Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-674/2022 17.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı: İddiaçı nümnayəndəsi və vəkili Vəkil, Cavabdeh: X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpağın istifadəyə qaytarılması və torpaqdan istifadəyə görə maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi torpaqdan istifadəetmə maneələrin aradan qaldırıması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümnayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, iddiaçıya atası X9 şəhəri Boz dağ küçəsi 2-ci döngə, 1 ünvanında .yeləşən 0.10 ha torpaq sahəsi miras qalmışdır. ünvan 1 ünvanında yeləşən 0.10 ha torpaq sahəsinə xx.xx.2020-ci ildə mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsinə arabir gedib baxır. Bu arada qonşuluqda yaşayan Cavabdeh göstərişi ilə adını bilmədiyi şəxslər onun torpağını zəbt edərək hasar çəkməyə başlamışdılar. O, dərhal 102 xidmətinə şikayət etmişdir. Mingəçevir şəhər X14 Bölməsinin əməkdaşları torpaq sahəsinə getmiş və müəyyən etmişlər ki, həqiqətən, onun torpaq sahəsində tikinti işləri aparılır. Daha sonra toplanmış material istintaq Bölməsinə verilmişdir. Bundan sonra bir müddət tikinti işləri dayanmışdır. Sonradan ona məlum olmayan səbəbdən istintaq araşdırmasız yekunlaşmış və təqsirkar şəxslər barəsində cinayət işi başlanmamışdır. Yenidən müəyyən etmişdir ki, cavabdeh tikinti işlərini davam etdirir və təxminən 2 sot torpaq sahəsini zəbt edərək öz hasarı daxilinə almışdır. Onlarda heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Torpağa dair çıxarışın surətini edib məhkəməyə. O, torpaq sahəsini heç kimə satmamış və verməmişdir. Ona görə də məhkəmədən ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində aparılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi torpaqdan istifadəetmə maneələrin aradan qaldırıması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı torpaq sahəsindən çıxartma, torpağın istifadəyə qaytarılması, torpağın istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmışdır. Bildirmək istiyir ki.iddianı qəbul etmir. Qeyd olunan torpaq sahəsində oğlu X11 2013-cti ildən yaşayır. Oğluna torpaq sahəsini etibarnamə vasitəsi ilə mərhum X1 ş. Boz dağ küçəsi 2-ci döngədə 0.04 ha torpaq sahəsi 23000(iyirmi üç min) ABŞ dollara satmışdır. Mərhum əri vasitəsi ilə həmin torpaq sahəsində 1 otaqlı mətbəx və hamam tikilmişdir. (tikintiyə xərclənən məbləğ 15000 manatdır). Tikinti 2013-cü ildə bitmişdir. İddiaçını onlar heç vaxt o ərazidə görməmişlər. İddiaçının qardaşı Fərid 2015-ci ildə onun yaşadığı əraziyə gələrək torpaqı ona satmağı təklif etmişdir. 2021-ci ilin noyabr ayında onu Polis şöbəsinə dəvət edib bildirdilər ki İddiaçı şikayət etmişdir ki.güya onlar onun torpaq sahəsini zəbt edərək orada tikinti işi aparır. Lakin o, polis şöbəsinə heç bir tikinti işi aparmadığını və ümumiyyətlə orada o, yaşamadığını bildirmişdir. Ona məlum oldu ki. iddiaçı 2020-ci ildə atasından qalan miras torpağa dair çıxarış alıb. Lakin çıxarışda hansısa səbəbdən 0.10 sot torpaq sahəsi qeyd edilib. Halbuki Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun xx.xx.1994-cii il tarixli 01 saylı qərarı ilə Tərəvəzçilik sovxozunun ərazisində yaşayan və işləyən vətəndaşların həyatyanı torpaq sahələrinin sənədləşməsi barədə iddiaçının atası X6 0.08 ha həyatyanı torpaq sahəsi verilmişdir. Eyni tarixli qərarla oğlu Torpaq sahəsi aldığı X10 0,32 ha torpaq sahəsi ayrılmışdır. O, iddia tələbini əsassız hesab edir. Məhkəmədən iddianın rədd olunmasını xahiş edir. İşə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı tam, xüsusi mülkiyyətinə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İşə əlavə olunmuş DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, ünvan 4 ünvanında yerləşən mülkiyyətin hüquq subyekti İddiaçıdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 10/2539 nömrəli rəyindən görünür ki, Mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin 0,0139 ha hissəsində cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim başqa məsələlərlə yanaşı tərəflərin hansı hüquqi münasibətdə olmalarını müəyyən edir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı iddia predmeti olan torpaq sahəsinin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisə özgənin sahibliyində olan əmlakın alınması üzrə yaranan mübahisədir. İddianın hüquqi əsaslarından biri olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə X8 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı, DƏDRX-ın 17 saylı Ərazi İdarəsinin texniki pasportu, torpaq sahəsinin planı və ölçüsünü təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2022-ci il tarixli 10/2539 nömrəli rəyindən görünür ki, Mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinin 0,0139 ha hissəsində cavabdeh tərəfindən inşa olunmuş tikilinin sökülməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan iş üzrə, torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsinə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin torpaq sahəsindən istifadə hüququna razılıq verməyə borclu olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarında göstərmişdir ki, «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir: 1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əmlak hüququnun müdafiəsi üçün tədbirlər görməlidir. Odur ki, məhkəmə Akimovanın mənzilindən məcburi köçkünün çıxarılması haqqında məhkəmə qərarının Ağdam şəhəri işğaldan azad edilənədək təxirə salmasını fiziki şəxsin əmlak hüquqlarına, Azərbaycan Respublikasının qanunlarının pozulması ilə həyata keçirilmiş müdaxilə kimi qiymət vermişdir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı məxsus, ünvan 6 ünvanında yerləşən və Cavabdeh tərəfindən zəbt olunmuş 0,10 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, torpaq sahəsində aparılmış tikinti işləri cavabdehin hesabına sökülməli, cavabdeh tərəfindən torpaqdan istifadəyə yarana maneələr aradan qaldırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutub q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı məxsus, ünvan 6 ünvanında yerləşən, və Cavabdeh tərəfindən zəbt olunmuş 0,10 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın, torpaq sahəsində aparılmış tikinti işləri cavabdehin hesabına sökülsün, cavabdeh tərəfindən torpaqdan istifadəyə yaranan maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-674/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-674/2022
17.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver