlər. Həmin torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə X2 adına qeydə alınmışdır. İddiaçı və X6 arasında olan nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı və mərhum X6 arasında mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin bölünməsi ilə bağlı iddia tələbi olmamışdır. Hazırda mərhum X2 qanun üzrə birinci növbəli vərəsələri olan cavabdehlər, onun birinci nikahından olan uşaqlarıdır. Ona görə də iddiaçı qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, hazırkı mübahisə əmlakın birgə nikah dövründə əldə edilməsi və həmin əmlakdan payın müəyyən edilməsi ilə bağlı mübahisədir. Mübahisənin düzgün həll edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları tətbiq edilməlidr. Məhkəmə ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün birgə nikah dövründə əldə edilməsi iddia edilən daşınmaz əmlakın ümumi birgə mülkiyyətə aid edilməsi üçün əmlakın əldə olunması tarixinin, ona dair əsas və mənbənin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddia tələbinin əsasını təşkil edən torpaq sahəsi iddiaçı ilə mərhum X2 birgə nikahı dövründə alınmışdır. Həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi də iddiaçı ilə X2 birgə nikahı dövründə əldə etdiklər gəlirlər hesabına inşa edilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə X2 adına qeydə alınmış mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi də onların birgə nikah dövründə qazanılmış vəsaitləri hesabına əldə etdikləri əmlak hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. İşin müəyyən olunmuş hallarından da görünür ki, mərhum X6 mübahisəli torpaq sahəsini əvəzli əqd əsasında əldə edən zaman iddiaçı ilə birgə nikahda olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı və mərhum X6 birgə nikah dövründə qazandıqları vəsait hesabına xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi əsasında Mingəçevir şəhəri, 3-cü A.Məmmədov döngəsi, 37A ünvanında yerləşən 0.0059 ha torpaq sahəsini əldə etmişlər. Mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi birgə mülkiyyət olmuşdur. İddiaçı da X6 ilə bərabər birgə mülkiyyətçi olmasına baxmayaraq, mübahisəli daşınmaz əmlak tam mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İddiaçı və X6 arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra isə X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Hazırda qeyd edilən torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi mərhum X2 adına qeydə alınmışdır. Hazırda mərhum X2 birinci nikahdan olan uşaqları, iş üzrə cavabdehlər qanun üzrə vərəsə kimi mirasdan pay almaq hüquqlarını reallaşdırmaq üçün aidiyyəti üzrə müraciət etmişlər. Belə olan halda iddiaçı payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2–ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ona görə də məhkəmə hesab edir ki, birgə nikah dövründə əldə edilmiş birgə vəsait hesabına alınmış torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən iddiaçının payı ½ hissədə müəyyən edilməlidir. Odur ki, Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, ünvan 2 ünvanda yerləşən 0.0358 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 42.8 kv.m, yardımçı sahəsi 52.8 kv.m, ümumi sahəsi 95.6 kv.m olan fərdi yaşayış evi iddiaçı ilə X2 birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etdikləri əmlak hesab edilməli və həmin torpaq sahəsindən və fərdi yaşayış evindən iddiaçının payı ½ (ikidə bir) hissədə müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 0.0358 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 42.8 kv.m, yardımçı sahəsi 52.8 kv.m, ümumi sahəsi 95.6 kv.m olan fərdi yaşayış evi İddiaçı ilə mərhum X2 birgə nikah dövründə qazanılmış vəsait hesabına əldə etdikləri əmlak hesab edilsin. ünvan 2 ünvanda yerləşən 0.0358 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş iki otaqlı, yaşayış sahəsi 42.8 kv.m., yardımçı sahəsi 52.8 kv.m., ümumi sahəsi 95.6 kv.m. olan fərdi yaşayış evindən İddiaçı payı ½ (ikidə bir) hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar